27-ci Azərbaycan Beynəlxalq Tibb İnnovasiyaları Sərgisi BAŞLADI

  • 2025.10.30 16:49
  • 183 Baxış
27-ci Azərbaycan Beynəlxalq Tibb İnnovasiyaları Sərgisi    BAŞLADI


Azərbaycanın səhiyyə sahəsində mühüm tədbirlərdən olan 27-ci Azərbaycan Beynəlxalq Tibb İnnovasiyaları Sərgisi – “Medinex 2025” yenidən səhiyyə peşəkarlarını, tibb müəssisələrinin rəhbərlərini, sahibkarları, distribütorları və investorları bir araya gətirir.



"Medicina" xəbər verir ki, “Medinex” sərgisi İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və TƏBİB tərəfindən dəstəklənir. Eyni zamanda İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və TƏBİB sərgidə öz stendləri ilə iştirak edirlər.
Sərginin rəsmi açılış mərasimində Azərbaycan Respublikasının Milli Məclisin Səhiyyə Komitəsinin sədri Əhliman Əmiraslanov, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev, səhiyyə nazirinin müavini Rasim İsmayılov, TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov, “Caspian Event Organisers” şirkətinin Baş direktoru Fərid Məmmədov çıxış edib.


Milli Məclisin Səhiyyə Komitəsinin sədri Əhliman Əmiraslanov “Medinex” sərgsinin Azərbaycanda artıq ənənəyə çevirildiyini xüsusi vurğulayıb və bu tədbiri səhiyyənin inkişafı baxımından faydalı hesab edib:

“Demək olar ki, hər il biz belə bir sərgiyə toplaşırıq və bu tədbirdə Azərbaycanın səhiyyə sahəsində çalışan klinikalarının, xəstəxanalarının rəhbərləri, yüksək ixtisaslı mütəxəssislər iştirak edir. Mənə elə gəlir ki, bu, son dərəcə faydalı bir tədbirdir. Fürsətdən istifadə edərək ki, bildirmək istəyirəm ki, biz mütəmadi olaraq Tibbi Sığorta haqqında Qanuna dəyişiklik edirik. Bütün ölkə üzrə məqsədyönlü iş aparılır. Millət vəkilləri olaraq bölgələrdə əhali ilə görüşlərdə də vətəndaş məmnunluğunun səhiyyə sahəsində artdığının şahidi oluruq. Azərbaycan səhiyyə sahəsinin keyfiyyətinin yüksəldilməsi yalnız icbari tibbi sığortanın tətbiqi ilə bağlıdır”.

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev bildirib ki, dövlət başçısının rəhbərliyi ilə səhiyyə sahəsində həyata keçirilən islahatlar nəticəsində tibbi xidmətlərin keyfiyyəti və əlçatanlığı artıb:

“İcbari tibbi sığorta sistemi bu islahatların əsas dayaqlarından biridir. Hər il artıq 5 milyondan çox vətəndaş icbari tibbi sığortanın təqdim etdiyi xidmətlərdən yararlanır. Sevindirici haldır ki, ötən illər ərzində icbari tibbi sığorta təminatına daha çox xidmət əlavə olunub və olunmağa davam edəcək. Xidmətlər Zərfi ilə əhatə olunan xidmətlərin sayı 81% artırılaraq 3315-ə çatdırılıb.

Bu artımlar yalnız rəqəmlərlə ölçülmür. Bütün bu göstəricilər vətəndaşların tibbi xidmətlərə daha bərabər və maliyyə yükü olmadan çıxış imkanının genişlənməsi deməkdir. Hər bir vətəndaşın maliyyə narahatlığı olmadan, vaxtında aldığı tibbi yardım və sağlam həyata qayıdışı ən böyük uğurumuzdur. 2025-ci ildə də əsas məqsədimiz Xidmətlər Zərfini əhalinin ehtiyaclarına uyğun təkmilləşdirmək, həmçinin resept əsasında yazılan dərmanları sığorta hesabına qarşılamaqdır".


TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov çıxışında bildirib ki, müasir texnologiyaların səhiyyədə tətbiqi daha çevik, səmərəli və şəffaf idarəetmə mexanizmləri formalaşdırır, pasiyent məmnuniyyətini artırır və xidmətlərin keyfiyyətini yüksəldir:


“TƏBİB olaraq biz yalnız tibbi xidmətlərin təşkilinə deyil, həm də innovasiyaların, sosial məsuliyyətin və dövlət-özəl əməkdaşlığının inteqrasiyasına əsaslanan layihələrin reallaşdırılmasına xüsusi önəm veririk. Bu istiqamətdə həyata keçirilən bir sıra yeniliklər arasında Cənubi Qafqazın ən böyük Robotik Reabilitasiya Mərkəzinin yaradılmasını xüsusi qeyd etmək istərdim. Bu mərkəz ən müasir texnologiyalar vasitəsilə reabilitasiya xidmətlərinin səviyyəsini yüksəldəcək və pasiyentlərin bərpa prosesini daha səmərəli edəcək.


Digər mühüm istiqamət kimi təcili və təxirəsalınmaz tibbi yardım sistemində aparılan yeniliklər göstərilə bilər. Çağrı mərkəzlərinin modernləşdirilməsi, rəqəmsal idarəetmə sistemlərinin tətbiqi və logistik imkanların təkmilləşdirilməsi sayəsində bu xidmətin effektivliyi əhəmiyyətli dərəcədə artırılıb”.


Hazırda Azərbaycan ilə yanaşı, Belarus, Cənubi Koreya, Çin, Misir, Oman, Özbəkistan, Polşa, Qazaxıstan, İtaliya, Rusiya Federasiyası, Türkiyə və Ukraynadan 80-ə yaxın şirkət sərgidə iştirakını təsdiq edib. Bu il “Medinex” sərgisinə xarici iştirakçıların marağı daha da artıb. İtaliya, Misir, Oman və Ukrayna “Medinex” sərgisində milli pavilyonlarla təmsil olunurlar. Bu, Azərbaycanda səhiyyə sahəsinə artan beynəlxalq marağın göstəricisidir və müxtəlif ölkələrin bu sahədə əməkdaşlıqda maraqlı olduqlarını nümayiş etdirir.

Sərginin əhatə etdiyi bölmələr tibbi avadanlıq və cihazlar, tibbi xidmətlərdə informasiya texnologiyaları, tibbi ləvazimatlar və istehlak materialları, əczaçılıq, vitaminlər və bioloji aktiv əlavələr, ortopedik cihazlar və avadanlıqlar, protez texnologiyaları və dəstəkçi cihazlar, stomatoloji avadanlıqlar, alətlər və xidmətlər, optik və oftalmoloji avadanlıqlar, uşaq tibbi avadanlıqları və ixtisaslaşmış xidmətlər, innovativ laboratoriya avadanlıqları və texnologiyaları, farmasevtik istehsal avadanlıqları və hazır həllər, tibb müəssisələri və apteklər üçün mebel, tibbi təhsil və hazırlıq, sağlam həyat tərzi üçün həllər, tibbi nəqliyyat və təcili yardım xidmətləri və s. ibarətdir.
Sərgi çərçivəsində gözəllik sahəsini əhatə edən "Beauty Azerbaijan" sektoru üzrə məhsul və xidmətlər nümayiş olunur.


Bununla yanaşı, “Medinex 2025” çərçivəsində sosial korporativ məsuliyyət layihəsi kimi qanvermə aksiyası keçirilir. Bu xeyriyyə təşəbbüsü Bakı Ekspo Mərkəzinin foyesində fəaliyyət göstərən qanvermə məntəqəsində 30 oktyabr - sərginin ilk günü təşkil olunmuşdur. Aksiya “Medinex” sərgisinin təşkilatçılarının təşəbbüsü ilə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB), Hemofiliyalı Xəstələrin Assosiasiyası və Respublika Klinik Xəstəxanasının Qan Bankı tərəfindən birgə həyata keçirilir. Tədbirin məqsədi cəmiyyət arasında donor mədəniyyətinin təşviqi, eyni zamanda ehtiyacı olan pasiyentlərə real yardım göstərməkdir. Sərginin bütün iştirakçıları və ziyarətçiləri bu nəcib xeyriyyə təşəbbüsünə qoşularaq sosial həmrəyliyə öz töhfəsini verə və ehtiyacı olan uşaqlara dəstək göstərə bilərlər.


