Repetitorların reklamı - Valideynlər nəyi düz etmir

  • 2017.10.12 11:01
  • 14045 Baxış
Repetitorların reklamı -  Valideynlər nəyi düz etmir
Azərbaycanda valideynlər düşünür ki, övladları repetitor yanına getməsə hansısa sahədə uğur qazana bilməz. Bəlkə də haqlıdırlar. Hər nə qədər məktəblərdə keyfiyyətli təhsil verilsə də, repetitorlara müraciət edənlərin sayı azalmır. Hətta artıq repetitorluq bir növ biznes sahəsinə çevrilib desək, yanılmarıq. Müəllimlər məktəblərdə sinif kirayələyir və sinifdə günə 3-6 nəfərdən ibarət qruplar qəbul edirlər.


Qiymətlərə gəlincə isə həftədə 2 dəfə olmaqla fərdi olanda 1 saat, 5-6 nəfərlik bir qrup şəklində olanda 2 saat uşaqlarla məşğul olurlar. Bunun qiyməti isə 60-70 manat arasında dəyişir. Bunu isə saata böləndə 1 ay ərzində həftədə 2 dəfə 1 saatdan hesablasaq 7 manat 50 qəpik, 2 saatdan hesablayanda isə 3 manat 75 qəpik olur. Orta məktəblərdə isə dövlət tərəfindən müəllimlərə hesablanan dərs saatı 2 manatdır.


"XXI Əsr” Təhsil Mərkəzinin rəhbəri, təhsil eksperti Etibar Əliyev bildirdi ki, repetitorlar uşaqların fənni dərindən öyrənmək bacarıqlarını inkişaf etdirmir, sadəcə, uşaqları testlərlə imtahana hazırlaşdırırlar: "Dünyanın aparıcı ölkələrində vətəndaşların repetitor institutuna xərclədiyi vəsaitlər təhlil olunur. Məktəb təhsili ilə bu xidmət toqquşmur. Bizim müəllimlər repetitorluqla məşğul olmalarını əmək haqqının az olması ilə əlaqələndirirlər. Artıq bu institutun təbliğatı elə qurulub ki, repetitorsuz  uşaqların ali məktəblərə daxil olmaları qeyri-mümkün hesab edilir. Bizim vaxtımızda sərbəst çalışmaq vərdişləri formalaşdırılırdı. Ona görə ki, müəllimlər repetitorluqla məşğul olmurdular. İndi ”Palaza bürün, ellə sürün" məsəli çox aktualdır. Məktəb rəhbərliyi vaxtaşırı müəllimlərin 45 dəqiqədə keçdiyi dərslərin şəffaf monitorinqini aparmalıdır. Proqramın hansı səviyyədə mənimsənilməsinin hesabatlılığı olmalıdır. Orta məktəb müəllimləri dərs dediyi məktəbin müəllimindən çox repetitor kimi təbliğ olunurlar. Yeni tələbə qəbulu modeli müəllimlərin üzərinə çox böyük məsuliyyət qoyur.

 

Düşünülmüş və cəmiyyətin istəyi ilə təklif edilən model məktəb təhsilinin keyfiyyətinin artırılmasını tələb edəcək. Müəllimlər buna hazır olmalıdırlar.  Əslində repetitorluq bilik vermir, sadəcə olaraq, uşaqları testlərlə imtahanlara hazırlaşdırır. Yaxşı repetitor adı qazananlar qiymətləri qaldırır və nəticə olmayanda da heç bir cavabdehlik daşımırlar. Yəni abituriyent aşağı bal toplayanda özləri qınaq obyektinə çevrilirlər. Xeyli bu cür faktlar mövcuddur. Repetitorların cəlb edildiyi kurslar da ciddi təbliğ olunur. Məktəb təhsilinin arxa plana çəkilməsi repetitorların işidir. Bizdə heç kimin bu işlə məşğul olmasına qadağa qoyulmur. Ancaq məsələnin maddi və mənəvi tərəfinə varanda  müəllimlər məktəbdə daha çox çalışmalıdırlar".


Ekspertin fikrincə, məktəblər keyfiyyətə cavabdehlik daşımalıdır və dərslərin çox ciddi monitorinqi aparılmalıdır: "Əgər valideynlər bu işə külli miqdarda vəsait xərcləyirlərsə, bunun hansısa hüquqi tənzimlənməsi olmalıdır. Əks təqdirdə, repetitorluq institutu valideynlərin büdcəsini talan etməklə get -gedə genişlənəcək”.

 

Azad Müəllimlər Cəmiyyətinin sədri, təhsil eksperti Məlahət Mürşüdlü repetitorluq bazarında yerindən asılı olaraq qiymətlərin dəyişdiyini dedi: "Müəllimlərin əmək haqqı artırılmalıdır. Biz dəfələrlə bunu vurğulayırıq ki, təhsilin keyfiyyətini artırmağın ən başlıca əsaslarından biri də müəllim əməyinin elmi qiymətləndirilməsidir. Yəni bu gün 250-300 manat alan müəllim sözsüz ki, ailəsini dolandırmaq üçün kənarda özünə bir iş yeri axtaracaq. Bu da müəllimləri repetitorluğa gətirib çıxarır. Repetitorluqla məşğul olmayan müəllimlər isə dərsdən sonra digər sahələrlə məşğul olmalı olurlar. Biz də deyirik ki, müəllimlərin əmək haqqı artırılmalı və onlara dövlət məmuru statusu verilməlidir. Repetitorluq təkcə Azərbaycanda deyil, bütün dünyada əlavə kurslar, məşğələlər var. Repetitorluq niyə bahadır? Çünki ətrafdakı hər şey bahadır. Müəllim aldığı az miqdarda əmək haqqı və ya repetitorluqla aldığı puldan əvvəlki kimi bazarlıq edə bilməz. Bazara uyğun olaraq müəllimin əmək haqqı artırılmalıdır. Bizim repetitorluqla məşğul olan elə müəllimlər var ki, onlar orta məktəbdə çalışmırlar. Onlar birbaşa kurslarda işləyir. Məsələn, Qazaxıstanda, Türkiyədə kurslarda çalışan müəllimlərin fəaliyyəti pedaqoji təcrübə sayılır. Repetitorluq qeyri-qanuni bir fəaliyyət deyil, pedaqoji fəaliyyətdir. Bizdə də bu, pedaqoji fəaliyyət hesab edilməli və müəllimlər buradan vergi ödəməlidir. Heç kəsə demək olmaz ki, sən bu qiymətə hazırlaşdır. Bakıdan bir az kənara çıxanda, Bakı kəndlərində 20-30 manata məşğul olurlar. Yəni hər yerdə eyni qiymət deyil. Məsələn, Hövsanda 25-30 manata məşğul olurlar. Hamısı da səviyyəli müəllimlərdir. Müəllim də var ki, 100 manata hazırlaşdırır. Ancaq bu müəllimləri seçmə valideynlər seçir. Hansı ki, onların imkanı yaxşıdır, əlavə gəlirləri var. Repetitorluq bazarında yerindən asılı olaraq qiymətlər dəyişir. Qiymətin baha və ya ucuz olması müəllimin savadından xəbər vermir. Repetitorluqda məsələ belədir ki, bütün hər şeyi müəllimin üzərinə qoymaq düzgün deyil. Burada uğurun 50 faizi şagirdin, 50 faizi isə müəllimin öhdəsinə düşür”. (Musavat.com)