Öncə çıldağa, sonra həkimə...

  • 2019.06.08 14:33
  • 11609 Baxış
Öncə çıldağa, sonra həkimə...

 

 


 

Sevinc Telmanqızı 


 

3 yaşlı Zəhranın tapılması ilə cəmiyyətin üzərindən bir yekə daş götürüldü sanki. Mübaliğəsiz deyirəm, söhbət və müşahidə etdiyim şəxslərin hamısı məsələyə çox ağrılı yanaşırdı. Sanki öz uşağı, yaxınının balası itmişdi. Zarafat deyil, zəmanə o qədər korlanıb ki, indi balaca uşağın başını sığallayan, ona konfet verən, qucağında oturdan hər kəsə potensial pedofil, təhlükə mənbəyi kimi baxacaq duruma çatmışıq.


Bu olayda xüsusən yalançı xəbərlər, şayiələr yayıldıqca insanların necə həyəcanlandığını görməmək mümkünsüz idi. Belə situasiyalarda mediamız sağ olsun, şayiə üfürməkdə mahirdir. Öncə hardansa bulanıq bir şəkil tapdı, iddia etdi ki, bu kişinin əlindən tutub apardığı uşaq Zəhradır. Sonra məlum oldu ki, bunun söhbətlə əlaqəsi yoxdu. Amma yaşadığım Biləcəri qəsəbəsində son bir neçə gündə qaraçı məhəllələrinə edilən polis basqını, orda aparılan axtarış əməliyyatları göstərirdi ki, doğru izin üstünə düşülüb. Niyə məhz qaraçılardan şübhələnmişdilər, bilinməz, amma düz şübhələnmişdilər.


Bu hadisə valideynlər, ümumən cəmiyyət olaraq bizə nə göstərdi, bilirsizmi? Biz uşaqlarımıza qarşı laqeydik. Əlində mobil telefonla fasiləsiz olaraq votsapa səs, foto, mesaj yollayan, instaqramda onu-bunu follow edən, ağzını ayırıb, özünə aid olmayan həyatları saniyə-saniyə izləyən... anaların uşaqları böyüyür. Biz jurnalistləri, xəbərlə, informasiya, təbliğatla məşğul olanları, lap elə biznesmenləri, iş adamlarını hardasa anlamaq mümkündür. Həyatı, işi telefonla bağlı olan peşə yiyələri var. Saniyəni qaçırmaq istəmirlər. Gözləri dolların kursunda, xəbərlərdə, lap elə layihələrinə gələcək cavablarda qalıb. Bəs bu evdar qadınların, həyatını sözdə uşağına həsr edən anaların diqqətləri niyə telefona kəsilib? Şəxsən parkda görmüşəm: gözü telefonda uşaq yelləndirən ana onun ordan necə yıxıldığını ancaq uşaq zülüm-zülüm ağlayanda fərq edib. Bir gözü telefonda, əlindəki qaşığı balasının ağzı yerinə, gözünə doğru aparan gənc analarla doludur ətrafımız. O gün bir tanış danışmışdı: iki ana, yanlarında da iki uşaqla yol gedirmiş. Birdən uşaqlar qərar veriblər ki, analarını qorxutmaq üçün gizlənsinlər. Hər ikisi gizlənib, anaların isə başı söhbətə o qədər qarışıb ki, uşaqların yoxa çıxmasından xəbər belə tutmayıblar. Axırda uşaqlar oyundan sıxılaraq gizləndikləri yerdən çıxıblar. Demək ki, analar oyun oynamağı bacarmır. Ya da bacarır, ancaq telefonda...

 

 


Balaca uşaq tapılmasına, tapıldı, amma ailəsi onu öncə psixoloqun, ya da psixiatrın yanına aparmaqdansa, ziyarətgaha aparmağı tərcih etdi. Atasının müsahibəsini dinlədim, deyir, qoy öncə ziyarətgaha aparaq, sonra həkimə gedər. "Boynunun dalında da cızıq var, bekara şeydir. Yəqin hardasa yıxılıb” – bax belə bir cümlə də işlətdi, ayağım yerə mıxlandı. İndi mən də onu düşünürəm: öncə uşağı, yoxsa bu valideynləri həkimə aparmalı?


Bu olaydan çıxarılan daha bir nəticə də odur ki, indən belə hər əlini uzadıb, bizdən pul dilənən uşağa "başımın-gözümün sədəqəsi, balamın qadası bununla getsin” deyib, pul verməməliyik. Bir az təftişçi olmaq lazımdır. Bəlkə kiminsə balasıdır, bəlkə zorla diləndirilir? Danışdırmaq, azacıq şübhəçi olmağın nəyi pisdir? "Qonşunun balaca oğlunun baldızının qızı 29 yaşında olduğu halda niyə ərə getməyib”i düşünən cəmiyyətin üzvləri diləndirilən uşağı təftiş etsə, xəncərinin qaşı düşməz. Halbuki biz "camaatın dərdi mənəmi qalıb” tipli fəlsəfi yanaşmanı ancaq yolda döyülən adamı, istismara, şiddətə məruz qalan qadını görəndə sərgiləyirik. Yəni, nəyimə lazım? "Ərlə arvad ətlə dırnaq kimidir, araya girən iylənib çıxar”. Bah! Bu qədər də özəl həyata "sayğılı”, "sərhədləri qoruyan” toplumuq, maşallah. Halbuki Avropada vətəndaş qonşu evdən çığır-bağır, dalaşma səsi eşitdiyi halda polisə zəng vurur. Evin uşağı şiddətə məruz qalırsa, qonşusu buna əsla laqeyd qalmır. Zəng edir, şikayət edir, maraqlanır. Ta ki, o uşaq o ailədən alınana qədər.


Təftişçilik demiş, iki gündür bu xəbərə də yamanca gülürük: İsmayıllıda qızı əmisi oğluna nişanlayıblar, qız isə dayısı oğluna qoşulub qaçıb. O qədər gülməli toplumuq ki. Bu hekayəni hansısa bir amerikana danışsaq, lətifə zənn edər. Onu inandıra bilməzsən ki, qızın anası "qardaşımın balasına getməsən, özümü yandıraram” deyə təhdid yağdırıb ətrafına. Amerikan ölsə də, sənin sözünə etibar etməz ki, qızın atası bu hadisəyə görə arvadını dədəsi evinə göndərə bilər. Mümkün deyil e, triller zənn edər adam. Amma biz həyatı lətifə kimi yaşayırıq. İndi yəqin ki, xəyanətə məruz qalan qızın əmisi oğlunu çıldağa aparırlar. Məntiqi ardıcıllıq budur...
Öncə çıldağa, sonra həkimə...
Öncə çıldağa, sonra həkimə...