Ürəyə stent qoymaq hər şeyi həll etmir... kişi xəstələrlə çox çətindir- Məşhur kardioloqla MÜSAHİBƏ

  • 2023.10.12 15:50
  • 14810 Baxış
Ürəyə stent qoymaq hər şeyi həll etmir... kişi xəstələrlə çox çətindir - Məşhur kardioloqla MÜSAHİBƏ

Tibb elmləri doktoru, kardioloq, Sona Qəhrəmanova uzun illərdir kardiologiya sahəsində həm elmi fəaliyyətlə məşğuldur, həm də gəncləri yetişdirir. ATU kliniki farmakologiya kafedrasının dosenti, tibb elmləri doktoru, Tədris Terapevtik Klinikasının kardiologiya şöbəsinin müdiri ilə ürək xəstəliklərinin qızıl diaqnostik metodları, ürək xəstələrinin ömrünü uzatmaq yolları və ürək sağlamlığında yol verilən səhvlərdən danışdıq.


Bakupost.az Sona Qəhrəmanova ilə müsahibəni təqdim edir:

- Sona xanım, uzun illər Elmi Tədqiqat Kardiologiya institunun aparıcı kadrı və elmi katibi olmusuz. Hazırda elmi fəaliyyətiniz necədir? ATU Tədris Terapevtik Klinikada kardiologiya üzrə hansı imkanlar yaradılıb?

- Mən Tibb Universitetini bitirəndən universitetinin kliniki farmakologiya kafedrasının assistenti çalışıram. 2006-cı ildən 2021-ci ilə qədər Elmi Tədqiqat Kardiologiya İnstitutunda elmi katib vəzifəsində çalışmışam. Və artıq 5 ildir Tədris Terapevtik Klinikasının kardiologiya şöbəsindəyəm. Bura mənim ata ocağımdır. 2015-ci ildə tibb üzrə elmlər doktorunu müdafiə etdim. İndi də professuraya hazırlaşıram.

Tibb Universitetində və onun nəzdindəki klinikalarda böyük imkanlar var, həm elmi inkişaf, həm klinik fəaliyyət baxımından.

Əvvəllər Elmi Tədqiqat kardiologiya institutunun çox geniş bazası və elmi fəaliyyəti vardı. İndi məşhur, adlı-sanlı həkimlər, kardiocərrahlar, üzdə olan invaziv kardioloqlar orda yetişib. Amma təəssüf ki, son illər institut elmi fəaliyyətə imza ata bilmir, ordan yeni kadrlar çıxmır, indi invaziv kardiologiyanı, kardiocərrahiyyəni seçənlər ya gedib xaricdə təkmilləşib gəlir, ya da Tibb Universiteti, elə bizim klinikada özlərinə elmi rəhbər seçib elmi işlərini görürlər.

Əslində isə kardiologiya üzrə elmin mərkəzi Elmi Tədqiqat Kardiologiya İnstututu olmalıydı. Burdakı durğunluq əlbəttə, orda 10 illərlə çalışan biri kimi deyim, məni və bütün kardiologiya cameəsini üzür. Mənim özümün hazırda 3 dissertantım var, rəhbərliyim altında elmi işlərini aparırlar.

Burda inkişaf üçün böyük imkanlar var, dəstək var, ən əsası elmə maneə yoxdur. Həm Tədris Terapevtik Klinikasının laboratoriyası, diaqnostikası, stasionarı imkan verir ki, xəstələri qəbul edək. Çevik laboratoriyamız üzümüzü ağ edir. Hansı analizlər ki, bizdə yoxdur, qısa müddətdə Türkiyəyə göndərilir və cavablar gəlir. Kardiologiyada əsas diaqnozdur. Çünki diaqnoz düzgün qoyulduqda, müalicəni etmək çətin deyil. Əlimizdə müasir protokollar, ölkədə bütün yeni dərmanlıar var.

