Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Uzunmüddətli COVİD-in müalicəsində yeni addım - Dəmir əlavələrinin heç bir faydası yox imiş

  • 2024.03.05 22:40
  • 598 Baxış
Uzunmüddətli COVİD-in müalicəsində yeni addım -  Dəmir əlavələrinin heç bir faydası yox imiş
Aparılan araşdırmalar dəmir çatışmazlığı ilə uzunmüddətli COVİD halları arasında əlaqə olduğunu üzə çıxarıb.

Medicina.az xəbər verir ki, Kembric Universitetinin tədqiqatçıları tərəfindən aparılan araşdırmalar uzunmüddətli COVİD-in qanda dəmir səviyyəsini aşağı salaraq anemiya və iltihablanma kimi problemlərə səbəb olduğunu göstərib.

Məlumata görə, COVİD diaqnozu qoyulduqdan cəmi iki həftə sonra xəstələrdə sağlam qırmızı qan hüceyrələrinin istehsalı dayanıb.

"Orqanizmdə infeksiya olduqda, bədən dəmiri qan dövranından çıxararaq cavab verir. Bu, bizi qan dövranında dəmiri tutaraq sürətlə böyüyən, potensial öldürücü bakteriyalardan qoruyur. Həmin proses dəmiri bədəndə yenidən paylayan adi təkamül reaksiyasıdır", - tədqiqatda iştirak edən Hal Dreyksmif deyib.

Onun sözlərinə görə, proses uzun müddət davam edərsə, dəmir çatışmazlığı oksigenin bütün bədənə "daha az səmərəli" daşınmasına səbəb olur, son nəticədə maddələr mübadiləsinə və enerji istehsalına mənfi təsir göstərir.

Bir il ərzində qan nümunələrini təhlil edən mütəxəssislər həm ağır, həm də yüngül COVİD xəstələrinin qanında oxşar vəziyyətlər müşahidə ediblər.

"Bədənin daha çox qırmızı qan hüceyrəsi istehsal edərək dəmir səviyyəsini normallaşdırmağa və bunun nəticəsində yaranan anemiyanı aradan qaldırmağa çalışdığına dair sübutlar görsək də, davam edən iltihab qarşısında orqanizmin tab gətirə bilmədiyini müşahidə etdik. Dəmir səviyyələri və bədənin dəmiri tənzimləmə üsulu COVİD infeksiyası zamanı pozuldu və xüsusilə də uzunmüddətli koronavirusdan əziyyət çəkənlərin sağalması çox uzun zaman aldı”, - deyə digər bir tədqiqatçı - Dr. Emi Hanson qeyd edib.

Hanson əlavə edib ki, bütün bunlar xəstələrə dəmir əlavələri vermək kimi sadə bir yanaşmanın yanlış olduğunu göstərir:

“Əldə etdiyimiz yeni məlumatlar sübut edir ki, uzunmüddətli COVİD müalicəsi zamanı dəmir səviyyələrinə təsirləri azaltmaq üçün aqressiv iltihabı mümkün qədər aradan qaldırmağın yollarını tapmalıyıq. Çünki bu, xəstələrin bədənlərində kifayət qədər dəmirin olmaması demək deyil, sadəcə olaraq dəmirin yanlış yerdə ilişib qalması mənasına gəlir. Bizə lazım olan, dəmiri yenidən hərəkətə gətirmək və qırmızı qan hüceyrələri üçün daha faydalı olacağı qan dövranına geri çəkməkdir”.

Qeyd edək ki, araşdırmanın nəticələri “Nature Immunology” jurnalında dərc olunub.


Aysel