"Təəssüf ki, Azərbaycanda insanların koronavirusa yanaşması düzəlmədi" - Həkim yoluxmanın artmasından danışdı

  • 2020.05.28 17:14
  • 3094 Baxış
"Təəssüf ki, Azərbaycanda insanların koronavirusa yanaşması düzəlmədi"  - Həkim yoluxmanın artmasından danışdı

Azərbaycanda koronavirusa yoluxma halları hər gün bir qədər artır. Mayın 27-də açıqlanan rəqəmlərə görə, Azərbaycanda 165 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 78 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.


Yoluxduğunu bilməyən koronavirus daşıyıcıları isə qarşısına çıxan üçün təhlükə yaradaraq, həndəsi silsilə üzrə yoluxmanın artımına səbəb olurlar. Onların çoxu özləri də koronavirusa yoluxduqlarını bilmirlər.



Medicina.az xəbər verir ki,Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının dosenti Ədalət Rüstəm musavat.com-a açıqlamasında bildirib ki, hazırda müalicə alan xəstələrin çoxu yoluxduqlarını hiss etməyənlərdir:

"Çox təəssüflə qeyd edim ki, Azərbaycanda koronavirusla bağlı insanların yanaşması düzəlmədi. Əksinə, bu gün avtobuslarda maska taxanlara gülürlər.

Mən şəxsən şahidi olmuşam ki, camaat maska taxan adama qəribə baxır. Hesab edirlər ki, virus yoxdur, hər şey yalandır. Halbuki xəstələrin müalicəsində iştirak edən həkim kimi mən virusa yoluxan insanların hansı vəziyyətdə olduqlarını görmüşəm.

Hazırda yoluxmanın bu qədər yüksək olmasının səbəbi əhalinin karantin qaydalarına əməl etməmələri ilə bağlıdır. Gözlənilən idi ki, əgər insanlar qaydalara əməl etməsələr, bu cür yoluxma olacaq. Hətta mən deyərdim ki, yaxın günlərdə Azərbaycanda yoluxanların sayı 200 nəfərdən də çox olacaq.

Bununla belə düşünürəm ki, avqust ayından etibarən yoluxma sayında azalmalar baş verəcək. Lakin bu, Covid-19 -un yox olacağı anlamına gəlmir. Bu virus artıq bizim viruslar ailəsinə daxildir və milyonlarla virusla yanaşı bizimlə olacaq. Sadəcə olaraq fərq budur ki, koronavirus daha kütləvi şəkildə yayılır və insandan-insana sürətlə keçir, yayılır və öldürmə qabiliyyəti də yüksəkdir".

Həkim bildirib ki, əvvəlki aylarla müqayisədə Azərbaycanda tibbi avadanlıqlar, şərait qənaətbəxşdir

"Hazırda xəstələri saxlamaq üçün xəstəxanalar qurulub, maska, spirt tapmaq problem deyil. Bundan əlavə müasir tibbi avadanlıqlarımız da var. O baxımdan ölkənin problemi yoxdur. Karantin rejiminin yumşaldılması bu qədər yoluxmaya səbəb oldu. Çünki insanlar heç bir qaydaya əməl etmirlər. Hazırda müalicə alan xəstələrin 90 faizinin vəziyyəti normaldır. Elə adam var ki, yoluxub, hiss etmir və həkimlərlə dava edirlər ki, bizi burada niyə saxlamısız. Onlara başa salınır ki, özünüz hiss etməsəniz də, başqalarını yoluxdura bilərsiniz".