Bu nöqteyi-nəzərdən bu klinika öz səviyyəsi və inkişafına görə daha öndədir. Burda olan professura heç yerdə yoxdur. Tibb Universitetində bizlərə dərs deyən professura indi bizdə xəstələri qəbul edir, həm də yeni bir nəsil yetişdirirlər. Hazırda xarici tələbələrimiz də çoxdur. Tibb Universitetini bitirib heç yerə getmir, elə burda qalırlar. Sevindirici digər fakt akreditasiyadan keçməyimizdir. Bu tanınmaq və dünyada qəbul olunmaq üçün vacib mərhələdir. Burda tələbərimiz təcrübə keçir. Bura artıq bir məktəbdir.


Əvvəldə müalicə olunmayan xəstəliklər finalda infarktla bitir.

Aritmiyalar, hipertoniya, şəkər müalicə olunmursa, ürək çatmamazlığına gətirib çıxaracaq.


- Sona xanım, indiki xəstə kontingenti ilə 20 il əvvəlki xəstələr arasında nə fərq var? İndi daha çox hansı tip kardioloji xəstəliklər artıb və müalicədə nə kimi fərqlər var? Bu gün sizi kardiologiyada nə təəccübləndirir?

- Təəssüf ki, kardioloji xəstəliklər dünyada artıb və cavanlaşır. Son illər insanları qəfləti ölümlər təəccübləndirir. Çox vaxt gənc insanlar durduğu yerdə ölür. Bunlar qəfləti ölümlər deyil. Onu yaradan kardioloji xəstəliklər var. Hər hansı bir səbəbdən ya müalicə olunmayıb, ya irsi genetik ürək problemləri var, ya damarları tıxanıb, stress təsiri altında orqanizmdə dəyişiklik gedib. Damarda ateroskleroz, qan laxtalanması, xolesterin yüksəkliyi kimi səbəblər olub. Sadəcə xəstə vaxtında yoxlanmayıb, bilməyib, bir az güclü stress təsirinə düşən kimi damarlar spazmdan yığılaraq daha da tıxanıb və ölüm baş verib. Xüsusilə irsi meyilliyi olan insanlar çox diqqətli olmalıdır. Gizli faktorlar ancaq müayinə zamanı aşkarlana bilir. Profilaktika daha asandır, nəinki müalicə. Mən xaricdə də oxumuşam, yaşamışam. İnkişaf etmiş ölkələrdə infarkta az rast gəlinir. Xəstəni o həddə çatmırlar. Miokardın infakrtının çox olması o deməkdir ki, həmin ölkədə kardiologiya zəifdir. Çünki insanların güman etdiyi kimi infarkt birdən olmur. İnfarkta qədər mərhələlər var. Xəstə onları özü də bilmədən keçə-keçə gəlir.

Əvvəllər ürək çatışmazllığı olan xəstəni çox yaşada bilmirdik və ya infarkt olmuş xəstənin ürəyinin fəaliyyətini bərpa etmək çətin idi. İndi isə yeni imkanlar, protkollar var. Azərbaycana hazırda gətirilən dərmanların çoxu dünya standartlarına uyğundur.

20 il əvvəl xroniki ürək çatışmazlığı zamanı əlimizdə 5 dərman var idisə, o da Avropa və Amerikada olan dərmanlar deyildi, indi əlimizdə bütün yeni preparatlar var. Bu dərmanlar xəstənin ömrünü uzadır, həkim də, xəstə də əziyyət çəkmir. 20 il,10 il əvvəl ürək xəstəliklərinin müalicəsi çox çətin başa gəlirdi. İndi xəstə dərmanları qəbul edə-edə özünü xəstə hiss etmir, dərmanın əlavə təsirləri çox azdır, gündəlik həyatına sağlam insanlar kimi davam edir.
Xroniki ürək çatışmazlığı ürək xəstəliyinin finalıdır. Tıxanmış damar 90% tutulur və infarkt yaranır.

Əvvəldə müalicə olunmayan xəstəliklər finalda infarktla bitir. Aritmiyalar, hipertoniya, şəkər müalicə olunmursa, ürək çatmamazlığına gətirib çıxaracaq.

