Koronavirusa necə qalib gəlirik? - Həkim kulisdə baş verənlərdən yazır

  • 2020.07.20 18:11
  • 9156 Baxış
Koronavirusa necə qalib gəlirik?  - Həkim kulisdə baş verənlərdən yazır

Aygün Rüstəmxanlı,
Tədris Cərrahiyyə Klinikasının
neonatologiya şöbəsinin müdiri

Aprel ayının 1-dən etibarən Azərbaycan Tibb Universitetinin Tədris Cərahiyyə Klinikası COVİD-19-a yoluxan xəstələrlə mübarizəyə qoşuldu. Bu klinikanın neonatologiya şöbəsi olaraq, Azərbaycanın bütün bölgələrindən klinikaya yönləndirilmiş hamilələr oldu və təbii ki, doğulmuş körpələr davamlı nəzarətimiz altındadırlar. Bu gün də işimizi daha sürətli templə davam etdirməkdəyik. İşimiz asan olmadı. Bəzən 48 saat klinikada qaldım. Hətta anaların psixoloji durumu, əsas xəstəlikləri bir yana qalsın, bütün bunlar qəlbimdə bir qadın, ana olaraq cox ciddi izlər buraxdı. Ailəmə, yaxınlarıma belə yansıdı bu durumum, qəbul edilməlidir dedim, dəstək aldım.

Həkim sayı az olsa da, işimizi qura bildik. Şöbənin orta tibb personalından hər kəs öz istəyi ilə işə cəlb olundu. Hətta fasilələrlə orta tibb personalımızın 50 faizi klinikanın digər şöbələrinə də kömək etdi. 15 günlük rotasiyalardan keçdilər. Testlər olundu. İndi də yüksək nəzarətlə, arxayınlıqla körpələrə xidmətə davam etməkdədirlər.



Təəssüflər olsun ki, bu gərgin ərəfədə orta tibb personalından bir nəfər “COVİD”-ə yoluxdu. O xanımın işə başlayarkən yaxınlarında xəstəlik olduu məlum idi. Bunun üçün də test olunmasını tələb etdim və nəticəsi pozitiv çıxdı. Öncə evdə müalicəyə cəlb olundu. Xəstəliyinin 8-ci günü idi. Ailəsindən 1 nəfər zəng etdi ki, doktor, ağırlaşıb, 3-4 gündür başqa bir klinikaya yerləşdirilib, öz iş yerində müalicə olunması ücün kömək edin... Bazar günü idi. Cox sıxılaraq baş həkimə zəng etdim, çünki yerin məhdud olduğunu bilirdim.

Məlumat verdim ki, işə başlamalı olan işcimizin biri başqa klinikada müalicədədir, öz klinikamıza yerləşdirə bilərikmi? “Bu kilinikanın işcisi niyə başqa klinikaya yerləşdirilir? Niyə vaxtında maraqlanmamısız?” - deyə məni danladı. Sonra da söylədi ki, yerləşdirməliyik, işçimizdi, deyin köcürülsün.

O işçimiz müalicə aldı. Bir neçə müddət əvvəl isə cox böyük minnətdarlıqla klinikadan ayrıldı, evə yazıldı.
Bu o zamanlar idi ki, klinikamızda xəstə sayı cox idi... Baş həkim dəfələrlə həyəcan təbili calmışdı. Xəstə sayı reanimasiya şöbəsinin cəkə biləcəyi iş yükünə uyğun olmalıdır deyib, narahatlıq keçirirdi. Qəbul edilməyəcəyindən narahat idim, amma əksinə oldu. Onun qayğısının sahidi oldum.

Neonatologiya ilə bağlı sıxıntılar yaşayırdım... Çox narahat idim. Müraciət edən hamilələrin sayı artırdı.
Yerimiz geniş olsa da, yenidoğulmuşlara xidmət ücün avadanlıqlarımızın sayı məhdudluq təşkil edirdi. Bu isə məsuliyyətimi artırırdı.

Bir körpənin sağlam doğulması ilə yanaşı, bu dönəmdə sağlamlığına qovuşması ücün edilməli nə varsa, gecə- gündüz, yoruldum demədən işləməyə hazırkən, catışmayan nələrinsə olması məni narahat edirdi. Amma bu məqamda da klinikanın rəhbərliyi dəstəyini, diqqətini əsirgəmədi. Tibb bacılarımla, işçilərimlə bağlı nə narahatlıq oldusa, cavabsız qalmadı. “İşçini razı salın”, “Haqları qorunsun” – tələbi bunlar idi.

Körpələrə xidmətlə bağlı hər bir tələbnaməyə uyğun vaxtında gördüyümüz işi qiymətləndirdi. Lazımi qurumlara catdırıldı. Fasiləsiz işlədiyimiz ücün sağlamlığımızla bağlı narahatlıq keçirdilər.

Halbuki mənim yanaşmam, şəxsi fikrim belədir:
Bu yaşamalı olduğum alın yazısıdır, işimdir, seçimimdir. Üzü ağ, alnı açıq ödəməli olduğum mənəvi borcumdur. Kiminsə diqtə etdiyi deyil, öz içimdəki hisslərdən doğan məcburiyyətimdir.

Əminəm ki, bu gün sözün əsl mənasında yanımda olanlar ümumi uğur marağıyla, şöbəmizə qayğı və sevgiylə eyni düşüncədədirlər!

Dəfələrlər rəhbərliyə “Bu mənim ücün bir vicdan məsələsidir. Körpələrimin, ailələrin qarşısında borcumdur” demişəm. Söyləmişəm ki, işçilərimin yorulduğunu sezsəm, bildirərəm. Çünki söhbət yenidoğulmuşdan və bu işə xüsusilə məsul insandan gedirsə, ya o insan əvvəldən axıra yerində olmalı, ya da heç olmamalıdır.

Çətin dönəmdə, sinirlər gərilmişkən, hətta bəzən gərginliyin hardan qaynaqlandığını belə ayırmaqda çətinlik çəkərkən, qayğının hansı səmtdən, ögey münasibətin hansı səmtdən gəldiyini bilmək üçün bəlkə də insana daha diqqətli, müqayisəli şəkildə çıxdaş etmək gücü lazımdır...