Qaraciyər xəstəliklərinin əməliyyatsız müalicəsi üçün yeni üsul tapılıb.
“Medicina” xəbər verir ki, Birmingem Universitetinin tədqiqatçıları orqan transplantasiyasına alternativ ola biləcək müasir yanaşma hazırlayıblar. Alimlər zədələnmiş qaraciyər toxumasının bərpası üçün hüceyrə terapiyasının effektivliyini artırmağın yolunu müəyyən ediblər.
Bunun üçün tədqiqatçılar xüsusi təbii şəkərlərdən hazırlanmış “yapışqan” örtük tətbiq ediblər. Hüceyrələr bu qabıq sayəsində qaraciyər toxumasına daha yaxşı bağlanır.
Progenitor hüceyrələri əvvəllər də qaraciyərin bərpasına potensial malik olsa da, onların toxumaya yaxşı yapışmaması bu prosesin effektivliyini azaldırdı. İndi isə hüceyrələr hialuron turşusu və ya alginat kimi polisaxaridlərlə örtülərək toxumaya daha güclü bağlanır.
Bu üsul hüceyrələrə zərər vermir və onların qaraciyər hüceyrəsinə çevrilməsinə, zülal sintezi də daxil olmaqla əsas funksiyalarını yerinə yetirməsinə mane olmur. Eyni zamanda, bu hüceyrələr qaraciyərin mikrotoxumalarına və damarların ətrafını örtən endotel hüceyrələrinə daha yaxşı yapışır.
Tədqiqatın müəllifləri bildirirlər:
“Hazırda qaraciyər transplantasiyası xəstəliyin ağır formaları üçün yeganə çıxış yoludur. Lakin donor orqanların çatışmazlığı problemi var. Hazırladığımız texnologiya isə daha əlçatan və təhlükəsiz alternativ ola bilər”.
Aygün Musayeva