Çin virusu dünyaya yaydı, özü isə... - Azərbaycanlı professor

  • 2020.11.27 17:58
  • 4784 Baxış
Çin virusu dünyaya yaydı, özü isə... -  Azərbaycanlı professor

“Mövsümi xəstəliklərin olması koronavirusla bağlı vəziyyəti çətinləşdirir, bütün faktlar göz qabağındadır. Təbii ki, əvvəlki vəziyyətdən fərqli olaraq virusun yayılma tempi indi daha yüksəkdir”.

Medicina.az xəbər verir ki, bunu publikaya açıqlamasında tanınmış pulmonoloq, professor, Azərbaycan Tibb Universitetinin Pulmonologiya kafedrasının müdiri Əlizamin Sadıqov deyib. Professor bildirib ki, virusun yayılma tempi yüksək olsa da, ölümcüllüyü barədə kəskin fərqlər nəzərə çarpmır:

Ekspertin sözlərinə görə, karantin qaydalarının sərtləşdirilməsinə ehtiyac yoxdur:

“Cəmiyyətimizin bundan fayda görəcəyini düşünmürəm. SMS icazə sisteminə keçmək və ya daha sərt tədbirlər dünyanın heç bir yerində özünü doğrultmadı. Ən yaxşı halda xəstəliyin qarşısını almağa yönələn tədbirləri addım-addım izləməliyik. Maskanı daim taxmalıyıq, bu, artıq bizim həyat tərzimiz üçün geyim qədər vacib komponent olmalıdır, eyni zamanda əl gigiyenasına əməl etməli, sıx insan toplaşan yerlərə getməməli və məsafəni gözləməliyik.


Əgər bütün bunları həyata keçirsək, özümüzü xəstəlikdən müəyyən qədər qorumuş olarıq. Buna misal olaraq Çin Xalq Respublikasını çəkə bilərəm, infeksiyanı bilə-bilə bütün dünyaya yaydılar, bunu sübut edən araşdırmalar var. Bu, onlarda ekzotikadır... Bu gün koronavirus yoluxması Çində demək olar ki, yoxdur, səbəbi ciddi sanitariya qaydalarıdır. Görülən tədbirlər yoluxmanı cəmiyyətdə tamam minimallaşdırdı. Nəticə etibarı ilə ciddi karantin qaydalarına əməl etməklə ölkəmizdə də virusun yayılmasının qarşısını almaq mümkündür.

Ümid edək ki, yaxın zamanlarda vaksinin tətbiqinə başlanılacaq. İlin sonuna doğru hardasa 550 milyon vaksinin istehsal edilməsi gözlənilir. Amerika və Almaniyadan gələn mükəmməl vaksinlərin effektivliyinin 90-95 faiz arasında olduğu bildirilir. İnsanların COVID-19-a qarşı vaksinasiyası cəmiyyətə ən yaxşı hədiyyə olacaq. Vaksinasiya da öz növbəsində birdən-birə deyil, xəstələnmə hallarını tədricən azaldacaq. Müəyyən risk qruplarında da ölüm hallarının kəskin azalmasına və xəstəlik üzərində qələbəyə bizi şanslı edəcək”.