Azərbaycan onkoloqları anoloqu olmayan kitab buraxdılar - 14 özəllik

  • 2026.05.29 15:18
  • 102 Baxış
Azərbaycan onkoloqları anoloqu olmayan kitab buraxdılar -   14 özəllik

Azərbaycanda onkologiya və qidalanma sahəsində analoqu olmadığı bildirilən yeni və genişmiqyaslı elmi-populyar layihə ərsəyə gətirilib.

Medicina.az xəbər verir ki, azərbaycanlı onkoloqlar tərəfindən hazırlanan 4 cildlik külliyyat artıq çap olunub.

Layihə Milli Onkologiya Mərkəzinin baş direktoru, akademik Cəmil Əliyevin təşəbbüsü və dəstəyi ilə, əməkdar həkim-onkoloq Elçin Mansurov, Sevinc Rəhimzadə, Türkan Mansurovanın müəllifliyi əsasında hazırlanıb.

“Qidalanmanın onkologiyaya təsiri” mövzusuna həsr olunan külliyyat həm məzmunu, həm də təqdimat formatı baxımından fərqlənir. Müəlliflərin sözlərinə görə, kitabda klassik elmi ədəbiyyat, beynəlxalq tibbi araşdırmalar, süni intellekt texnologiyalarının təqdim etdiyi cavablar, eləcə də müəlliflərin şəxsi müşahidə və peşəkar təcrübələrindən əldə etdikləri nəticələr bir araya gətirilib.



Nəşrdə müxtəlif mövzular üzrə həm elmi mənbələrin mövqeyi, həm süni intellektin təqdim etdiyi izahlar, həm də müəlliflərin həmin məsələlərlə bağlı şəxsi şərhləri və uzun illərin tibbi praktikasından qazandıqları biliklər yer alıb. Müəlliflər bildirirlər ki, məqsəd oxucuya yalnız nəzəri məlumat deyil, praktik və müqayisəli yanaşma təqdim etməkdir.

Kitabın 14 özəlliyi var. Onlardan biri də istifadə olunan bütün elmi məqalə və araşdırmaların keçidlərinin oxucular üçün açıq şəkildə təqdim edilməsidir. Belə ki, külliyyatda yer alan məqalələrin internet linkləri göstərilib, eyni zamanda oxucuların həmin materiallara rahat keçid etməsi üçün xüsusi QR kodlar yerləşdirilib. Bu isə oxuculara mənbələri birbaşa araşdırmaq imkanı yaradır.

Layihənin hazırlanması zamanı dünyanın müxtəlif ölkələrinin tibbi mənbələri, elmi nəşrləri və araşdırmaları geniş şəkildə öyrənilib. Dörd kitabdan ibarət külliyyatda qidalanmanın onkologiyaya təsiri, xəstəliklərin profilaktikası, düzgün qida seçimi, həyat tərzi və digər mühüm mövzular geniş şəkildə əhatə olunub. Eyni zamanda dünyanın məşhur şəxslərinin qidalanma resptləri araşdərəlıb və oxuculara təqdim olunub.

Külliyyatın yüksək poliqrafik keyfiyyətlə nəşr olunub və xüsusi dizayn və tərtibatla hazırlanıb. Müəlliflər bunu yalnız kitab deyil, uzun illərin araşdırmasını özündə birləşdirən samballı elmi külliyyat kimi təqdim edirlər.



Layihənin diqqət çəkən əsas tərəflərindən biri isə onun sosial missiyasıdır. Müəlliflərin açıqlamasına görə, kitabın satışından əldə ediləcək gəlir onkologiya xəstəliyindən əziyyət çəkən uşaqların müalicəsinə yönəldiləcək.

Qeyd edək ki, onkoloq Elçin Mansurov və Milli Onkologiya Mərkəzinin rəhbərliyi bundan əvvəl də bir sıra xeyriyyə təşəbbüsləri ilə gündəmə gəlib. Belə ki, Elçin Mansurov Türkiyədə keçirilən beynəlxalq tədbirdə çıxışına görə birinci yerə layiq görülüb. Ona təqdim olunan 5800 manat məbləğində mükafat da onkologiya xəstəliyindən əziyyət çəkən uşaqların müalicəsinə bağışlanıb.
Mütəxəssislərin fikrincə, yeni layihə Azərbaycan tibbi nəşriyyatında həm elmi məzmunu, həm rəqəmsal inteqrasiyası, həm də təqdimat formatı baxımından fərqli və innovativ nümunələrdən biridir.