Diqqət əskikliyi, depressiya - Texnologiya asılılığı həyəcan təbili çalır

  • 2025.10.27 09:25
  • 221 Baxış
Diqqət əskikliyi, depressiya -    Texnologiya asılılığı həyəcan təbili çalır

Son illərdə sürətlə artan texnologiya asılılığı, xüsusən də uşaqlar və yeniyetmələr üçün ciddi psixoloji təsirlərə səbəb olur.

Mütəxəssislərin fikrincə, smartfon, sosial media və oyun asılılığı diqqət əskikliyi, depressiya, narahatlıq və qidalanma pozğunluqları ilə birbaşa əlaqəlidir.

Medicina.az xəbər verir ki, türkiyəli professor Dr. Ömər Faruk Akça texnologiya asılılığının artan bir problemə çevrildiyini deyib:

"Davranış asılılıqlarının növləri arasında texnologiyaya, sosial mediaya, internetə və oyunlara asılılıq son illərdə daha çox diqqət çəkib. Xüsusilə smartfonların yayılması insanların ekran qarşısında keçirdiyi vaxtı artıraraq asılılıq nisbətlərini artırıb".



Akça texnologiyadan həddindən artıq istifadənin, xüsusən də uşaqlarda diqqət çatışmazlığı, depressiyaya və narahatlıq pozğunluqlarına səbəb olduğunu vurğulayıb:

"Tədqiqatlar açıq şəkildə göstərir ki, texnologiya asılılığı uşaqlarda və yeniyetmələrdə ciddi psixoloji problemlərə yol açır. Asılılığa qapılan insan bilmədən bu işə getdikcə daha çox vaxt ayırır. Buna görə də dünyada ekran vaxtı ilə bağlı yeni normalar və hüquqi qaydalar hazırlanır.”

Akça, xüsusən də uşaqlar və yeniyetmələr üçün aşağıdakı tövsiyələri verib:

Smartfonlar məktəbin birinci ilinə qədər verilməməlidir.

Sosial media hesabı açmaq üçün minimum yaş həddi 16 olmalıdır.

İbtidai məktəbdən əvvəl ekran istifadəsi mümkün qədər məhdudlaşdırılmalıdır.

İbtidai məktəbdən sonra qısa və nəzarətli ekran vaxtına icazə verilməlidir.

“Tədqiqatlar göstərir ki, həm uşaqlar, həm də böyüklər üçün gündə iki saatdan çox ekran qarşısında olmaq depressiya, narahatlıq və diqqət problemlərini əhəmiyyətli dərəcədə artırır. Hər əlavə saat psixoloji riskləri artırır. Buna görə də hər kəs gündəlik olaraq öz ekran vaxtına nəzarət etməlidir.”



Professor sosial media istifadəsinin zehni sağlamlığa mənfi təsirlərini xüsusi olaraq vurğulayıb:

"Sosial mediaya nə qədər çox məruz qalsaq, xüsusilə uşaqlar və yeniyetmələr üçün risk bir o qədər yüksəkdir. Sosial media asılılığı depressiya, narahatlıq pozğunluqları və yuxu problemləri ilə birbaşa əlaqəlidir.

Oyun asılılığı daha çox diqqət probleminə səbəb olur, sosial media asılılığı isə emosional və psixoloji təsirlər baxımından daha da dağıdıcı ola bilər

Ekran vaxtı nə qədər az olarsa, diqqət, zehni sağlamlıq və sosial münasibətlər bir o qədər güclü olar. Bu baxımdan ailələr və təhsil müəssisələri ən böyük məsuliyyət daşıyır."

Aygün
Medicina.az