Hazırkı peyvəndlər virusun yayılmasının qarşısını ala bilmir. - Başqa peyvənd lazımdır

  • 2021.11.18 16:11
  • 1715 Baxış
Hazırkı peyvəndlər virusun yayılmasının qarşısını ala bilmir.  - Başqa peyvənd lazımdır

La Jolla İmmunologiya İnstitutunun alimi Şeyn Krotti “Reuters”ə verdiyi açıqlamada bildirib ki, “delta” variantı sürətlə yoluxdurmağa davam edir. O qeyd edib ki, bu varianta yoluxmuş insanlar burunlarında əvvəlki versiyalara yoluxmuşlardan 1200 dəfə çox virus daşıyır. Peyvənd olunanlarda bu nisbət azalır.

Medicina.az xəbər verir ki, həkim ilk dəfə 2020-ci ilin dekabrında Hindistanda ortaya çıxan və qısa müddət ərzində bütün dünyada dominant virusa çevrilən “delta” variantının həm daha sürətli yayıldığını, həm də xəstəliyin daha ağır keçməsinə səbəb olduğunu xatırladıb.

Məqalədə bildirilib ki, alimlər hazırda “delta” variantının təkamülünü yaxından izləyir:

“Hazırda istifadə edilən peyvəndlər ölümün qarşısını alsa da, xəstəliyin yayılmasının qarşısını ala bilmir. Virus hələ də burunda çoxalmaqda davam edir, hətta peyvənd olunmuş insanlar da xırda hava damcıları vasitəsilə xəstəliyi ötürə bilirlər”.

Mayo Klinikasının peyvəndin inkişafı üzrə mütəxəssisi Qriqori Polandın “Reuters”ə verdiyi məlumata görə, koronavirusu tamamilə məhv etmək üçün xəstəliyin ötürülməsinin qarşısını alan peyvənd hazırlamaq lazımdır:

“O vaxta qədər dünya virusa qarşı həssas olacaq”.

ABŞ Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzlərinin məlumatına görə, “delta” variantı əvvəlki versiyalarla müqayisədə 2 və ya 3 gün ərzində simptomlar yaradır, ona görə də orqanizmin xəstəliklə mübarizəyə daha az vaxtı olur.

Ümumdünya Səhiyyə Təşkilatı isə qeyd edib ki, xəstələrin 99,5 faizi “delta” variantına yoluxub, “qamma”, “lambda” və “mu” variantları da yaxından izlənilir. /publika.az/