Kişilərdə ağciyər xərçəngi bütün bədxassəli şişlər arasında birinci yerdədir.
Müraciət edən xəstələr arasında daha çox 55 yaşdan yuxarı kişilər üstünlük təşkil edir.
Ağciyər şişləri çox vaxt gizli klinik gedişata malik olur və yalnız xəstəliyin irəlilədiyi dövrdə onun əlamətləri üzə çıxır. Bəzən isə digər xəstəliyə görə müayinə zamanı ağciyər xərçəngi təsadüfən aşkarlanır.
Ağciyər xərçəngi dünyada geniş yayılmasına görə bütün bədxassəli şişlər arasında ikinci yerdədir. Tütün çəkmə ağciyər xərçənginin inkişafına səbəb olan əsas ekzogen amildir. Ümumiyyətlə, tütün yalnız ağciyər xərçəngi deyil, həmçinin ağız boşluğu, udlaq, qırtlaq, qida borusu, mədə və s. orqanların xərçənginin etiopatogenizində rol oynayır. Tütünün tərkibində 70-ə yaxın kanserogen kimyəvi maddə var.
Medicina.az xəbər verir ki, 19 nömrəli Şəhər Poliklinikasının həkim-onkoloqu Vüsalə Tağıyevanın sözlərinə görə, ağciyərin xırda hüceyrəli karsinoması və yastıhüceyrəli karsinoma siqaret çəkmə ilə çox güclü əlaqəyə malikdir:
“Ağciyərin xırda hüceyrəli karsinoması demək olar ki, yalnız tütün tüstüsünün təsirinə məruz qalma nəticəsində yaranır və siqaret çəkməyən insanlarda nadir təsadüf edilir. Məhz buna görə də kişilərdə ağciyər xərçəngi bütün bədxassəli şişlər arasında birinci yerdədir. Bundan əlavə xəstəliyin yaranmasına səbəb olan radon izotopunun təsirinə məruz qalma, atmosferin kanserogen amillərlə çirklənməsi, peşə ilə əlaqədar asbest, civə, formaldehid, kağız və taxta tozları və s. kanserogen amillər hesab olunur. Birinci dərəcəli qohumlarda ağciyər karsinomasının olması, həmçinin, bəzi xroniki ağciyər xəstəlikləri (məsələn, xroniki bronxit, emfizema, idiopatik ağciyər fibrozu və s.) xərçəngin yaranmasına səbəb ola bilər”.
Həkim-onkoloq onu da bildirdi ki, ağciyər şişləri çox vaxt gizli klinik gedişata malik olur və yalnız xəstəliyin irəlilədiyi dövrdə onun əlamətləri üzə çıxır. Bəzən isə digər xəstəliyə görə müayinə zamanı ağciyər xərçəngi təsadüfən aşkarlanır.
Xəstəliyin əlamətlərindən də bəhs edən V. Tağıyeva bildirdi ki, ağciyər xərçənginin ən çox müşahidə olunan əlamətləri öskürək, təngnəfəslik, bəlğəm ifrazı, döş qəfəsində ağrının və bəlğəmdə qanın olmasıdır:
“Təəssüf ki, çox zaman xəstələr bu əlamətlərə ciddi yanaşmır və müxtəlif antibiotik, bəlğəmgətirici dərmanlarla müalicə olunurlar. Xüsusən, tənəffüs yolları xəstəliklərinə xas əlamətləri olan, uzun müddət siqaret çəkmiş şəxslər ağciyər xərçəngi haqqında düşünməli və onlarda vaxtaşırı döş qəfəsinin rentgen müayinəsi aparılmalıdır. Adətən apardığımız rentgen müayinəsində ağciyərdə kölgə, düyün və ya infiltrat şəklində şişi aşkar edirik.
Daha sonra isə diaqnozu dəqiqləşdirmək üçün KT müayinəsi, histoloji təsdiq üçün bronxoskopiya və s. müayinələr aparılır. Bu müayinələr üçün xəstə ixtisaslaşmış tibb müəssisəsinə göndərilir”.
Xəstəliyin profilaktikasına və müalicə üsullarına da toxunan həkim-onkoloq mütəmadi keçirilən müayinələrin və vaxtında qoyulmuş diaqnozun xəstəliyin müalicəsində önəmli rol oynadığını bildirdi:
“Bizim poliklinikada əsas vəzifəmiz bu şişləri daha erkən mərhələdə aşkarlamaqdır. Ağciyər xərçənginin birincili profilaktikası üçün ilk növbədə siqaret çəkmə ilə mübarizə aparmaq lazımdır. Təəssüf ki, son zamanlar yeniyetmələr və gənclər arasında elektron siqaretlərdən istifadə də geniş yayılıb. Buna görə də gənclərlə sanitar maarifləndirmə işinin aparılması, həmçinin yuxarı yaş qrupunda olan əhalini 2 ildə 1 dəfə flüoroqrafik müayinəyə cəlb etmək, xərçəngönü xəstəlikləri zamanında aşkar edib müalicə etmək lazımdır”.
Aygün Musayeva