Qorxu, həyəcan və ya stres zamanı bədəndə adrenalin və kortizol kimi stress hormonları artır. Bu hormonlar qaraciyərdən qlükozanın (şəkərin) qana buraxılmasına səbəb olur, qan şəkəri səviyyəsini qısa müddətlik yüksəldir, bədən “döyüş və ya qaç” vəziyyətinə keçir.
Bəs qorxu şəkər xəstəliyinə səbəb olurmu?
Medicina.az xəbər verir ki, invaziv kardioloq Üzeyir Rəhimov bununla bağlı sualı cavablandırıb.
Onun sözlərinə görə, hər birimizin həyatında hər gün müxtəlif dərəcəli qorxu var:
"Ona qalsa, hər birimiz şəkər olmalıyıq. Qorxu ilə şəkərin heç bir əlaqəsi yoxdur. Şəkər xəstəliyi bizim mədəaltı vəzimizin problemidir. Hansı ki, şəkəri aşağı salan insulinin ya ifrazatında, ya da funksiyasında problem olur".
Həkim əlavə edib ki, şəkər xəstəliyi birdən-birə yaranmır:
"Şəkər xəstəliyinin ilkin mərhələlərində şəkər az çıxdığı zaman bizim insanlarımız şəkərəmeyilli kimi kəlimələr uydurub şəkər xəstəliyini qəbul etmirlər, şəkər olduqlarından uzaqlaşırlar. Şəkər xəstəliyini qəbul etmədiyimiz zaman xırda-xırda damar sistemimizdə öz işini görür. Şəkəri qəbul etdiyimiz zaman isə bir çox orqanı sıradan çıxarmış olur. Şəkər xəstəliyi yavaş-yavaş yaranır. Şəkər 1 dəfə yüksək çıxıbsa, bunu ciddiyə alıb, aşağı salıb, dieti gözləmək lazımdır ki, orqanizmimizə ziyan verməsin. Normada tutduğumuz zaman bizə zərər verməz".
Aygün
Medicina.az