.. Səbəbi bu xəstəlik ola bilərUşaqda qəbizlik varsa.

  • 2017.12.21 20:48
  • 60876 Baxış
.. Səbəbi bu xəstəlik ola bilər Uşaqda qəbizlik varsa.
Uşaqlarda qəbizlik hallarına tez-tez rast gəlinir. Bu isə onlarda müəyyən problemlərə, narahatlıqlara səbəb olur.

 

Bəs görəsən uşaqlarda qəbizliyi yaradan səbəblər hansılardır?


Medicina.az xəbər verir ki, bu haqda ailem.az-a danışan pediatr Günay Rəsulova bildirib ki, uşaqlarda qəbizlik anaların qorxduğu bir haldır: "Nədənsə valideynlərin çoxu uşağın qəbiz olmasından qorxur. Kimisi uşağı tez-tez imalə etmək məcburiyyətində qalır, hər dəfəsində çöplə bağırsağı qıcıqlandırır, yaxud şam qoyur. Bu kimi invaziv müdaxilələr uşağın və ananın psixologiyasını pozur. Qəbizlikdən əziyyət çəkən uşaq hər defekasiyadan əvvəl həyəcan keçirir, ağrı qorxusu səbəbilə defekasiyanı ləngidir, bağırsaqda qalan nəcisin suyu sorularaq kal kütləsi daha da bərkiyir və beləlikl,ə qüsurlu dövran yaranır, vəziyyət daha da ağır hala gəlir”.


Həkim bildirir ki, uşaqlarda qəbizliyi yaradan səbəblər çoxdur: "95 faiz hallarda bu funksionaldır, yəni elə bir səbəbi yoxdur. Çünki süni qidaya keçəndə, əlavə qidaya başlayanda, inək südü, tualetə alışdırıldığı zamanlarda bu hallarla sıx rastlaşılır. Çox az hallarda anadangəlmə bağırsaq anomaliyası - Hirşprung xəstəliyi, megakolon, kistik fibroz və s-dir. ”Uşaqlarda qəbizliyin ağıla gəlməyən, lakin ölkəmizdə çox yayılmış, əsasən də endemik zonalarda yaşayan uşaqlarda səbəbi hipotireoz ola bilər. Bu, "zob” kimi tanınan qalxanabənzər vəzin funksiyasının zəif olmasıdır. Qəbizliyə bu hal da səbəb ola bilər. Ümumiyyətlə, doğulan hər körpə rutin qan analizlərindən keçəndə mütləq qalxanabənzər vəzin funksiyasına da baxılmalıdır. Dünyanın bütün ölkələrində doğulan hər uşaq bu vəz və başqa metabolik xəstəliklərə görə testdən keçirilir. Qəbizlikdən başqa bu problemi olan uşaqlarda əqli inkişafdan qalma, nitqdə ləngimə, yaddaşsızlıq kimi əlamətlər də görülə bilər. Belə problemləri olan uşaqlarda da qalxanabənzər vəzin funksiyası yoxlanılsa, yaxşı olar. Beləliklə, övladınızın uzun sürən qəbizlik problemi varsa və səbəbi hələ də müəmmalıdırsa, "zob”u yoxlatdırmağı unutmayın”.