"Düz yeridiyimə görə töhmət verirdilər" - Hərbi həkimdən qalmaqallı müsahibə - VİDEO

  • 2021.04.27 14:21
  • 6107 Baxış
"Düz yeridiyimə görə töhmət verirdilər" - Hərbi həkimdən qalmaqallı müsahibə -  VİDEO
Müharibə ağrı-acı, itki deməkdir. Həm də doğulub, boya-başa çatdığın, üzərində ayaq açıb yeridiyin Vətən uğrunda savaşdır. Bu savaşda uğurun təntənəsi də var, məğlubiyyətin acısı da. Önəmli olansa xeyirin şər üzərində qələbəsinə inanıb, yorulmadan mübarizə aparmaqdır. Bu mübarizənin sonunda QALİB XALQ kimi tarixə düşmək isə ən böyük xoşbəxtlikdir.

Adına müharibə deyilən mübarizə meydanında yalnız irəli gedənlərin bircə amalı olur – Vətəni qorumaq. Oğullar bu amal uğrunda döyüşür, şəhid, qazi olurlar. Şəhidlər tanrı dərgahına ucalır. Qazilərimiz isə ömrü boyu müharibənin ağrı-acısını özü ilə yaşadır, nəsillərə ötürən şahidə çevrilirlər. Onların varlığı, həyatı uğrunda mübarizə aparanlar isə ağ xalatlı mələklər, əməyi ölçüyəgəlməz həkimlərdir. Hər qaziyə yenidən həyat verən, onun cəmiyyətə inteqrasiyasını təmin edən şəfa sahiblərinin əməyi misli görünməyən qəhrəmanlıqdır.

"Rupor” belə həkimlərdən biri - hərbi həkim polkovnik - leytenant Mahir Əliyevlə həmsöhbət olub. Medicina.az həmin müsahibəni təqdim edir:

Qısa arayış: Mahir Əliyev 1973-cü ildə Zaqatala rayonunda anadan olub. Orta məktəbi Sumqayıtda bitirdikdən sonra, təhsilini 1990-1996-cı illərdə Azərbaycan Tibb Universitetinin İkinci Müalicə Profilaktika fakültəsində davam etdirib. Universiteti ümumi cərrah ixtisası üzrə fərqlənmə diplomu ilə bitirərək, dörd aydan sonra könüllü ərizə ilə hərbi komissarlığa müraciət edib.

2001-ci ildə xidmətinin 5-ci ilində xidmətdəki fərqlənməyə görə Türkiyənin Gülhanə Hərbi Tibb Akademiyasına göndərilən 7 həkimdən biri kimi təhsilini davam etdirməyə yollanıb. 2001-2006-cı illər Türkiyə Respublikası Ankara şəhəri, Gülhanə Tibb Akademiyası, Plastik Rekonstruktiv və Estetik Cərrahiyyə ixtisası üzrə 5 illik təhsilini bitirib uzmanlıq dərəcəsi qazanan Mahir həkimə bu zaman Gülhanadə müalicə alan Ulu öndərlə görüşmək də nəsib olub.

1996-2017 – cı illərdə Silahlı Qüvvələrin müxtəlif hospitallarında, o cümlədən 2006-2017- ci illərdə Silahlı Qüvvələrin Baş Klinik Hospitalında Plastik Rekonstruktiv və Estetik cərrahiyyə bölməsində çalışıb. Plastik cərrah kimi 2018-ci ildən etibarən MediStyle Hospitalda, Plastik Rekonstruktiv və Estetik Cərrah fəaliyyətini davam etdirib.

Mahir Əliyev bir çox konfransların, simpoziumların iştirakçısı olub.

- Başlayaq elə 2006-cı ildən. Təhsilinizi bitirib Azərbaycana qayıtdınız. Niyə döndünüz?

