İnanılmazdır: Təcrübə heyvanlarının yetişdirildiyi qeyri-adi mərkəz – REPORTAJ - FOTOLAR

  • 2021.04.20 12:06
  • 2816 Baxış
İnanılmazdır: Təcrübə heyvanlarının yetişdirildiyi qeyri-adi mərkəz –  REPORTAJ - FOTOLAR
YENİ NÖV SİÇAN, GECƏ CÜTLƏŞDİRİLƏN, STRESDƏN BALASINI YEYƏN HEYVANLAR

Başkent Universitetinin bütün Türkiyə tibb və elm aləmində məşhur mərkəzlərindən biri də Təcrübə Heyvanları Yetişdirmə və Araşdırma Mərkəzidir.

Bu mərkəz 2000-ci ildə dünyaca məşhur transplantoloq, professor Mehmet Haberal tərəfindən yaradılıb.

Medicina.az xəbər verir ki, burda laboratoriya şəraitində istənilən elmi, tibbi təcrübələr üçün istifadə olunan xüsusi təcrübi siçanlar, dovşanlar, donuzlar və s. yetişdirilir.

Təkcə Başkent Universitetinin alimləri deyil, bütün Türkiyədən Etik elmi komissiyadan icazə alaraq elmi təcrübəyə başlayan istənilən həkim, alim bu mərkəzdən təcrübə heyvanı götürə bilir. Özəlliklə hər hansı alimin araşdırmasına görə də heyvan yetişdirilir.



Başkent Universitetinin tibb fakültəsinin tələbələri də müxtəlif genetik və cərrahi proseslərdə bu heyvanlardan yararlanır.



Başkent Universitetinin təsisçisi professor Mehmet Haberal və komandası da transplantalogiya üzrə elmi çalışmalarında burdakı donuzlardan, kök hüceyrə üzrə elmi işlərində hamsterlərdən istifadə edir.

Burada dovşanlar, siçanlar, ağ siçan, hamster, kobay növ siçanlar, donuzlar saxlanılıb yetişdirilir.
Dovşanlardan travmatoloji-ortopedik və stomatoloji çalışmalarda daha çox istifadə edilir.



Fimlərdən gördüyümüz məşhur ağ, iri laboratoriya təcrübə siçanları ən çox tələbat olan heyvandır. Hətta dünyada COVID-19 peyvəndinin sınaqları da bu siçanlar üzərində aparılır.



Burada Mehmet Haberal tərəfindən xüsusi növ greel hamster növü yaradılıb ki, bu turuncu hamsterlə ağ hamsterlərin cütləşməsindən əmələ gəlib və dünyada təkdir.

Mərkəzdə xüsusi mərtəbədə ayrıca heyvanların cütləşdirilib çoxaldılması prosesi gedir. Ora kənar şəxslər daxil ola bilməz. Çünki bu heyvanlar stressə dözümsüzdür, dərhal qorxur, ürkür. Bu zaman heyvanlar hətta öz körpələrini yeyə bilər. Heyvanlar gecə aktiv olur, gündüz isə yuxu saatlarıdır.


Yeni siçan növü

Dünyada ilk olaraq laboratoriya təcrübə siçanları kimi bu kiçik siçan növü istifadə edilib. Amma bu növ o qədər ürkək, qorxaq və stresli olur ki, təcrübə zamanı narkoz verən zaman ürəkləri dayanıb ölür. Daha çox qarın bölgəsi əməliyyatlarında istifadə edilir. Klassik növ olaraq mərkəzdə saxlanılır.



Belə bir laboratoriyanın fəaliyyət göstərməsi, heyvanlara qulluq çətindir və maliyyə xərci çoxdur. Amma Başkent Universiteti elm və tibb aləmində tələb olunan və universitet tələbələrinin, həkimlərinin, gənc alimlərinin yetişməsi üçün lazım olan hər bir şəraiti bir yerdə cəmləyə bilib.



Əlaqə üçün: Başkent Universiteti Təcrübə Heyvanları Mərkəzi
(+90) 312 2466666/1650-1653

Aygün Musayeva
Azər Kazımlı
Medicina.az
Ankara