İnsan immunitetinin neçə növü var?

  • 2022.09.05 16:32
  • 484 Baxış
İnsan immunitetinin neçə növü var?
İmmunitetin 2 əsas növü var: Anadangəlmə və qazanılmış.

Anadangəlmə təbii immunitet genetik olaraq hər bir bioloji canlıya mənsubdur (quyruğun olması və şaquli gəzmək kimi) və irsi olaraq nəsildən nəslə ötürülür.



Yeni doğulmuş uşaq passiv immunitetə malik olur. Ana bətnində olarkən körpə, cift vasitəsi ilə ananın keçirdiyi və ya peyvənd olunduğu xəstəliklərin törədicilərinə qarşı olan anticisimlərini alır.

Ancaq bu immuniteti körpənin ana südü ilə qidalandırılmasını davam etdirməklə bir müddət də saxlamaq olar. Çünki bu halda, uşaq ana südü ilə daimi olaraq əlavə anticisimlər "porsiyaları" almış olur. Pediatrlar belə hesab edirlər ki, ana südü ilə qidalanmanı uşağın 2 yaşına qədər davam etmək lazımdır. Bu halda uşağın immun sistemi daha güclü olacaq.


Medicina xəbər verir ki, təbii immunitetin fəaliyyəti bir çox müxtəlif mexanizmlər hesabına təmin edilir.


Dəri – həm bakteriyalar, həm viruslar, həm göbələklər və həm də digər yad cisimlər üçün demək olar ki, rəfedilməz maneə hesab olunur. Dərini möhkəm divar ilə də müqayisə etmək olar.

Tər, piy və göz yaşı vəziləri əksər patogen bakteriyalar üçün məhvedici təsirə malik olan xüsusi qoruyucu maddələr ifraz edirlər.

Orqanizmin selikli qişaları (burun-udlağın, bronxların, mədə-bağırsağın, uşaqlıq yolu və uşaqlığın) – “düşmənlərlə” mübarizənin ön cəbhəsidir. Selikli qişaların sahəsi orqanizmdə təxminən 400 kv.m təşkil edir. Onlar xarici mühitdəki zərərli mikroorqanizmlərə öldürücü təsir edən “lizosim” adlı maddə ifraz edirlər.


Ağ ciyərlərdə - yüzlərlə m3 hava keçir. Məlum olduğu kimi, hətta ən təmiz havada da minlərlə mikroorqanizmlər və çox kiçik ölçülü müxtəlif hissəciklər (toz, bitki tozcuqları və s.) mövcuddur. Havanın ilkin təmizlənməsi burundan başlayır. Məhz buna görə həkimlər burunla nəfəs alınmasını (ağızla yox!) çox vacib hesab edirlər! Havada olan toz hissəcikləri burunun selikli qişasında saxlanılır və burun seliyi ilə xaric edilir.


Sadalanan bu mexanizmlər praktik olaraq havada olan bütün mikrobları məhv edirlər. Ona görə də ağ ciyərlərə daxil olan hava, demək olar ki, steril olur. Havada qalmış çox az saylı mikroorqanizmlər isə ağ ciyər alveollarında olan faqosit (“udan”) hüceyrələr tərəfindən məhv edilir.


Oksigenin olmaması bir çox mikrobların bağırsaq daxilində çoxalmasına imkan vermir. Bağırsaqların peristaltikası (bağırsaqların hərəkəti) onların daxilində olan möhtəviyyatın hərəkətinə səbəb olur ki, bu da bağırsaqları mikrobların təsirindən qoruyur. Çünki bu zaman mikroblar bağırsaq epitelisinə yapışa bilmir və bu hal onların orqanizmə zərər vurmasına imkan vermir.

Bağırsaqdakı faqositlər sağ qalmış mikrobları məhv edirlər.



Anadangəlmə immunitetdən fərqli olaraq qazanılmış immunitet həyat boyunca orqanizmin bu və ya digər patogen mikroblar, viruslar və s. ilə görüşü - “tanışlığı” zamanı inkişaf edir.



Adətən təkrar yoluxma zamanı biz bunu hətta heç hiss etmirik. Çünki bu zaman immun sistemi buna tez və effektiv şəkildə reaksiya verir ki, bu zaman infeksion xəstəliyi törədiciləri hətta artıb çoxalmağa da imkan tapmırlar (məsələn, qızılca xəstəliyinə insan həyatında yalnız bir dəfə tutulur).

Qazanılmış immunitetin əsas xüsusiyyəti orqanizmə daxil olan hər bir antigenə (orqanizm üçün qenetik olaraq yad hesab edilən maddə - viruslar, mikroblar və s.) qarşı spesifik anticisimlərin (antigenləri zərərsizləşdirən xüsusi zülallar) hazırlanmasından ibarətdir.

Qazanılmış immunitet insanın həyatı boyu formalaşır və irsi olaraq növbəti nəslə ötürülmür. İnsanlarda barmaq izləri unukal (nadir) olduğu kimi, qazanılmış immunitet də unikaldır. Qazanılmış immunitet “insanın özünəməxsus tibbi kartı” olaraq onun hansı infeksion xəstəliklər keçirməsindən və hansı peyvəndlər almasından asılı olaraq dəyişmiş olur. Qazanılmış immunitet təbii və süni şəkildə qazanılmış, həmçinin aktiv və ya passiv olur.

Əgər immunitet keçirilmiş xəstəlikdən sonra yaranmış olursa, bu, təbii qazanılmış immunitet adlanır. Bu zaman xəstəlik törədicilərinin hücumundan sonra orqanizm onlara qarşı anticisimlər hazırlayır. Bəzi hallarda bu immunitet orqanizmi təkrar yoluxmadan həftələr və ya aylar ərzində qoruyur (məsələn, mövsüm ərzində qriplə adətən 1 dəfə xəstələnirlər). Bəzi hallarda izə bu anticisimlər bizi təkrar yoluxmadan uzun illər və ya hətta ömrümüz boyu (məsələn, qızılca, su çiçəyi, məxmərək, skarlatina və s.) qorumuş olur. Bunu davamlı immunitet adlandırırlar.

Vaksinasiya icad edildikdən sonra insanları müxtəlif infeksiyalara qarşı peyvənd etməyə başladılar. Peyvənd edilməsindən sonra yaranan immuniteti süni immunitet adlandırırlar. Əgər orqanizmə vaksin (infeksion xəstəliklərin zəiflədilmiş və ya öldürülmüş törədiciləri) daxil edilirsə, bu zaman süni aktiv immunitet yaranmış olur (məsələn, qızılca, göyöskürək, parotitə qarşı peyvəndlər). Əgər insan orqanizminə, tərkibində infeksion xəstəliyin törədicilərinə qarşı hazır anticisimləri olan zərdab (serum) daxil edilirsə, bu zaman süni passiv immunitet yaranmış olur (tetanus, quduzluğa qarşı zərdablar).

Süni passiv immunitetin böyük üstünlüyü vardır. Belə ki, o xəstə insanla kontaktda (təmasda) olmuş insanı çox qısa bir zamandan sonra həmin xəstəlikdən qorumağa imkan verir. Süni passiv immunitetin mənfi cəhəti də vardır ki, o daha qısa bir müddət ərzində saxlanılır və aktiv immunitetə nisbətən daha zəif olur.

Aygün Musayeva