Hansı yaşda neçə saat yatmaq lazımdır?

  • 2024.04.01 14:00
  • 477 Baxış
Hansı yaşda neçə saat yatmaq lazımdır?
Dünyada tez-tez rast gəlinən xəstəliklərdən olan yuxu apnesi və yuxusuzluq insanın həyatına mənfi təsir göstərir. Həkimlər isə sağlam həyatın əsasını təşkil edən yuxu müddətinin və keyfiyyətinin əhəmiyyətinə diqqət çəkirlər.

Medicina.az xəbər verir ki, ABŞ Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzlərinin (CDC) məlumatına görə, 0-3 aylıq körpələrin gündə 14-17 saat, 4-12 aylıq körpələrin 12-16 saat, 1-2 yaşlı uşaqların 11-14 saat, 3-5 yaşlıların isə 10-13 saat yatması məsləhət görülür.

Tövsiyə olunan gündəlik yuxu vaxtları 6-12 yaş üçün 9-12 saat, 13-18 yaş üçün 8-10 saat, 18 yaşdan yuxarı böyüklər üçün isə hər gecə ən az 7 saat olaraq müəyyən edilir.

“Healthline” saytındakı məlumatlara görə, hər 3 nəfərdən birində yuxusuzluq əlamətləri var.

Bu xəstəliyin simptomları dünyada 65 yaşdan yuxarı insanların 75 faizində və yeniyetməlikdən öncəki dövrdə olan uşaqların 20 faizində müşahidə olunur.

Hər 10 nəfərdən 1-i xroniki yuxusuzluqdan əziyyət çəkir. Xroniki yuxusuzluq nəticəsində ürək-damar funksiyaları pozula bilər. Bu, yüksək qan təzyiqi, iltihab və stressə, eləcə də metabolik dəyişikliklərə və çəki artımına səbəb ola bilər.

ABŞ Səhiyyə və Sosial Xidmətlər Departamentinin Milli Sağlamlıq İnstitutunun (NIH) nəşr etdiyi araşdırmaya görə, elm adamları dünyada 30-69 yaş arasında olan təxminən 1 milyard yetkinin obstruktiv yuxu apnesindən əziyyət çəkə biləcəyini təxmin edirlər.

Dünyada ən çox rast gəlinən, lakin əsasən diaqnoz qoyulmayan yuxu pozğunluqlarından biri olan yuxu apnesi, yatarkən nəfəs ala bilməmək, yuxuda boğulmaq hissi kimi əlamətlərlə üzə çıxır. Yuxu apnesinin simptomları arasında yüksək səslə xoruldama, nəfəs darlığı ilə qəfil oyanma, quru ağız və ya boğaz ağrısı ilə oyanma və səhər müşahidə olunan baş ağrıları da var. Müalicə edilməzsə, yuxu apnesi yüksək qan təzyiqi, ürək problemləri, 2-ci tip diabet və gündüz yorğunluğu kimi sağlamlıq problemlərinə səbəb ola bilər. Bu xəstəlik arıqlamaq, yuxu pozasını dəyişdirmək və nəfəs almağı asanlaşdıran cihazlardan istifadə etməklə müalicə edilə bilər. Bəzi hallarda nəfəs almağı asanlaşdırmaq üçün cərrahi əməliyyatlar da tələb olunur.

ABŞ-ın Çikaqo Tibb Universitetindən Dr. Fillip Losavio ABŞ-da 50-60 milyon insanda yuxu apnesi olduğunu təxmin edir, lakin yalnız 6-7 milyon insana bu diaqnoz qoyulub. O, yuxu apnesinə diaqnoz qoyulmamasının səbəbini xəstələrin "laboratoriyalardakı maşınlara bağlanacaqlarını" düşündükləri üçün müalicə almaqdan qorxmaları ilə əlaqələndirib.

Həkimlər yuxu rejiminin qorunmasının vacibliyini vurğulayırlar. Onlar yuxudan əvvəl kofein və nikotin istifadəsindən çəkinməyin, nizamlı məşq etməyin, ekran vaxtını azaltmağın və gündüz yuxusundan yayınmağın bunda təsirli ola biləcəyini düşünürlər.

Çikaqo Tibb Universitetinin internet saytındakı məlumatlara görə, təxminən hər 3 yetkin insandan biri gündə tövsiyə olunan 7 saatdan az yatır. İnsanın gündəlik yuxu müddətində 1 saatlıq dəyişiklik belə ürək sağlamlığına təsir edə bilər. Yuxu vaxtını 1 saat qısaltmaq infarkt riskinin artmasına səbəb olur.


Aysel