Nərimanov Tibb Mərkəzinin direktoru ilə müavini arasında 400 minlik qalmaqal

  • 2024.05.23 16:15
  • 1035 Baxış
Nərimanov Tibb Mərkəzinin direktoru ilə müavini  arasında   400 minlik qalmaqal


Nərimanov Tibb Mərkəzi Publik Hüquqi Şəxsin direktoru Fazil Alməmmədov ötən il Adil Vilayət oğlu Məmmədzadə tərəfindən məhkəməyə verilib.


Bakupost.az xəbər verir ki, Fazil Alməmmədov 2020-ci ildə obyekt almaq və biznes qurmaq adı ilə şifahi borc müqaviləsi ilə Adil Məmmədzadədən 400.000 min manat pul alıb. Lakin sonradan ortada nə biznes, nə obyekt olmadığından Adil Məmmədzadə pulunu geri tələb edib. Fazil Alməmmədov 2 il ərzində pulu ödəməyib. Qarşı tərəf prokurorluq orqanları və məhkəməyə müraciət edib. Bundna sonra Fazil Alməmmədov ona barışıq sazişi təklif edərək, tezliklə pulu qaytaracağına söz verib.

Lakin barışıq sazişinə əməl etməyən Fazil Alməmmədov yenidən məhkəməyə verilib.


Məhkəmə sənədlərindən aydın olur ki, 29 yanvar 2024-cü ildə iddiaçı Adil Məmmədzadə Sumqayıt şəhər məhkəməsinin 21 avqust 2023-cü il qərarından Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət edib.


Fazil Alməmmədovla Adil Məmmədzadənin 400 minlik çəkişməsinin sonunun necə bitdiyi dəqiq məlum deyil. Hələlik məlum olan odur ki, tərəflər məsələni başqa müstəvidə həll ediblər. Belə ki, Adil Məmmədzadə bu il Nərimanov Tibb Mərkəzi direktorunun, yəni Fazil Alməmmədovun müavini təyin edilib.


Qeyd edək ki, Adil Məmmədzadə əvvəllər “Milla” MMC-də satış departamentinin müdiri olub. Onun oradan qalmaqallı şəkildə işdən çıxarıldığı bildirilir.


Adil Məmmədzadənin Nərimanov Tibb Mərkəzindəki fəaliyyəti barədə redaksiyamıza məlumatlar daxil olur. Hazırda bu məlumatları dəqiqləşdirməyə çalışırıq.

Xatırladaq ki, ötən il Fazil Alməmmədovun Tibb Mərkəzində ailə biznesi yaratması barədə geniş araşdırma dərc etmişdik.

Orada qeyd olunurdu ki, direktorun yeni ailə qurduğu ikinci həyat yoldaşının mərkəzdə İctimaiyyətlə Əlaqələr şöbəsinin rəhbəri olduğu üzə çıxsa da, aparıcı Aygün Alməmmədova Fazil Alməmmədovla ailə qurduğunu təkzib etmişdi.

Əldə etdiyimiz məlumata görə, onların artıq bir övladı dünyaya gəlib və Aygün Alməmmədova yenə də Tibb Mərkəzində mətbuat xidməti rəhbəridir.