Uşağınızın burnu tez-tez qanayırsa...

  • 2017.09.21 16:02
  • 81028 Baxış
Uşağınızın burnu tez-tez qanayırsa...
Bəzən uşaqların burnu heç bir zədə olmadan qanamağa başlayır. Bu isə valideynlərdə narahatlığa səbəb olur. Onlar dərhal düşünürlər ki, yəqin uşaqda hansısa ciddi problem var. Bəs uşaqlarda burun qanaması nədən yaranır? Hansı hallarda burun qanaması təhlükəli hal ola bilər?

 

Medicina.az xəbər verir ki, məsələ ilə bağlı ailem.az-a açıqlama verən lorinqoloq Cəlal İmaməliyev bildirir ki, burun qanamaları qorxulu görünə bilər, amma ümumi götürdükdə bu hal çox təhlükəli deyil: "Uşaqlarda burun qanaması xüsusilə quru iqlimlərdə, ya da evlərdəki və binaların içindəki quru istiliyin burun içində quruma, çatlama və ya qabığa səbəb ola biləcəyi qış aylarında olduqca yayğındır. Burnun ön hissəsi asanca zərər görə bilən çox incə qan damarlarına malikdir. Uşaqlarda rast gəlinən burun qanaması burnun dəliklərə yaxın ön qismində görülür. Kapilyarlar selikli qişaya çox yaxın yerləşdiyi üçün xırda zədələrdə belə, burun qanamaları mümkündür. Başqa bir səbəb isə burunda adenoid, yəni artıq ətin olmasıdır. Burun tənəffüsü uşaqlarda normal olmayanda hava axını daimi olaraq o selikli qişanı qıcıqlandırır, qurudur, xırda kapilyarlar zədələnir və qanamalar yaranır”.

 

Kapilyar qanaxmalar təhlükəli deyil

 

Həkim deyir ki, bəzən valideyn diqqətsizliyinin nəticəsi də uşaqlarda burun qanaması ilə nəticələnə bilir: "Bəzən kiçik yaşlı uşaqlar oynayarkən valideynlər diqqətsizlik edirlər və onlar yıxılaraq travma alırlar. Bu travma nəticəsində burunda kapilyar zədə alır və qanaxma baş verir. Yaxud burundakı çəpər əyriliyində də hava axını burunu qıcıqlandırır və yenidən qanaxmalar olur. Sadaladığımız hallar kapilyar qanaxmadır və qorxusu yoxdur. Bu halda heç bir müdaxilə etməsən belə, qanaxma özü dayanır”.

 

Arterial qanamalarda dərhal həkimə müraciət edin

 

"Lakin daha ciddi qanaxmalar olur ki, bu, arterial qanaxmalardır. Arterial qanaxmalar  uşaqların hansısa qan xəstəliyi ilə bağlı yaranır. Bu, çox ciddi müdaxilə tələb edən bir haldır və uşaq mütləq həkimə çatdırılmalıdır. Kapilyar partlamaları təkrar-təkrar baş verirsə, lor həkimi həmin damarı yandırır və problem həll olunur. Amma dediyim kimi, arterial qanaxmalarda daha ciddi müdaxilə lazımdır. Bundan əlavə əgər burun qanamalarını dayandıra bilməsəniz, uşağınızın burnunda qırıq burun sümüyü varsa, çox qan itirirsə, uşaq xəstə və zəif görünürsə, nəfəs almaqda çətinlik çəkirsə, onun bədəninin başqa yerlərində, məsələn, damağında, sidiyində, nəcisində qanama görürsünüzsə, dərhal həkimə müraciət edin”, - deyə C.İmaməliyev xəbərdarlıq edir.


C. İmaməliyev valideynlərə uşaqlarda burun qanamalarının qarşısını almaq üçün faydalı məsləhətlər də verir: "Evinizdəki hava qurudursa, gecələri uşağınızın otağında hava nəmləndirici istifadə edin. Uşağınıza burnunu çox eşməməsini öyrədin. Gündə bir neçə dəfə, xüsusilə də yatmazdan qabaq burun dəliklərinin içinə vazelin kimi nəmləndirici vasitələr sürtün. Həkiminizin məsləhətinə uyğun olaraq salin (duzlu su) damcıları və ya duzlu burun spreyi istifadə edin”.

 

Lorinqoloq məsləhət görür ki, burun qanaxmaları zamanı ilk yardım kimi uşağın sakit olmasını və ona kömək edilə biləcəyini izah edin.

"Qanamanın dayanıb, dayanmadığını yoxlayaraq burun dəliklərini 5-10 dəqiqə barmaqlarınızla sıxın. Uşağı dik oturdub, başını önə doğru əyərək qan udmasının qarşısını alın. Burnun üstünə buz və ya soyuq su qoyun. Qanaxma dayanmasa, yuxarıda sadalananları bir daha təkrar edin. Uşağınızın burnunu salfet və ya pambıqla tıxamayın”- deyə C.İmaməliyev bildirib.