Koronavirus xəstəsinə ağciyər köçürmək olarmı? – Məşhur transplantoloq Bəhram Bağırzadənin xilasından danışdı

  • 2020.06.18 14:12
  • 23037 Baxış
Koronavirus xəstəsinə ağciyər köçürmək olarmı?  –  Məşhur transplantoloq Bəhram Bağırzadənin xilasından danışdı



Ağciyərlər də digər orqanlar kimi orqan çatışmazlığı olan xəstələrə köçürülə bilər və bəzi xəstələrdə həyatı xilas edir.


Azərbaycanda böyrək, qaraciyər orqan transplantasiyası inkişaf etsə də, hələ ki, ağciyər köçürülməsi yoxdur.
Dünyada çox ölkələrdə bu növ transplantalogiya uğurlu inkişaf edib, çünki orada meyitdən orqan donorluğu qəbul olunub.

Medicina.az xəbər verir ki, Azərbaycanın əməkdar artisti Bəhram Bağırzadənin koronavirusun ağciyərlərə ciddi təsiri səbəbindən EKMO cihazına qoşulması və orqan iflası olarsa, ona ağciyər köçürülməsi kimi təkliflər gündəmə bu orqan transplantasiyanı gətirib və bir çox mütəxəssislər bu mövzuda bəzi məqamlarla razılaşmır.


Azərbaycannın tanınmış transplantoloq cərrahı Mircəlal Kazımi ağciyər köçürülməsinin koronavirus xəstələrində mümkünlüyü barədə və konkret olaraq Bəhram Bağırzadə misalında bunun nə dərəcədə effektiv olub –olmaması barədə mütəxəssis fikirlərini bölüşüb. Həmin açıqlamanı təqdim edirik:

Transplantasiyanın əsas məqamlarından biri budur ki,
xəstənin orqanizmində hər hansı virus, bakteriya olmamalıdır

“Bütün dünyada olduğu kimi Azərbaycanda da orqan çatışmazlığından əziyyət çəkən xəstələrin sayı təəssüf ki, çoxalır. Bunlar böyrək, ürək, qaraciyər, mədəaltı vəz, ağciyərlərdir.

Tamamilə sıradan çıxmış və ya funksiyasını normal yerinə yetirə bilməyən orqan yeni orqanla əvəz olunur. Orqan transplantasiyası aparılması üçün xəstələrə 2 alternativ donor yolu təklif edilir: canlı donordan alınan orqan və beyin ölümü həyata keçirmiş meyitin orqanlarından.
Hazırda biz Azərbaycanda yalnız canlı, qohum donordan istifadə edərək,transplantasiya əməliyyatı icra edirik.

Müəyyən ağciyər xəstəliklərinin yeganə müalicə üsulu ağciyər köçürülməsidir. Bunlara XOX (xroniki obstruktiv xəstəlik), kəskin ağciyər çatışmazlığı, ağciyər fibrozu, hipertenziya, bronxoektatik xəstəlik, sarkodioz və s. aiddir.


Bu əməliyyatı icra etmək üçün daha çox meyit orqanlardan istifadə olunur. Çünki bir və ya hər iki ağciyər payı bütöv köçürülməlidir. Canlı insandan isə bütov bir pay ağciyər almaq olmaz.
Bəzi ölkələrdə ağciyərin kiçik pay hissəvi transplantasiyası aparılır.

Ağciyərlərin sıradan çıxması müxtəlif insanlarda müxtəlif cür baş verir. Bəzilərində ağciyərlərin pnevmoniyası şəklində baş verdiyi halda, müəyyən qrup insanlarda pnevmoniyadan sonra ağciyər çatışmazlığı və ən nəhayət ağciyərin fibrozisinə qədər, yəni toxumanın tamamilə məhv olmasına qədər gedib çatır.
Ağciyər tamamilə sıradan çıxır, artiq bu orqan geri qayıdıb, normal toxumaya çevrilmir.
Tamamilə ağciyəri sıradan çıxmış insan həyatını itirir.


Koronavirusda ağciyərlər sıradan çıxdığı zaman digər orqanlar oksigenlə təchiz olunmur və sürətlə məhv olur.
Ona görə də bu xəstələr dərhal EKMO cihzına qoşulur, bu cihaz müvəqqəti olaraq ağciyərləri qan dövranından kənarda qoyur, bədəndən kənarda qan oksigenləşdirilir və təkrar orqanizmə ötürülür və digər orqanlar xilas edilir.


