Çox yayılmış köhnə istehsal klassik antidepressantlar ürək xəstəliyinin inkişaf riskini artıra bilər.
“Medicina” xəbər verir ki, London Universitet Kollecindən Dr. Mark Hamer öz tədqiqatında bu qənaətə gəlib:
"Bizim tədqiqatımız yaşlılar və işsizlər, kişilər və qadınlar da daxil olmaqla, çox sayda insanı əhatə edən bu tipli ilk tədqiqat idi. Ona görə də əldə edilən nəticələr daha dəqiqdir. Onu da nəzərə almaq lazımdır ki, bu gün antidepressantlar təkcə depressiyanı müalicə etmək üçün deyil, həm də bel, baş ağrıları, yorğunluq və yuxu pozğunluqları da daxil olmaqla bir sıra xəstəliklər üçün təyin edilir. Beləliklə, antidepressantlarla bağlı risklər çox sayda insan üçün aktualdır".
Alimlər müəyyən ediblər ki, köhnə antidepressantların qəbulu ürək xəstəliyi riskini 35% artırır. Amma son nəsil dərmanlar belə bir əlaqəyə gətirib çıxarmır. Tədqiqat Şotlandiyanın 15 000 sakini üzərində aparılıb və onun nəticələri “European Heart Journal”da dərc olunub.
Alimlər trisiklik antidepressantları köhnə məktəb dərmanları, selektiv serotoninin geri alınması inhibitorlarını isə yeni məktəb dərmanları kimi təsnif edirlər.
Keçən il ingilis həkimləri 21 milyon yeni nəsil dərmana qarşı köhnə antidepresanlar üçün 12 milyon resept yazdılar.
Alimlərin fikrincə, ürək-damar xəstəlikləri riskinin artması beləliklə, antidepresanların təyin olunduğu psixi pozğunluqların olması ilə izah olunmur. Çox güman ki, risk trisiklik antidepresanların tərkibinə daxil olan maddələrə görə artır.
Aygün Musayeva