Duzdan çox istifadə edənlərdə bu xəstəliklər yaranır - MÜSAHİBƏ

  • 2024.03.12 18:07
  • 3177 Baxış
Duzdan çox istifadə edənlərdə bu xəstəliklər yaranır -  MÜSAHİBƏ
Ümumdünya Səhiyyə Təşkilatı gündəlik duz istehlakını 5 qramla (təxminən bir çay qaşığı) məhdudlaşdırmağı məsləhət görür.

Medicina.az xəbər verir ki, ancaq statistikalar bu gün dünyanın bir çox ölkəsində duzdan həddən artıq istifadə edildiyini göstərir.

Daxili xəstəliklər üzrə uzman Prof. Dr. Osman Erk bunun səbəbinin işlənmiş, hazır qidalar olduğunu bildirir:

“Hazır və qablaşdırılmış qidaların istehlakı artdıqca duz qəbulu da artır. Bu vəziyyət xroniki xəstəliklərə tutulmaq riskini çoxaldır”.

Həddindən artıq duz istehlakının sağlamlığa hər baxımdan mənfi təsir etdiyini ifadə edən Prof. Dr. Osman Erk bu vərdişin təhlükəli nəticələrini və duzu azaltmağın yollarını izah edib:

- Ən çox hansı qidalarda duz var?

- Emal edilmiş qidalar bol miqdarda duz ehtiva edir. Duz istifadəsi dedikdə evdə qidalara əlavə etdiyimiz duzdan söhbət getdiyini zənn edənlər çox olur. Ancaq əsas duz mənbələri başqadır. Hamının marketlərdən aldığı çörək, konserv, bulyon, pendir, hazır ayran, pomidor şirəsi, souslar, emal olunmuş ət məhsulları, qovrulub duzlanmış çərəzlər, cips, qazlı içkilər və restoran yeməkləri həddən artıq duz ehtiva edir. “Fast food”lar da duzla zəngindir. Belə qidalardan çox istifadə edənlər fərqində olmadan bədənini duzla yükləmiş olur.

Duz hansı xəstəliklərə səbəb olur?

- Həddindən artıq duz istehlakı hipertoniya, böyrək çatışmazlığı, piylənmə, oynaq ağrıları, ürək çatışmazlığı, insult, mədə xərçəngi, osteoporoz, dağınıq skleroz və katarakta kimi xəstəliklərə səbəb olur.

Bir çox tədqiqatlar göstərib ki, mədə və böyrək xərçəngi ilə həddindən artıq duz istehlakı arasında əlaqə var. Duz istehlakı mədə xərçənglərində, xüsusilə “Helicobacter Pylori”nin (mədə mikrobu) səbəb olduğu xərçənglərdə mühüm rol oynayır.

Həddindən artıq duz istehlakı osteoporozun əsas səbəblərindən biridir. İstehlak edilən duz miqdarı ilə piylənmə arasında da paralel əlaqə var.

Gündə 10 qramdan çox duz qəbul edən insanlar, az istehlak edənlərə nisbətən daha çox kilolu olurlar. Həddindən artıq duz istehlak edildikdə, bədən mayeni saxlayır və bədəndə ödəm yığılır. Bu da oynaq ağrılarına və şişkinliyə səbəb olur.

Xüsusilə də körpəlik və uşaqlıq dövründə duzun məhdudlaşdırılması yetkinlik dövründə hipertoniya riskini azaldır. Buna görə də duz istehlakını gündəlik 5-6 qrama endirməklə milyonlarla insanın həyatını xilas etmək mümkündür.

Faydalı duz varmı?

- Duzun növündən asılı olmayaraq, tərkibindəki natriumun miqdarı hardasa eynidir. Tərkibindəki minerallara görə bir duzu digərindən üstün hesab etmək doğru deyil. Qaya və Himalay duzları çox az mineral ehtiva edir. Duzlar mineral qaynağı olaraq seçiləcək bir qida deyil.

Duzsuz həyat mümkün deyil, lakin təbii qidalar bədənimizi ehtiyacımız olan natriumla gündəlik olaraq təmin edə bilərlər.

Bu gün Braziliyada yaşayan Yanomami qəbiləsinin üzvləri gündə 100 mq-dan az duz istehlak edirlər, onların qan təzyiqi 100/60 mmHg civarındadır və bu cəmiyyətdə hipertoniya müşahidə edilmir”.

- Duz istehlakını necə azaltmaq olar?

- Hazır və qablaşdırılmış qida istehlakını minimuma endirməyə çalışmalıyıq. Bu məhsulları alarkən etiketlərindəki natrium səviyyəsini yoxlamalıyıq. Yeməklərimizə duz yerinə istiot, nanə, kəklikotu kimi ədviyyatlarla dad verməli, yeməyi dadmadan duz əlavə etməməli, zeytun, pendir kimi qidaları suda saxlamalı və ya duzsuz variantı seçməliyik.


Aysel