- Ora dövlət xətti ilə getmişdim. Hərbi qulluqçu, baş leytenant idim. Qayıdanda tibb xidmətinin kapitanı kimi döndüm. Müdafiə Nazirliyinin tibb xidmətində N saylı hərbi hospitalda cərrahiyyə bölməsinin baş ordinatoru vəzifəsində çalışırdım. 4 il cəbhə bölgəsində artilleriya briqadasına xidmət etməklə yanaşı, tibb məntəqəsində həkim işləyirdim. 4 ildən sonra Şəmkirdə N saylı hospitalda çalışdım. Bir il burada işlədikdən sonra dövlət xətti ilə Gülhanəyə göndərildim. Müddət bitdikdən sonra döndüm.

- Döndünüz. Hara gəldiniz? Haradan başladınız?

- İxtisas keçdiyim üçün Silahlı Qüvvələrin Baş Klinik Hospitalına təyin olundum. O zaman hospitalın adı Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Hospitalı adlanırdı. 2007-ci ilin yanvar ayından dörd il köhnə korpusda - şüşəsiz, istiliksiz xəstə otaqlarda çətin şəraitdə işləyir, əməliyyatlar edirdik. Dörd ildən sonra yolun qarşı tərəfində yerləşən korpusa köçsək də, başqa bölmənin nəzdində olduq.

- Gülhanədə təhsili görən həkim üçün Bakıdakı hospitaldakı şəraitsizlik necə təsir edirdi?

- Bunu heç vaxt deməmişəm. İllər keçib. Düşünürəm ki, indi demək olar. O zaman həmişə hərbi rəhbərliklə sıxıntılarım olurdu. Vətənpərvər ruhda yetişmişəm. Gülhanədə təhsil alıb gələndən sonra isə bütün ideologiyam da dəyişdi. Söz yox ki, Gülhanəyə qədər də ideologiyamda qüsur yox idi. 1996-ci ildə könüllü olaraq cəbhəyə getməyimin özü daxilimdəki Vətən eşqinin səsi idi. O zaman hərbi çağırışçılara hərbi vəsiqə verilirdi. Hərə bir cürə hərbi xidmətdən yayınmağa çalışırdı. Mən tibb xidmətinə könüllü daxil olmuş tək zabitəm. Həmin illərdə araşdırma aparılsa, bəlkə də orduya keçən ikinci bir həkim tapıla bilməz. Bunlar keçmişdir. İndiki dövrdə ordumuzun vəziyyəti artıq belə deyil. İstər kazarma şəraiti olsun, istər hərbi. Arda-arda bir çox əməliyyatlar etdim. 2008-ci ildə Azərbaycanda ilk dəfə çənə şişinin aminablastoması, tam şəkildə çənənin rezeksiyası - çənənin ortadan tam kəsilib götürülməsi (emimandebektamiya deyilir, - çənənin yarısını kəsib götürürsən) əməliyyatını etdim. Bu əməliyyatda çənənin yarısı kəsib götürülür, ayaqdan incik sümüyündən incik arteriyasi ilə birlikdə çənə şəkillərindirmə əməliyyatı icra olunur. Təxminən 15 saata yaxın əməliyyat idi. Bu Azərbaycan təbabəti tarixində bir ilk idi.

- Beləliklə çətin və uğurlu əməliyyatlar seriyası başladı.

- Onun ardınca bir sıra əməliyyatlar edildi. Mediar plantar fle-rekanstruksiyaları Azərbaycanda bir ilk idi. Cərrahiyyə əməliyyatlarında “mən etdim” demək doğru deyil. Burada komanda işləyir. Bəzən əməliyyat olub ki, mənim Türkiyədən müəllimim gəlib kömək edib. Proffessor Murad Turagün.
Azərbaycanda bu məktəbi yaratmaq vaxtı artıq çoxdan çatıb. Çox yubanır. Bu Azərbaycan səhiyyəsində ən böyük qüsurdur.

- Nə məktəbidir?

- Plastik Cərrahiyə kafedrasının hələ də bugünkü günə kimi yaradılmaması böyük qəbahətdir.

- Təkliflər irəli sürmüsünüzmü?

- Mən hərbi qulluqda olduğum müddətdə bu problemi bir neçə dəfə Silahlı Qüvvələrin Tibb Xidmətinin rəisinin qarşısında qaldırmışam.

