Pirallahı Sənaye Parkında illik 60 milyon qutu dərman istehsal edə biləcək müəssisənin fəaliyyətə başlaması Azərbaycanda dərman təminatında idxaldan asılılığın azaldılması məqsədi daşıyır.
Medicina.az xəbər verir ki, iqtisadçı-ekspert Günay Hüseynova “Bakupost”a bildirib ki, yerli istehsalın olması dərman təminatında idxaldan asılılığın tamamilə aradan qalxacağı anlamına gəlmir. Onun sözlərinə görə, burada əsas məsələlərdən biri məhsulun keyfiyyəti və qiymətidir. Lakin qiymət faktorundan əvvəl dərmanın keyfiyyəti və xəstə üçün effektivliyi daha vacibdir.
Müəssisədə kardiologiya, nevrologiya, urologiya, diabetologiya, qastroenterologiya üzrə preparatlar, ağrıkəsicilər və antibiotiklərin istehsalı nəzərdə tutulur. Növbəti 5 il ərzində 500-dən çox preparatın lokallaşdırılması da planlaşdırılır.
Ekspert hesab edir ki, yerli istehsalın artırılmasında əhali tərəfindən daha çox istifadə olunan və alıcılıq qabiliyyəti yüksək olan dərman preparatlarına üstünlük verilə bilər. Onun fikrincə, istehsal olunan dərman həm qiymət, həm də keyfiyyət baxımından alıcı üçün uyğun olmalıdır.
Günay Hüseynova yerli dərman istehsalçılarının xarici məhsullarla rəqabəti məsələsinə də toxunub. O bildirib ki, yerli istehsalçını qorumaq məqsədilə idxala qadağa və ya limit tətbiq edilməsi kimi müdaxilələr rəqabətə təsir göstərə bilər. Lakin əsas qərarı istehlakçı verir.
“Preparat həkim resepti ilə alınır. Əgər keyfiyyət xəstəni məmnun etmir və onun vəziyyətinin yaxşılaşmasına təsir göstərmirsə, istehlakçı alternativ olaraq idxal məhsuluna yönələcək”, – deyə ekspert qeyd edib.
O bildirib ki, yerli dərmanların ixracının artırılması üçün ilk növbədə məhsulların xarici bazarlarda rəqabət imkanları araşdırılmalıdır. Hər bir ölkədə həmin preparatın analoqları və bazardakı rəqibləri mütəxəssislər tərəfindən təhlil edilməlidir.
Ekspert hesab edir ki, xarici bazara çıxmaq üçün təkcə məhsul istehsal etmək kifayət deyil. Dərmanın tanıdılması, onun keyfiyyəti barədə məlumatların təqdim olunması və həm istehlakçı, həm də həkimlər arasında etimadın formalaşdırılması vacibdir.
Günay Hüseynova hesab edir ki, ixracın artırılması üçün xarici bazarlarda düzgün marketinq qurulmalı və məhsulun keyfiyyəti digər istehsalçılardan yüksək olmalıdır. Onun fikrincə, təkcə ixracın artırılması gəlirin yüksəlməsi üçün kifayət deyil, tələb və təklif balansı qorunmalıdır.
Ekspert həmçinin ixrac üçün uyğun ölkələrin seçilməsinin mühüm olduğunu bildirib. Onun sözlərinə görə, inkişaf etmiş ölkələrdə yüksək texnologiyalar istehsal xərclərinə təsir göstərərək qiymətləri daha münasib edə bilər, inkişaf etməkdə olan və xüsusilə zəif inkişaf etmiş ölkələrdə isə qiymətlər ucuz işçi qüvvəsi hesabına formalaşa bilər.
“Düşünürəm ki, ilk ixrac ölkələri bu sahədə tamamilə idxaldan asılı, orta-yüksək inkişaf səviyyəsinə malik ölkələr olacaq”, – deyə Günay Hüseynova əlavə edib.
medicina.az