Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Trixofagiya nədir? - Saç yemək pozğunluğunun əlamətləri

  • 2025.05.27 10:04
  • 215 Baxış
Trixofagiya nədir? -  Saç yemək pozğunluğunun əlamətləri

Trixofagiya xüsusilə uşaq və yeniyetmələrdə müşahidə olunan psixoloji əsaslı yemək pozğunluğudur. Bu pozğunluq müalicə olunmazsa, ciddi sağlamlıq problemlərinə səbəb ola bilər.

Medicina.az xəbər verir ki, trixofagiya nadir, lakin ciddi bir psixoloji xəstəlikdir. Ümumiyyətlə "saç yeyən xəstəlik" olaraq bilinir. Adətən uşaqlıq və ya yeniyetməlik dövründə baş verən bu vəziyyət fərddə öz saçlarını qoparmaq və udmaq vərdişinin inkişafı ilə xarakterizə olunur.

Mütəxəssislər trixofagiyanın tez-tez stress, travma, narahatlıq və obsesif-kompulsiv pozğunluq kimi psixoloji problemlərin əlaməti ola biləcəyini bildirirlər.

Udulmuş tüklər həzm oluna bilmədiyi üçün mədə və ya bağırsaqlarda yığılaraq zamanla “trikobezoar” adlanan tük yumruğuna çevrilə bilər. Bu vəziyyət qarın ağrısı, ürəkbulanma, iştahsızlıq və həzm problemləri kimi əlamətlərlə özünü göstərir və ağır hallarda cərrahi müdaxilə tələb olunur.


Trixofagiyanın əlamətləri:

Saç yolma və udma davranışı

Qarın ağrısı və şişkinlik

Bulantı və qusma

Ani kilo itkisi

Nəcisdə saç parçaları görmək

Necə müalicə olunur?

Trixofagiyanın müalicəsində ilk növbədə onun altında yatan psixoloji səbəblər müəyyən edilir. Psixiatrlar tərəfindən tətbiq edilən koqnitiv davranış terapiyası (CBT) bu vərdişi aradan qaldırmaqda çox təsirlidir. Lazım gələrsə, dərman müalicəsi də prosesə daxil edilə bilər. Tük toplarının mədə və ya bağırsaqda ciddi tıxanıqlığa səbəb olduğu hallarda cərrahi müdaxiləyə üstünlük verilir.

Ailələr üçün tövsiyələr

Mütəxəssislər vurğulayırlar ki, övladlarında saç yolma və udma davranışlarını müşahidə edən valideynlər bu vəziyyəti ciddiyə almalı və gecikmədən mütəxəssisə müraciət etməlidirlər. Trixofagiya erkən diaqnoz və düzgün müalicə ilə idarə oluna bilən bir xəstəlikdir.

Aygün
Medicina.az