Bizdə xəstənin müayinəsi, müalicəsi kompleks gedir, konsiliumlar edir, təcrübələrimizi bölüşürük. Çünki ürək xəstəliyinin yanaşı fəsadı və səbəbləri ola bilər, onu məsələn, nevroloq yaxşı bilir, məsələn, endokrinoloq baxmalıdır. Rezidentlərlə də təcrübəmizi bölüşürük.

Bizdə elə ağır, heç bir ümidi olmayan xəstələr olub ki, onları vəziyyətdən çıxarmışıq, 1 həftə vaxt qoyulan xəstə sonradan 5 il yaşayıb.

20 il əvvəl invaziv metodlar, stentləşmə yox idi, yalnız dərman müalicəsi vardı. Dərman müalicəsini heç kim ləğv etməyib. İndi də elə hallar var ki, o xəstəyə stent qoymaq olmaz. O qədər damar sayı çoxdur, stent qoyulmur, açıq əməliyyat deyilir. Amma əməliyyata da girsə başqa risk var, ya şəkərdir, ya təzyiqi yüksəkdir, böyrəyi xəstədir. Sadəcə qorxur, istəmir. O qədər olub, son çarə kimi gəlib, ya müalicə edin, ya da öləcəyəm. Biz onu müalicəyə almışıq, normal da yaşayıb.

Hətta stent qoymaq belə müalicəni istisna etmr. Əksinə stentdən sonra xəstə kardioloq nəzarətində dərmanlarını qəbul etməli, müalicə almalıdır. Çox olub ki, çarəsiz xəstələr dərman müalicəsi ilə yaxşı nəticə alınıb.

Biz 5 illik vaxt götürürük. Amma bu daha çox ola bilər. İnfarkt keçirmiş, ağır ürək çatışmazlığında 3-5 il müddət götürülür. Amma tromboemboliyadan qəfil ölüm ola bilər, buna heç kim zəmanət vermir. Qulaqcığın fibrilyasiyası olur, vaxtında antikoaqulyantlarla qanı çox durulaşdıraraq, tromb riskini azaldırıq.

O xəstə ki ürək çatışmazlığı üçün dərman içir, amma aritmiya və fibrilyasiyası üçün müalicə almır, istəmir, onda qəfil ölüm ola bilər.

- Stent məsələsi ilə bağlı maraqlı tendensiya var. Çox adam deyir ki, damardı tutulub, gedib stent qoyduraram, açılar, yaşayaram. Bu, bir az arxayınlaşdırır. Və ya kardiocərrahlar az qala bütün xəstələrə stent tövsiyə edir. Stent hər şeyin çarəsidirmi?

- Bəli, təəssüf ki, belədir. Stent qoymaq hər şeyi həll etmir. Xüsusən kişi pasiyentlərlə çətindir. Təzyiq xəstələri, ürək xəstələri bir az yaxşılaşan kimi dərmanlarını saxlayır, həkimə gəlmir. Kişilər siqaretə davam edir, içki içir, qidalanmanı pozurlar. Axı ürək xəstəliyi də xroniki xəstəlikdir, şəkər kimi. Şəkər xəstəsi gündəlik insulin dozasını almasa, şəkər düşəcək? Yox, şəkər qalxıb komaya sala bilər. Eləcə də ürək xəstəlikləri. Gündəlik dərmanını içməsə, təzyiq düşməyəcək. Xroniki ürək xəstəsi ürəyin yığılmasını yaxşılaşdıran dərman içməsə ağırlaşacaq. Stent o demək deyil ki, ürək sağaldı. Bədəndə proses gedir. Stent sadəcə daralmış damarı bir az açır ki, ürək normal qanla qidalansın. Damar xolesterin və qan laxtalanmasından daralır. Stent qoyuldu, bu o demək deyil ki, qan da durulaşdı, xolesterin də getdi. Xeyr. Proses qalır. Stent xəstəyə və həkimə imkan verir ki, səbəbləri müalicə etsin, vaxt qazansın, xəstə müalicəyə başlasın.

