Ramazanda niyə kefir içmək lazımdır? – Dietoloqdan açıqlama

  • 2024.03.27 14:04
  • 545 Baxış
Ramazanda niyə kefir içmək lazımdır? –  Dietoloqdan açıqlama
Kifayət qədər, balanslı qidalanma üçün iftar və imsakda düzgün qidaları seçmək çox vacibdir. Kefir mədə və ya bağırsaq problemi olanlar üçün ən faydalı qidalardan biridir.

Medicina.az xəbər verir ki, Ramazan ayının oruc tutanlar üçün qidalanma və həyat tərzinin dəyişdiyi bir dövr olduğunu ifadə edən İSÜ Medical Park Gaziosmanpaşa Xəstəxanasının qidalanma və pəhriz mütəxəssisi, dietoloq Sedef Aksu imsak və iftarda bir çox dərdlərə dərman olan kefir içməyi tövsiyə edib.

"Sağlam qidalanma üçün kefirin nizamlı istifadəsi əhəmiyyətlidir. Elmi araşdırmalar kefirin sağlamlığa çox faydası olduğunu sübut edib. Kefir probiyotik xüsusiyyətlərə malikdir. Ayrana bənzər qıcqırdılmış südlü içki olan 1 stəkan kefirin tərkibində təxminən 80-110 kalori var”, - deyə o bildirib.

Aksu xüsusilə dəmir çatışmazlığı olan insanlar üçün tərkibində yüksək kalsium olan kefirin dəmir tərkibli qidalarla birlikdə istehlak edilməsinin tövsiyə olunduğunu deyib:

“Tərkibində yüksək dəmir olan qidalara yumurta, balıq, paxlalılar, qırmızı ət, toyuq əti və tünd yaşıl yarpaqlı tərəvəzlər daxildir”.

Dietoloq kefiri qəlyanaltı kimi istehlak etməyi məsləhət görüb:

“Bir stəkan kefir bədənə bir qəlyanaltıda ehtiyac duyulan bütün vitamin və minerallarla yanaşı, karbohidrat və zülalları da verə bilər. Kefir kimi probiyotiklər zülalların və yağların asan həzmini təmin edir. Qlisemik indeksi aşağı olan kefir tərkibindəki zülal ilə mədədə uzun müddət qaldığı üçün toxluq hissi verir və qan şəkərinin sürətlə yüksəlməsinin qarşısını alır. Bu yolla aclıq böhranlarının qarşısını alır və həddindən artıq qida istehlakını, eləcə də yüksək kalori qəbulunu azaldır”.

Dietoloqun sözlərinə görə, kefir həzm sistemini tənzimlədiyi üçün qəbizlik, şişkinlik kimi vəziyyətlərdə də təsirlidir.

Kefirin bir çox müsbət xüsusiyyətləri olsa da, dietoloq həddindən artıq istehlakın zərərli ola biləcəyini ifadə edib:

“Kefir istehlakı, xüsusən də müalicə aldığı xəstəliyi olan və müntəzəm dərman istifadə edən bəzi insanlar üçün zərərli ola bilər. Kefir müəyyən dərmanlarla qarşılıqlı təsir göstərə bilər və ya onların təsirini dəyişə bilər. Kefir istehlakı tərkibində yüksək fosfor olduğu üçün böyrək xəstələri üçün təhlükəlidir. Kefirdəki mayalar immunitet sisteminə təsir edən xəstəlikləri olan və ya immunosupressiv dərmanlardan istifadə edən insanlarda müxtəlif reaksiyalara səbəb ola bilər. Laktoza dözümsüzlüyü olanlar kefiri məhdud miqdarda istehlak etməlidirlər. Hər hansı bir dərman istifadə edən və ya xroniki sağlamlıq problemi olan insanlar kefirdən istifadə etməzdən əvvəl həkimləri və ya dietoloqları ilə məsləhətləşməlidirlər”.

O vurğulayıb ki, kefirin tərkibindəki yüksək mikroorqanizm səbəbiylə 2 yaşından əvvəl istifadəsi də tövsiyə edilmir.


Aysel