Dabaq xəstəliyi cütdırnaqlı heyvanlar arasında yayılan virus mənşəli zoonoz infeksiyadır.
Medicina.az xəbər verir ki, bu barədə pediatr Taliyə Əliyeva bildirib.
Həkim deyib ki, xəstəliyin törədicisi pikano viruslar ailəsinə aid olan af viruslar tərəfindən törədilir:
"Xəstəlik heyvandan heyvana keçir. Heyvandan insana keçmə ehtimalı az da olsa var".
Həkim risk qrupuna aid olanları sadalayıb:
"Xəstə heyvanla birbaşa təmasda olanlar risk qrupundadırlar. Buraya fermerlər və baytarlar aiddir".
Bəs yoluxma necə baş verir?
"Xəstə heyvanın əti, südü ilə birbaşa təmas nəticəsində yoluxma halı mümkündür.
Nadir də olsa uşaqlar arasında müşahidə edilə bilər.
Xəstə heyvanın südünü çiy halda içsə, ətini yaxşı bişməmiş halda qəbul etsə virusa yoluxa bilər.
Yoluxma simptomlarına yüksək hərarət, halsızlıq, iştahsızlıq aiddir. Əl, ağız içində səpkilər də ola bilər.
Bu virus istiyə davamsızdır.
- 60°C-də təxminən 10 dəq
- 70°C-də təxminən bir neçə dəqiqə
- 100°C-də dərhal məhv olur.
Soyuğa isə çox davamlıdır.
- 0°C və daha aşağı temperaturda uzun müddət həftələr və aylarla yoluxucudur.
- Dondurulmuş ət və süd məhsullarında uzun müddət sağ qalma ehtimalı yüksəkdir.", - deyə pediatr qeyd edib.
Aygün
Medicina.az