- O dövrdə rəhbər kim idi?

- O vaxtı Məcid Məsimov idi. Ondan əvvəl rəhmətlik general Dağlar Abdullayev olub.

- Hazirda kimdir?

- General Elxan Quliyev.

- Niyə Sizin önəmli təklifinizə müsbət reaksiya verilmir?

- Plastik cərrahiyə həyat qurtarıcı sahə deyil. Orqan qurtarmaq həyatı qurtarmaq deyil. Buna baxmayaraq, insanın ən vacib əzalarını bərpa etməkdir. Belədə plastik cərrahiyyə sahəsinə dırnaqarası baxmaq böyük yanlışlıqdır. Konkret amputasiya diaqnozu qoyulmuş bir ayağı amputasiyadan qurtarmaq, bunlar həyat qurtarıcı əməliyyatlardan dəfələrlə çətindir. Heç bir həyat qurtarıcı ümumi cərrahiyyənin əməliyyataı 12-15 çəkmir. Vətən müharibəsi tarixində 30-yaxın əməliyyatım oldu. 30 dənə 12 saatın üstündə əməliyyat 30 gün deməkdir. 5 ay müddətində orada nə qədər işlər görüldü. Nə qədər əli-ayağı amputasiyadan qurtardıq.

O zaman çox dedim ki, mülkidə rekonstruktiv cərrahiyyə kafedrasını yaratmırlar, hərbidə yaradaq. Mən bu ixtisasa yiyələnmişəm. Biliyimi yanımda şöbədə işləyən iki nəfər gəncə - Şamil və Elnarə doktora öyrətdim. Onlar da müharibədə gecə-gündüz işlədilər. Elnarə xanım sözün həqiqi mənasında qəhrəman qadın simvolunu yaratdı. Çox ağır günlər yaşadıq. 64 saatdan cəmi 4 saat yata bilirdim. 60 saat dayanmadan işləyirdik. Beynimdə o qədər gərginlik vardı ki! Əsəbilərim tamam pozulmuşdu, məni iynə ilə yatızdırmaq istəyirdilər, yenə alınmırdı. Bütün fikrim yaralıların yanında qalmışdı.
11 il hərbi həkim kimi çalışdım. Yüzlərlə insanı şikəst olmaqdan qurtarmışam. Bilirsiz, müharibə dövründə elə yaralılar gətirilirdi ki, cərrahlar onların əzalarının kəsilməsindən başqa əlac görmürdülər. Mən isə imkan vemirdim. Yüz faiz kəsilməli olan əli, qolu, ayağı, neçə-neçə əzaları elə vəziyyətə gətirmişik ki, sanki o insanda yaralar olmayıb. Aprel döyüşlərinin iştirakçısı olmuşam. Fəxr edirəm ki, o döyüşlərdə bir əsgər kimi savaşdım.

- Rütbəniz var?

- Polkovnik leytenantam.

- Neçənci ildir daha hərbi həkim deyilsiniz?

- 2017-ci il dekabrından.

- Öz ərizənizlə çıxdınız?

- Bəli, məhkəməyə verib çıxdım.

- Niyə məhkəmə ilə?

- 20 il idi qulluq edirdim, qanunla pensiyaya çıxmalı idim, ama imkan vermirdilər. Ona görə məcburən məhkəməyə verməli oldum. Xidmət etdiyim dövrdə mənə təzyiqlər çox oldu. Mən sizə yalnız, ayaq əməliyyatlarının fotolarını göstərdim. Üz, əl, bədən əməliyyatlarını göstərmədim. Gördüm ki, sadəcə göstərdiyim ayaq əməliyyatlarının fotoları sizdə qeyri-adi təəssürat yaratdı.

- Nəinki qeyri-adi, o fotoların təsirindən çıxmaq olmur. Siz tamam məhv olmuş ayağı, dabanı, budu – insanın bir hissəsini tam bərpa edirsiniz...

- Nə olsun, mükafatım isə illər boyu mənə verilən töhmətlər oldu.

