Koronavirusdan sonra şəkər xəstəliyinin sayı artıb – Virus diabeti tezləşdirir

  • 2021.02.04 15:09
  • 2934 Baxış
Koronavirusdan sonra şəkər xəstəliyinin sayı artıb  – Virus diabeti tezləşdirir

Covid 19 mədəaltı vəz hüceyrələrini yükləyir, sıradan çıxarır, yoluxmaya qədər əgər insanda maddələr mübadiləsi, insulin problemi olubsa və ya genetik olaraq diabet riskindədirsə xəstəliyin yaranmasını sürətləndirir.


Medicina.az xəbər verir ki, endokrinoloqlar artıq koronavirusdan sonra diabet əmələ gələn pasiyentlərin sayının artdığını bildirir.
ABŞ və Avropada həkimlər diabeti ağırlaşan və ya yeni yaranan xəstələrin çoxluğundan şikayətlənir.


“Əgər əvvəl gündə 15-18 xəstə qəbul edirdiksə, indi günə 30-35 xəstə diabetə görə gəlir. Virusdan sonra diabet xəstəliyində alovlanma var. Koronavirus həm birinci tip, həm də II tip diabeti aktivləşdirir. Bir çoxlarında bu problem sağalmadan aylar sonra baş verir”.


Məsələn, 47 yaşlı amerikalı Con Kunkel iyunda koronavirusdan müalicə alıb. Amma payızda yeni diabet diaqnozu qoyulub. Onda bu vaxta qədər şəkər problemi olmayıb.

Diabetes dərgisinin məlumatına görə, koronavirusu xəstəxanada ağır keçirənlərin 15%-də sonradan diabet aşkarlanıb.
8 elmi tədqiqatın nəticəsi olaraq 4000 pasiyentdə qanda qlükozanın səviyyəsinin artması aşkar olunub.


London Kral kollecinin professoru Françesko Rubino 2020-ci ilin yayında koronavirusdan sonra diabetli xəstələrin qlobal şəkildə artmasının reyestrini hazırlamışdı.


“Biz bütün xəstələrin məlumatlarını araşdırmalıyıq. Xəstəxanalar bu reyestrə qoşulmalıdır. Daha dərinləri qazmalıyıq. Amma koronavirusun diabetə birbaşa təsiri inkar edilmir”.


Əslində istənilən ağır virus və infeksiya mədəaltı vəzin beta hüceyrələrini zədələyir. Əgər bir xəstədə genetik olaraq şəkərə meyillilik varsa, diabetə çevrilmə ikiqat sürətlənir və koronavirus bunu yaxınlaşdırır.


Koronavirus qrip kimi deyil. O orqanizmin bütün orqan və sistemlərinə hücuma keçir və onları yorur. Mədəaltı vəz kimi həssas orqan isə birinci hücumda təslim ola bilər.