"Omikron" ştamının əsas əlamətləri - Qripə bənzəmir

  • 04 Dek 2021 15:31
  • 1967 Baxış
"Omikron" ştamının əsas əlamətləri   -   Qripə bənzəmir
Ümumdünya Səhiyyə Təşkilatı ilk dəfə noyabrın 24-də rast gəlinən COVID-19-un yeni variantı olan “omikron” ştamına yoluxma nisbətinin əvvəlki mutasiyalarla müqayisədə daha yüksək olduğunu bildirib və COVID-19-un yeni variantından qaynaqlanan riski yüksək qiymətləndirib.

Həkim-infeksionist Ramin Nəriman deyib: “Omikron” ştamının ölkəmizdə mövcud olması haqqında hələlik heç bir məlumat yoxdur. Verilən məlumatlara görə, bu ştamda əsas müşahidə olunan əlamətlər hədsiz dərəcədə süstlük, halsızlıq və şiddətli baş ağrılarıdır. COVID-19-un digər ştamlarında müşahidə olunan dadbilmə və qoxubilmənin itməsi, şiddətli sümük ağrıları, temperatur yüksəlməsi “omikron” ştamı üçün o qədər də xarakterik deyil. Digər ştamlarla müqayisədə yeni ştama yoluxma zamanı oksigenin düşmədiyi də deyilir. Bu isə çox vacib məqamdır”.


Azərbaycanda COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün vaksinasiya strategiyasına uyğun olaraq ölkə üzrə peyvəndləmə prosesi mərhələli şəkildə davam edir. Aparılan tədqiqatların nəticələri bir daha göstərir ki, virusun yeni və çox sürətlə yayılan təhlükəli variantı olan “omikron” ştamından qorunmağın ən effektiv yolu vaksinasıyadır. Həkim-infeksionistin dediyinə görə, yayılan yeni ştamdan qorunmaq üçün vaxt itirmədən gücləndirici peyvəndləmə aparılmalıdır:


“Buster” doza yalnız “omikron” ştamı üçün nəzərdə tutulmayıb. Yeni ştam yayılmamışdan əvvəl də “buster” dozanın vurulması dünya səhiyyəsində qəbul olunmuşdu. “Buster” dozanın vurulması bütün digər ştamlara qarşı mübarizə yollarından biridir. “Buster” doza gələcəkdə “omikron”dan başqa hansısa ştamların yaranacağı təqdirdə də onlara təsir edəcək. Ona görə də “buster” dozanın vurulması məsləhət görülür”. /publika.az/