- Səbəb nə idi?

- Qapıdan şapkasız keçdin, töhmət. İşə 5 dəqiqə gecikdin, töhmət. Kim gecikmir işə? Dik yeridin, töhmət. Düz danışdın, töhmət. Sanki varlığım kiminsə xoşuna gəlmirdi. Mən həmişə dik yerimişəm. Bir də ki, bu əməliyyatları edən həkim dik yeriməlidir. Digər tərəfdən 8-9 il cüdo ilə məşğul olmuşam. Özündən razi başqa, özgüvən başqadır. Özümə güvənmişəm. Mən heç vaxt təkəbbürlü insan olmamışam, xaraktercə çox sakit, insanları sevən, onlarla dostluq edən biriyəm, sadəcə rəhbərlik özü məni olanları qəbul edə bilmirdi. Mənə qarşı ən axırıncı hərəkəti etdilər. Hərbi qulluqçuya rəğbətləndirmək üçün həvəsləndirici təltiflər, titullar verilir. Aprel döyüşlərinə də yenə mərkəzi hospitaldan, cəbhə bölgəsinə könüllü gedən həkim oldum. Həkim çatışmırdı. Aprelin 9-na kimi orada oldum. Kifayət qədər əməliyyatlar etdik. Orada cərrahi müdaxilələr - 40-45 dəqiqə müddətində olan əməliyyatlardır. Medal təltifləri olundu. Əfsuslar yenə kənarda qaldım. Mən giley etməyi sevmirəm, görün nə həddə gətiriblər ki, bu barədə danışıram, həm də ilk dəfədir danışıram. 40-a yaxın medal və 3-də dövlət başçısının adına orden təltifləri oldu. O medalları alan zabitlərin 30-35 faizinin nə bir yaralıya barmağı toxunmuşdu, nə də ki, Bakıdan qırağa çıxmışdı. O iclasda mən də var idim. Bir zabit olaraq qüruruma toxundu. Əlbəttə, mən medal üçün yox, Vətən üçün qulluq etmişəm. Sadəcə saymazlığa dözə bilmədim. İclası general aparırdı. Həmin iclasdan yarımçıq çıxıb getdim.

- General kim idi?

- Natiq Əliyev. O, məni “çox sevərdi”. Onun “qurban”larından biri də mən oldum. Yox, qurbanlarından olmaram heç vaxt. Uzağı rütbəmi qaldırmaz, medal təltifinə göndərməz, məharət dərəcəmi kəsdirərdi. Mənim barmaqlarıma və şüuruma, Vətən sevgimə toxuna bilməzdi.

- Həmin vaxt medal almamağınızla bağlı etirazınızı bildirdinizmi?

- Xeyr. Yaza bilməzdim. Adama deyərlər ki, medal üçün döyüşmüsən? Bir daha təkrar edirəm, mən medal üçün döyüşməmişəm. Əsgərin yaralının yanına medal üçün gəlməmişəm. Birincisi vətənə olan sevgim, ikincisi hərbi qulluqçu olmağım missiyamı hər şeydən üstün tutmağıma rəvac verir. Sadəcə mənə ağır gələn odur ki, əli yaralıya dəyməyənə medal verirsən, bu qədər aprel döyüşlərinin ən böyük əməliyyatlarını etmişəm, mənim əməyimi qiymətləndirmirsən.