Miokard infarktı keçirən kişilər xüsusilə psixoloji olaraq, xəstəliyi qəbul etmir, həkimlə razılaşmır. Bir qadağa qoyanda, ona əks gedirlər. əsas problem də burda yaranır. Onlar sübut etmək istəyirlər ki, sağlamıq, hər şey yaxşıdır.


- Doktor, stress ürəyə necə təsir edir? Nəyə görə əsəbləşəndə ürək zərbə görür və əsəbi insanlar ürəyini nəzarətdə saxlamalıdırmı?

- Stress zamanı adrenalin və kortizol qanda çox olur. Uzun müddət dövr edir. Stress əzələ və damarlara spazm verir. Daim gərgin vəziyyət alır. Bu zaman qan damardan yaxşı keçmir. Adrenalin də damarları üzür. Ürəyin qan təchizatı pozulanda infakrt olur, ürək toxumasında nekroz əmələ gəlir. Ürək əzələsi öldüsə, nasos funksiyası pozulur, bu da ürək çatışmazlığı deməkdir. Bu xəstəyə nə qədər istəyirsiz stent qoyun, damarını açın, əzələ ölübsə, birləşdirici toxuma ilə əvəz olunubsa, heç bir köməyi olmayacaq. Bəzən olur, xəstə 5-6 il əvvəl infakrt keçirib, müalicəsi yaxşı olmayıb, artıq boğulur, ürək 70% funksiyasını itirib, indi gəlir ki, mənə stent qoyun. Artıq gecdir! Çünki əzələ artıq məhv olub. Stentin də vaxtı var. Vaxt ötdüsə, işə yaramır. Vaxtında həkimə qulaq asmaq lazımdır.

Xəstələr hamıya inanır, həkimdən başqa. Kimsə gedir qan aldırır, zəli qoyur, hicama etdirir ki, qanım durulsun, damarım açılsın... filankəs hicama ilə sağaldı. Ya qorxudurlar, stent etmə, filankəs etdi öldü. O qərarı həkim verir. Bunun üçün də müayinələrdən keçmək şərtdir. Bir də xəstəni dinləmək, xəstəni əyani canlı görüb azı 20 dəqiqə danışdırıb, sual cavab edib, onun cavablarından artıq müəyyən fikrə gəlirsən. Çünki həyat şəraiti çox şey deməkdir.

Xəstə var, 3 il əvvəl demişik diaqnozun budur, müalicən budur, gedir, heç nə etmir, baxım görüm nolur, həkim qorxudur, 3-4 il sonra gəlir, onda da artıq gec olur. Stent də kömək etmir. O həddə gəlirlər ki, baxırıq ki, ancaq ürəyin transplantasiyası olmalıdır, o da Azərbaycanda olunmur, olunsa da çətin prosesdir. Ya da kardiostimulyatorlar qoyulmalıdır, ürək dayansa o aparat defibrilyasiya versin. O cihazlar dəri altına yerləşdirilir. Ən azından xəstəni bir az ömrünü uzadır. İnsan o ana kimi yaşayır ki, ürək işləyir. Ürək dayanan kimi ömür bitir. Birinci ürək dayanır, sonra beyin.


