Bu həkimlər cərimələnə bilər-10.000 manatadək

  • 01 Okt 2019 11:28
  • 39680 Baxış
Bu həkimlər cərimələnə bilər- 10.000 manatadək
Son dövrlər mətbuata ana ölümləri ilə bağlı sızan məlumatlar onu təsdiqləyir ki, bu gün qeyseriyyə kəsiyi əməliyyatına üz tutan qadınların sayı heç də az deyil. Qəribədir ki, təxminən 10 il öncəyə qədər qeyseriyyənin adı gələndə qadınlarda müəyyən bir vahimə yaranırdısa, indi onlar öz istəyi ilə bu əməliyyata icazə verirlər. Maraqlıdır, qadınlar niyə təbii doğuşu yox, qeysəriyyəni seçirlər? Həkim göstərişi oldu-olmadı belə qadını niyə əməliyyata alır?


Medicina.az Tibb üzrə ekspert, həkim Adil Qeybullanın redaktor.az-a açıqlamasını təqdim edir.


Təbii doğuş zamanı ana ölümlərinin sayı daha çoxdur: "Bu, səhiyyənin əsas problemidir. Əksər qadınlarda əvvəlcə müayinə olunmadan, planlaşdırmadan hamiləlik baş tutur. Əsasən, böyrəklərdə, qanda bəzi problemlər, talassemiya risk faktorları olur. Bu cür adamların hamilə qalması üçün əvvəlcədən müayinə, məsləhətlər lazımdır.Təcrübə göstərir ki, bu gün normal gedişə malik olan hamiləlik azdır. Hamiləlik zamanı dölyanı suyun bulanmasından tutmuş müxtəlif patalogiyaların şahidi oluruq".

A. Qeybullanın sözlərinə görə, hamilə qadının məsuliyyətsizliyindən başqa qeysəriyyə əməliyyatı zamanı həkim səhvlərinin də ayrıca yeri var: "Əməliyyat zamanı və ya doğuş prosesində həkim müəyyən səhvlər buraxır. Məsələn, qadında urogenital infeksiya olub, bu infeksiya doğuş zamanı zahılıq xəstəliyinə, infeksiyasına yol aça bilib. Yaxşı olardı ki, hər bir ölüm araşdırılsın, ümumiləşib rəy verilsin ki, ən çox ölüm faktlarına səbəb olan amillərlə bağlı tədbirlər görülsün. Dünyanın hər yerində olduğu kimi bizdə də qadınların hamiləliyinin monitorinqi aparılmalıdır. Bunun üçün ilk növbədə, icbari tibbi sığorta lazımdır. İcbari tibbi sığortanın olmaması da bu problemlərə yol açır".

Tibbi ekspert "Hansı rayonda ana ölümünün sayı çoxdur?" sualına da aydınlıq gətirib: "Rayon nə qədər böyükdüsə, bu hadisələrin baş verməsi o qədər də çoxdur. Hansı rayonda əhali sıxdırsa, həmin rayonda baş vermə ehtimalı da yüksəkdir". Ekspert qeyd edib ki, istənilən halda həkimin qeysəriyyə yolu ilə doğuşa xüsusi göstəriciləri olmalıdır: "Xəstəlik tarixçəsində də bunlar əsaslandırılır. Çanağın dar olması, sargı gəlişinin olması, təbii doğuşun baş tutmaması və s. amillər var, bunlar əsaslandırılır. Yalnız xəstənin arzusu ilə qeysəriyyəni həyata keçirmək düzgün deyil, əks göstərişdir. Bu gün təəssüf olsun ki, göstəriş olmadan xəstəni qeyser edən həkimlər var. Amma bu tendensiya əksər halda xəstənin öz israrı ilə baş tutur".


A. Qeybulla qeyd edib ki, bu cür halların baş verməməsi üçün maarifləndirmə işləri aparılmalı, o cümlədən həkimlərin üzərində nəzarəti gücləndirmək lazımdır: "Xəstələrin xəstəlik tarixçələrinin yoxlanışı normal qaydada aparılmalıdır. Doğuş prosesinin böyük payı özəl sektora düşür. Özəl sektora nəzarət güclənməlidir. Televiziyada mənasız şou verilişlərindən və həkim reklamlarından başqa əhaliyə bu cür maarifləndirici məsələlərdən, onlara təbii doğuşun üstünlükləri barəsində danışmaq lazımdır".

Səhiyyə Nazirliyinin baş mama-ginekoloqu, Respublika Perinatal Mərkəzinin direktoru Sevinc Məmmədova  açıqlamasında  deyib ki, Nazirlər kabineti tərəfindən təsdiqlənmiş əsasnamə görə, qeysəriyyə əməliyyatı göstəriş olduğu təqdirdə baş tutur, burada qadının arzusu əhəmiyyət daşımır: "37 nömrəli maddədə bənd var ki, əsassız qeyser əməliyyatı edən şəxslərə böyük bir cərimə, hətta cinayət məcəlləsi ilə iş düşür. Eyni zamanda, bu cərimələr 7 min manatdan 10 min manata qədər olduğundan qeysəriyyə kəsiyini əsassız etmirlər. Dövlət müəssisələrində bunu diqqətlə yoxlayırlar. Son 5 ildə qeysəriyyə əməliyyatı 25-27 faiz təşkil edir".

Həkim qeysəriyyə əməliyyatının sayında artımın olmasını bu cür əsaslandırıb: "Artım var, o da təkrar çapıqların hesabına. İkinci bir tərəfdən 2004-cü ildən başlayaraq, süni mayalanma geniş yer aldığı üçün bu yolla baş tutan hamiləlik birbaşa qeysəriyyə kəsiyinə göstərişdir. Uzun müddətlik sonsuzluq və uşağın sağlam doğulması amili çox vacibdir. Üçüncü səbəb ekstragenital patalogiyalardır. Yəni, elə xəstəliklər var ki, ürək qüsurları, vərəm, qan xəstəlikləri orada doğuş əks göstərişdir. Bu səbəbdən həmin qadınlar əməliyyat olunur. Bu illər ərzində dövlət müəssisələrində göstərişsiz əməliyyat olunmayıb".

S.Məmmədova onu da əlavə edib ki,özəl klinikaların statistikası qapalıdır: "Onlar haqqında bizim xəbərimiz yoxdur. Hesab edirəm ki, özəl klinikları yoxlasalar və o faktlar araşdırılıb sübut olunsa, onları böyük cəza gözləyir".

"Qeysəriyyə zamanı və ya əməliyyatdan sonra nə qədər ana ölümü baş verir?" sualına, Səhiyyə Nazirliyinin cavabı maraqlı olub: "Ana ölümləri ilə bağlı ümumi statiskanı aparırıq. Onların neçəsi təbii doğuş zamanı, neçəsi qeysəriyyə əməliyyatı zamanı baş verib, bu formada statistika aparılmır".

Bildirək ki, yaxın günlərdə Səhiyyə Nazirliyi ana ölümləri ilə bağlı konkret statistika açıqlayıb. Bildirilib ki, bu ilin 9 ayı ərzində 100-110 min doğuş zamanı 17 ana ölümü qeydə alınıb. 2017-2018-ci illərdə doğuşun 26-27%-ni isə qeysəriyyə kəsiyi əməliyyatı təşkil edib.