Çirkli hava antibiotiklərin təsirini öldürür

  • 2023.08.11 15:13
  • 1286 Baxış
Çirkli hava antibiotiklərin təsirini öldürür
Dünyanın bir çox yerində havanın çirklilik problemi aktual məsələ olaraq qalır. Avtomobillərin sayının artması, dünya miqyasında çirklilik faizinin yüksəlməsi bu problemin başlıca səbəblərindən hesab olunur. Tədqiqatçılar havanın çirklənməsinin insan orqanizminə olan fəsadları barədə araşdırma aparıblar.


“Medicina” xəbər verir ki, 100-dən çox ölkədən alınan məlumatlardan istifadə edən qlobal bir araşdırma, havanın çirklənməsinin insanın antibiotiklərə qarşı müqavimətini artırdığını göstərib.


Təxminən 20 ildir aparılan bu araşdırma, insanlardakı antibiotik müqavimətinin artmasının hər ölkədə və hər qitədə hava çirkliliyinin artması ilə əlaqəli olduğu qənaətinə gəldi.


Araşdırmaya imza atan çinli və ingilis tədqiqatçıların sözlərinə görə, aparılan analizlərin nəticəsi artan hava çirkliliyinin antibiotik müqaviməti riskini artırdığına dair güclü dəlillər ortaya qoyub. Tədqiqata əsasən, PM2.5 adlanan qatı maddələrin antibiotik müqavimətinə səbəb olan bakteriya və müqavimət genlərini daşımasının və onların insanlar tərəfindən birbaşa tənəffüslə udulması ilə əlaqəli olduğunu aşkarlayıb.

Antibiotiklərə qarşı müqavimət qlobal sağlamlığı təhdid edən problemlərdən biri hesab olunur. Bu müqavimət hər bir ölkədən və hər yaşdan insanlara təsir edə bilər.

Təxminlərə görə, ildə 1.3 milyon insan bu problemdən təsirlənir. Tədqiqatçılar hesab edirlər ki, 2050-ci ilə qədər bu rəqəm ildə 840 min nəfər arta bilər. Hava çirkliliyi antibiotiklərə qarşı müqavimət yaratmaqla yanaşı orqanizmdə bir çox başqa xəstəliklərə də yol aça bilər. Belə ki, onun uzunmüddətli təsirlərinə ürək xəstəliyi, astma, ağciyər xərçəngi kimi xroniki xəstəliklər daxildir.


Antibiotik müqavimətinin ən əsas səbəbi onların həddindən artıq sui-istifadəsidir.
Son araşdırmalar hava çirkliliyinin antibiotiklərə qarşı müqavimətdə əsaslı rol oynadığını göstərsə də, antibiotik müqavimətinin əsas səbəbinin antibiotiklərin həddindən artıq və düzgün istifadə edilməməsi olduğu da danılmaz faktlardan biridir.

Xanım