- Ürək diaqnostikasında qızıl standart EKQ-dir. Amma 90% hallarda xüsusən gənclərdə kardioqramma normal çıxsa da rəydə bu söz yazılır: Sinus taxikardiya. Nədir bu və müalicə lazımdırmı?
- Ürək yeganə orqandır ki, özü kənardan heç bir enerji təminatı olmadan impuls yaradaraq, özünü işlədir. Heç bri təsir olmadan elektrik əmələ gətirir. Ürəyin 2 sistemi var: elektrik sistemi sinus düyünündən başlayır. Ürəyin impuls generatoru həmin sinus düyünüdür. Ordakı hüceyrələr özləri impuls əmələ gətirir. Allah insana normal ürək döyüntüsünü 60-90 arası verib. Məhz sinus düyünü o döyüntüyə lazım olan impulsu verir. Sinus taxikardiyası odur ki, o düyün normadan artıq impuls verib, ürəyi döyündürür. Çox adamda sinus taxikardiya yazılır, çünki stress faktoru var. Simpatik sinir sistemi yüklənir, qanda adrenalin çoxdur. Anemiya, qanazlığı sinus taxikardiya yarada bilər. Ümumiyyətlə, sinus taxikardiya kompensator mexanizmdir. Düyün görəndə ki, orqanlara, ürəyə qan yaxşı çatmır, o tez-tez döyünmə rejiminə keçir. Əgər ürək döyüntüsü yavaşdırsa, deməli, hər şey normaldır. Bəzən xəstə gəlir ki, doktor mənim döyüntüm 50-60-dır, azdır, deyirik, əksinə yaxşıdır, ürəyin ekonom rejimdə işləyir. Qalxanvari vəz problemi, zobu olanlarda da sinus taxikardiya, ümumiyyətlə, taxikardiya yarana bilər. Sinus taxikardiyası qorxulu bir şey deyil, orda vurğulıarın sayı maksimum 120 ola bilər.



"Anju" sadə, ziyansız və asan prosedur deyil.
Anju damarlara riskdir.


- Hansı müayinə metodu ürəyə aid çox problemi göstərir. Bildiyim qədəri ilə tək kardioqramma yetərli olmur.

- Tam arxayın olmaq üçün EKQ, EXQ, sonradan ağrı, yanğı varsa, stress testi etdirmək lazımdır. Xəstə qaçış aparatında yoxlanılır. Orda dəyişiklik olsa, bu siqnaldır ki, damarlar tutulub. O zaman angioqrafiya. Anjunu ilk şikayətdən etmək olmaz. Xəstə gəlsin ki, anju edin, damarlarımı yoxlayaq, elə olmur. Ona qədər mərhələlər var. Zatən əvvəlki müayinələr artıq şübhəyə əsa verir. Anju sadə, ziyansız və asan prosedur deyil. Anju damarlara riskdir. Damara kontrasrt maddə vurulur. O böyrək problemi olan xəstəyə zərərdir. Kreatini yüksək olan xəstəyə ümumiyyətlə, anju olmaz. O prosedur damarlar üçün stressdir, hətta xəstə anju altında infarkt ola bilər.

Aritmiyalar və təzyiq üçünsə qızıl standart Holterdir. Əgər xəstə deyirsə, birdən ürəyim çırpındı, təngnəfəs oldum, sanki ürəyim dayandı, sonra yenidən işlədi, başım gicəlləndi, sinəmdə ağrı və ya sanki uçuşma kimi hiss var, o zaman Holter sutkalıq taxılır. Aritmiyalar isə kardiologiyanın dəryası, ən çətin sahəsidir. Müalicəsi də var, amma hər aritmiyanın öz mülaicəsi, öz dərmanı var. Aritmiyanı həkim öz gözü ilə görməmiş müalicə yaza bilməz. Hər xəstəyə fərdi olmalıdır. 2 xəstə gəlsin, aritmiyadır, birinin müalicəsi ayrıdır, digərininki başqa. Şablon müalicə yoxdur. Aritmiya olanda onu tutmaq lazımdır, bunun üçün dərhal təcili yardım çağırıb EKQ çəkmək lazımdır.

- Sona xanım, əllərdə müxtəlif ürək sistemləri reseptləri dolaşır. Hətta tibb bacıları da deyir: gəl sistemə riboksin, kokorbaksilaza qataq, ürəyini qüvvətləndirsin. Ürək qüvvətləndirən sistem varmı?

