"Azərbaycanda əhalinin azı 95%-i icbari tibbi sığorta ilə tam əhatə olunacaq".
Medicina.az xəbər verir ki, bunu maliyyə naziri Sahil Babayev Milli Məclisin bugünkü plenar iclasında "2026-cı il dövlət büdcəsi haqqında" qanun layihəsinin ikinci oxunuşda müzakirəsi zamanı bildirib:
"Bu dəyişikliklər tamamilə tərsinə təqdim olunmağa çalışıldı? Bu gün mövcud qanunumuza baxsaq, qeyd olunub ki, icbari tibbi sığorta haqqını muzdla işləyənlər və bir sıra fərdi sahibkarlar istisna olmaqla digər bütün şəxslər ödəyir. Və biz bəlli bir dövrlərlə bu maddənin tətbiqini bir il gecikdirdik. Dövlətin icbari tibbi sığorta haqqının qarşıladığı şəxslərin sayını biz dəyişikliklərlə 9 dəfə artırırıq. Bu, dövlətin atdığı böyük bir addımdır.
Nazirin sözlərinə görə, işləyən, gəliri olan və onu gizlədən, qeyri-formal məşğul olan şəxslər kənarda qalacaq:
"Qeyri-formal fəaliyyət göstərmək özü qanunvericiliklə qadağan edilib. Və biz deyirik ki, yalnız qanunvericiliklə qadağan edilmiş şəkildə fəaliyyət göstərən insanlar sığortasını özləri ödəyəcək. Bunun müəyyən edilmə meyarları nədir?
Bununla bağlı da təqdim olunmuş layihədə qeyd var, xüsusi qaydalar olacaq və onların müəyyən edilmə meyarları da elektron şəkildə olacaq. Fərdiləşdirilmiş məlumat, təqdim olunan şəxsiyyət vəsiqəsi nömrəsi əsasında müəyyən ediləcək ki, bu insanlar hansı kateqoriyalara düşür. O kateqoriyaya düşməyən insandan da gəlirinin mənbəyi soruşulacaq. Onlar da sığortadan kənar qalmır.
Əksinə, bu şəxslər üçün də imkan yaradılır ki, birdəfəlik sığorta haqqı ödəməklə istənilən məbləğdə olan tibbi xidmətdən yararlansınlar. Yəni əksinə, təqdim olunan bu yenilik əhalimizin sosial sığorta ilə əhatə olunması istiqamətində növbəti güzəştli və müsbət bir addımdır".
medicina.az