Azərbaycanda hansı cərrahın 12 saatın üstündə 100-dən çox əməliyyatı var? 2017-ci ilin yanvar ayında məharət dərəcəm kəsildi. Sonuncu usta məharət dərəcəsidir. Mənə heç vaxt usta məharət dərəcəsi verilmədi. Birinci məharət dərəcəsi almışdım. Onu da yanvar ayında kəsdilər. Guya ki, mən turnikdən çəkinə bilməmişəm. Mən turnikdə təkəlli çəkinirəm. Usta məharət dərəcəsinə rapot yazanda cırıb tullayırdılar ki, sən ustaya layiq deyilsən. Mən sual verirəm Tofiq Tağıyev, usta məharət dərəcəsinə kimlər layiq görülür? Bəlkə siz özünüz layiq idiniz? Üç ilin içində baş leytenantlıqdan polkovnikə yüksəlmiş insansansan. Tofiq Tağıyevə “Əməkdar həkim” adı verdilər. “Əməkdar həkim” adı kimə verilir? Azərbaycanın cərrahiyyəsi tarixində bu qədər əmək kim göstərib? Usta məharət dərəcəsi nə deməkdir? O medal-ordenlər kimlərə verilməlidir? Bu müharibədə də ayağını ayağının üstünə aşıran və medal alan nə qədər həkim oldu, amma həqiqətən müharibədə şəhid olan həkimlərə də (müharibədə 9 həkim şəhid verdik) ad verildi. Onların halalıdır. Ancaq ümumilikdə araşdırılsın, görək kimlər nə etmişdi ki, ad aldılar.

- Bildiyim qədəri ilə siz Vətən müharibəsində Gülhanədən gələn türk həmkarlarınızla birlikdə çalışmısınız.

- Bəli. Bu qədər əməliyyatın öhdəsindən tək və ya kiçik komanda ilə gəlmək mümkünsüz idi. Biz türkiyəli həkimləri – Murat Ergün, İsmayıl Şahini dəvət etdik. Bir həftə təmənnasiz əməliyyatlar etdilər. Və bizə 170 min dollarlıq tibbi avadanlıq gətirdilər. Vak cihazları sisternləri ilə birlikdə idi. Bu aparantların bir dənəsi 10 min dollardır. Tibbi avadanlığın daşıma pulunu da mən öz gücüm hesabına ödədim. Düz 5 ay Vətən müharibəsində yaralanan qazilərə həyat verdik. Yüzlərlə əli, ayağı amputasiya olunmaqdan, bir çox oğullarımızı isə korluqdan qurtardıq.

- Məşhur bir əməliyyatınız da olub. Çox ağır yaralanan döyüşçü Rzanın əməliyyatını nəzərdə tuturam. Bu barədə onun atası bizə danışıb.

- Onun üz skeleti tamam dağılsa da, beyni sağlam idi. Üzü param-parça olmuşdu. Rzanın 14 saatlıq əməliyyatdan xəbəri olmadı. Uşağın sanki ölüsünü gətirmişdilər. O xəstə olduğu zaman mən onun yanına hospitala gedib, vəziyyəti ilə maraqlanmışdım. Sonra isə əməliyyatını etdim. Onun üzünə elə bil kvalt dəymişdi. Param-parça olmuşdu. Üz nahiyyəsi yenidən yığılıb. Noyabrın 3-ü ad günü idi. İşçilərdən birinə tapşırdım ki, get, bir dənə tort al. Hospitalda təbrik etdik. 3-5 dəqiqəlik bir videomuz da oldu, paylaşdıq... Bunu haqq etmişdik. Çünki, Rzanı həyata qaytarmışdıq. Rzanın digər nahiyəsində də çox ciddi yara var idi. Onu Elnarə həkim mükəmməl şəkildə bərpa etdi.

- Eşitdiyimizə görə, həyata qaytardığınız insanlarla, xüsusən əsgərlərlə sonra da dost olursunuz.

- Düz eşitmisniz. Onlar mənim əzizlərimdir. Hər gün telefonla danışırıq, görüşürük, futbol, voleybol oynayırıq. Mən onları daim nəzarətdə saxlayıram. Düşüncəm budur, onlar mənim xəstələrim deyil, ölkəmizin layiqli vətəndaşlarıdır. Onları sağlam yaşatmaq biz həkimlərin borcudur. Hər bir fərd məmləkətin incisidir. İnsandan qiymətli heç nə yoxdur, deməli insanı da ən yüksək səviyyədə qoruyacağıq.

- Hazırda harada çalışırsınız?

“Funda klinikası”nda Plastik Rekonstruktiv və Estetik Cərrah kimi fəaliyyətimi davam etdirirəm.