EKMO cihazına xəstənin bağlı qalmasının bir müddəti var. 6 həftədən bir qədər çox qala bilərlər.
Müəyyən hallarda EKMO cihazı xəstəni xilas edir, çünki müalicə nəticəsində ağciyərlərdə vəziyyət geri qayıda, fəaliyyətinə davam edə dilir.





Lakin transplantasiyanın əsas məqamlarından biri budur ki, xəstənin orqanizmində hər hansı virus, bakteriya olmamalıdır. Əgər xəstədə həyati təhdid edən bakteriya, virus yüklənməsi varsa və orqanizm o bakteriyanın təsirindən ağır mücadilə sərf edirsə, bu zaman orqan transplantasiyası mümkün deyil. Çünki orqan köçürülmüş xəstəyə sonradan xüsusi dərmanlar verilir, bu dərmanlar belə xəstələri məhv edə, ölə bilər. Transplantasiya olunacaq orqanizm bakteriya və viruslardan tamamilə təmizlənmiş olmalıdır.


Koronavirusla əlaqədar ağciyərlərin fibrozlaşması zamanı ağciyərlərin dəyişdirilməsi ideyası tibbdə yenidir və bu xəstələrin tam müalicə, metodu kimi hələ qəbul olunmayıb. Məsələn, qaraciyərin sirrozu zamanı yeganə müalicə üsulu qaraciyər köçürülməsidir, bu bizim tərəfimizdən icra olunur. 5-ci dərəcəli böyrək çatışmazlığı zamanı böyrək köçürülməsi biz icra edirik.


Lakin dünyada bir neçə koronaviruslu xəstə üzərində ağciyər transplantasiyası icra olunub, bunlardan ilki Avstriyada, 60 yaşlı xəstə üzərində Çində, 20 yaşlı xəstədə ABŞ-da icra olunub.
Amma bu hələ ilkin mərhələdir, öyrənilir. Bunun yaxın, uzaq nəticələrini hələ bilmirik.
Koronavirusa görə orqan köçürülmüş xəstənin sonrakı aqibəti barədə dəqiq məlumatımız yoxdur.


Amerikada 20 yaşlı qadın xəstə 6 həftə EKMO cihazında qaldıqdan sonra orqanizm virus, eləcə də COVID virusu və bakteriyalardan tam təmizləndikdən sonra ona ağciyər köçürülüb.


Ağciyər transplantasiyası hər transplantoloq tərəfindən icra olunmur. Daha çox torakal cərrahlar xüsusi ixtisaslaşaraq bu əməliyyatı icra edir.

Amma koronavirus xəstəsi üzərində dünyada aparılan əməliyyatlar meyitdən alınmış hər iki pay ağciyər köçürülməsi olub, onlar canlı insandan kiçik pay almayıblar.

Azərbaycanda niyə ağciyər köçürülmür?


Azərbaycanda meyitdən orqan köçürülməsi mümkün olmadığı üçün ağciyər transplantasiyası hələ baş tutmayıb.

Bu yaxınlarda Azərbaycanda orqan transplantologiyası haqqında qanunu yenilənəcək, yeni qəbul olunacaq qanunda meyit orqanlarının istifadəsinə geniş yer verilib.

Konkret Bəhram müəllimə gəldikdə, mən inanıram ki, o bu imtahandan da çıxıb, sağlığına qovuşacaq. O, çox istedadlı insandır, vətənpərvərliyi ilə bütün xalqın sevimlisidir.


Orqan transplantasiyası üçün qərar vermək üçün orqanın son mərhələdə olması lazımdır. Bu da müəyyən period keçdikdən sonra, artıq qərar verilməlidir ki, bu orqanın geri dönüş olmayacaq.

Bir daha qeyd edirəm, koronavirus xəstəsi üçün ağciyəri tam sıradan çıxdığı an mütləq ağciyər köçürülməlidir kimi dünyada müalicə üsulu qəbul olunmayıb.

Dünyada koronaviruslu xəstələr üzərində aparılan belə əməliyyatlar eksperiment, sınaq xarakteri daşıyıb.
Yəni koronaviruslu xəstənin müalicəsi üçün “bu yol yaxşıdır, yeganə çıxış yoludur” demək üçün yetərli qədər xəstə üzərində təcrübə sayı yoxdur.

Aygün Musayeva
Medicina.az