- Müasir təbabətdə sistem və ya bioloji aktiv maddələri reseptə yazmaq yoxdur. Bizimkilər sistemə panaseya kimi baxır. Sistem venadaxili invaziyadır, o sadəcə iynə vurmaq deyil. Sistem xaricdə o adama təyin edilir ki, yeyib içə bilmir, dərmanı uda bilmir, komadadır, şokdadır, onkoloji xəstədir. Qalan hallarda xəstə yeyib içə, dərman, maye qəbul edirsə ona sistem təyin edilmir. Riboksin qalıb keçmiş əsrdə. Təmiz plasebo təsiri edir. Xəstə eşidib ki, o yaxşı təsir edir, özünü inandırır .
Xəstə gəlir ki, B12 normadan 20 dəfə artıq. Neyləmisən. O qədər B12 vurdurub.
Bizdə 44 günlük müharibədə yaralı əsgərlər yatırdı,onlarda isterik vəziyyətlər yaranırdı, qıcolmalar kimi. Biz görürdük ki, bu əsl qıcolma deyil. Dərhal deyirdik ki, tez plasebo gətirin köçürək, adi natri xlor sistem edirdik, sakitləşirdi, deyirdi həkim çox sağ olun, ölürdüm, düzəldim. Əgər plasebo kimi işə yarayırsa, bəzi hallarda sistem qoşa bilərik. Sırf psixoloji təsir üçün. Amma o müalicə deyil.

- Bəs ürək sağlamlığı üçün profilaktik olaraq nə edək? Ürək nəyi sevir? Hər hansı qida, çay, bitki, maye ürəyə faydalıdırmı?

- Suyu orqanizm nə qədər tələb olunursa, o qədər içməlisiz. Son zamanlar çox yayılıb, günə 2 litr su için çağırışları. Sənin yanaşı xəstəliyindən, böyrəklərinin vəziyyətindən xəbərin yoxdursa, litrlə su içmək olmaz. Ürəyi xəstə olana çox maye də olmaz. Ürək çatışmazlığı olan insana duzu qadağan edirik. Çəkiyə fikir vermək lazımdır. Deyilər ki, yemirik kökəlirik, o doğru deyil. Mütləq gündə piyada gəzmək, 10 min addım lazımdır. Mən hər gün gəzmək normama əməl etməyə çalışıram. O ki qaldı çaylar, bitkilər, elələri var ki, ürək ritmini azaldır: yemişan, valerian. Problem deyil, içə bilərsiz. Amma bu müalicə deyil. Sənin ürəyinin vəziyyətini həkim qiymətləndirməlidir.

Çoxsaylı əməliyyatllar, dəfələrlə narkoz almaq,
bəzi narkotik dərmanlar, arıqladıcı vasitələr, energetik içkilər,
qeyri-sağlam qidalar ürəyi vaxtsız qocaldır.

- Tez-tez belə sözlər eşidirik:Təki ürəyin cavan qalsın. Özüm qoca olsam da, ürəyim cavandır. Ürək necə qocalır?

- Ürəyin qocalması diaqnozu tibbdə yoxdur. Amma bu ürəyin xəstələnməsinin məcazi formada təsviridir. Bəzən olur, baxırsan ki, gənc adamdır, ürəyinin vəziyyəti 50 yaşlı kimi. Məsələn, bir xanım pasiyentim var idi, bu xanım bir neçə dəfə estetik plastik əməliyyatlar etdirib. Hər dəfə bıçaq altına düşəndə narkoz və s.-dən dəhşətli aritmiyalar yaranıb. Bu dəfə də ürək fibrilyasiyaya düşmüşdü, ona görə müalicəyə başladıq. Belə fibrilyasiyalar da yaşlı adamlarda olur. Özünə də dözməyib dedim: sənin ürəyin lap qoca qadının ürəyi kimidir artıq. Bəsdir, əməliyyatları saxla.
Çoxsaylı əməliyyatllar, dəfələrlə narkoz almaq, bəzi narkotik dərmanlar, arıqladıcı vasitələr, energetik içkilər, qeyri-sağlam qidalar ürəyi vaxtsız qocaldır.

Aygün Musayeva
BakuPost