Marketdə bir çox insan qəhvəyi yumurtaların ağ yumurtalardan daha keyfiyyətli olduğunu düşünsə də, mütəxəssislər bunun doğru olmadığını bildirirlər.
Medicina.az xəbər verir ki, yumurtanın qabığının rəngi yalnız onu yumurtlayan toyuğun cinsindən asılıdır və qida dəyərinə təsir etmir.
Ağ toyuqlar adətən ağ, qəhvəyi toyuqlar isə qəhvəyi qabıqlı yumurta yumurtlayır.
Qidalanma baxımından ağ və qəhvəyi yumurtalar arasında demək olar ki, heç bir fərq yoxdur. Hər ikisi oxşar miqdarda zülal, yağ, vitamin və minerallar ehtiva edir. Tərkibdəki cüzi fərqlər isə əsasən toyuğun yemi və yaşından qaynaqlanır.
Mütəxəssislər bildirirlər ki, yumurta seçərkən qabığın rənginə deyil, istehsal tarixinə, saxlanma şəraitinə və qabığın üzərindəki istehsal koduna diqqət yetirmək daha vacibdir. Bu göstəricilər məhsulun keyfiyyəti haqqında daha etibarlı məlumat verir.
Xanım,
Medicina.az