Ziyarətçilərə yalnız tibbi texnologiyaların nümayişi deyil, həm də praktiki biliklərin paylaşılacağı maraqlı və faydalı təlim təqdim olunacaq. Sərginin ilk və son günü həyati əhəmiyyət daşıyan “İlkin Tibbi Yardım Təlimi: BLS (Təməl Həyata Dəstək) – Hər Kəs Üçün” adlı təlim keçiriləcək.
Təlimdə ilkin tibbi yardımın düzgün göstərilməsinin insan həyatında oynadığı rol və bu biliklərin hər bir fərd üçün vacibliyi barədə praktik və maarifləndirici məlumatlar paylaşılacaq. Təlim zamanı iştirakçılar təhlükəsiz və effektiv ilkin yardımın əsas prinsipləri ilə tanış olacaqlar. Bu təlimin məqsədi – təcili vəziyyətlərdə düzgün reaksiya vermə bacarığını artırmaq, tibbi savadlılığı gücləndirmək və cəmiyyətin sağlamlıq təhlükəsizliyinə töhfə verməkdir.

Üç gün ərzində təqdimat zonasında təşkil ediləcək "Hüceyrə və gen terapiyası", "Beyin törəmələrinin müalicəsində yeni üfüqlər", "Endokrinologiya. Şəkərli və şəkərsiz diabet" adlı ekspert sessiyaları, “Hemofiliyanın Multidisiplinar Müalicəsi”nə dair seminar, "Revmatologiya bu gün", "Müasir onkomammologiyada onkoplastik cərrahiyyə anlayışı", "Koqnitiv pozuntu və depressiya" adlı keys sessiyaları, "Onurğa əyrilikləri, skolioz, kifoz və lordozun 3D ölçülü SCHROTH üsulu ilə müalicəsi", "Uşaq kardiologiyasında genetika - elmdən praktikaya" adlı təqdimatlar, "İnvaziv radiologiya - TAVI", "Tibbi xidmətlərin inkişafında keyfiyyətin idarəolunması və infeksion nəzarət", "İrsi onkoloji sindromlar" adlı panel müzakirələri tibbin mühüm mövzularını diqqət mərkəzində saxlayacaq.


Eyni zamanda sərgi çərçivəsində “Kalgari–Kembric modeli: İlkin konsultasiyanın beynəlxalq standartları” mövzusunda maraqlı seminar da keçiriləcək. Seminar zamanı ilkin pasiyent konsultasiyası prosesində beynəlxalq təcrübələr və müasir yanaşmalar təqdim olunacaq. Eləcə də, "Pasiyentin səyahət xəritəsi: Müasir Özəl Klinikaların İdarəedilməsinin Əsasları" adlı mövzusunda seminar baş tutacaq. Bu seminarlar xaricdən dəvət olunmuş ekspertlər tərəfindən keçiriləcək.


“Medinex 2025” sərgisi səhiyyə mütəxəssislərini bir araya gətirən səmərəli müstəvidir. Sərgi səhiyyə sahəsində fəaliyyət göstərən şirkətlər və peşəkarlar üçün unikal imkanlar təqdim edir. Burada iştirakçılar həkimlər, klinikalar, distributorlar və investorlarla birbaşa ünsiyyət quraraq yeni tərəfdaşlıqlar formalaşdırmaq fürsəti əldə edirlər. Bundan əlavə, sərgi çərçivəsində B2B və B2G görüşləri vasitəsilə yerli və beynəlxalq əməkdaşlıqlar üçün konkret perspektivlər açılır.

MEDİCİNA.AZ