Bəzən insan münasibətdə xoşbəxt olmadığını anlayır, davamlı incinir, yorulur, hətta daxilində ayrılmaq qərarı verir. Amma buna baxmayaraq münasibəti bitirə bilmir.
Medicina.az xəbər verir ki, psixoloqlara görə bunun səbəbi təkcə sevgi deyil. İnsanları münasibətdə saxlayan daha dərin psixoloji faktorlar var.
Ən əsas səbəblərdən biri emosional bağlılıqdır. İnsan uzun müddət birinə öyrəşdikdə, onunla bağlı gündəlik həyat, xatirələr və emosional vərdişlər formalaşır. Beyin bu münasibəti təhlükəsiz zona kimi qəbul edir, hətta münasibət zərərli olsa belə.
Digər mühüm səbəb tərk edilmə və təklik qorxusudur. Uşaqlıqda sevgisizlik, diqqətsizlik və ya emosional travma yaşayan insanlarda sonradan “məni yenə tərk edərlər” qorxusu yarana bilər. Bu insanlar münasibətdə əziyyət çəksələr də, ayrılığı daha böyük təhlükə kimi hiss edirlər.
Psixoloqlar bildirirlər ki, toksik münasibətlərdə insan beyni zamanla ağrı və sevgini qarışdırmağa başlayır. Davamlı stress, barışma, yenidən incimə dövrü beyində emosional asılılıq yaradır. Buna görə insan məntiqi olaraq getmək istəsə də, emosional olaraq ayrıla bilmir.
Bəzi hallarda maddi asılılıq, uşaqlar, cəmiyyət qorxusu və “birdən peşman olaram” düşüncəsi də qərar verməyi çətinləşdirir. İnsan illərlə dəyişəcəyinə ümid etdiyi münasibətin içində qala bilir.
Mütəxəssislər hesab edir ki, belə hallarda əsas məsələ yalnız münasibəti bitirmək deyil, insanın öz daxili qorxularını, travmalarını və özünə dəyər hissini işləməsidir. Çünki psixoloji olaraq sağalmayan insan eyni münasibət modelini yenidən təkrarlaya bilər.
Aygün Musayeva