"İnsult erkən aşkar edildikdə qarşısı alına bilən və müalicə edilə bilən bir xəstəlikdir."
Medicina.az xəbər verir ki, türkiyəli nevroloq Mansur Ala insultun daimi əlilliyin və ölümün üçüncü əsas səbəbi olduğunu vurğulayıb.
Dr. Ala izah edib ki, insult beyində qan damarının tıxanması və ya yırtılması nəticəsində yaranır:
"Bədənin bir tərəfində zəiflik, uyuşma, nitq pozğunluğu, yeriyə bilməmə və ya ağız əyriliyi kimi simptomlarla özünü göstərən ən çox yayılmış insult növü "işemik insult"dur. İşemik insultlar bütün insultların 80-85 faizini təşkil edir. Qan damarının yırtılması nəticəsində yaranan hemorragik insultlar halların 10-15 faizində müşahidə olunur."
Ala insult hallarında erkən müdaxilənin vacibliyini vurğulayaraq, xəstələrin simptomları hiss edən kimi təcili yardıma zəng etməli və mümkün qədər tez xəstəxanaya çatdırılmalı olduqlarını bildirib:
"İlk 4-6 saat ərzində müraciət edən xəstələr venadaxili laxta həlledici müalicə ala bilər və angioqrafiya ilə tıxanmış arteriyalar açıla bilər".
Ala hipertoniya, diabet, yüksək xolesterol, siqaret çəkmə və spirtli içki istifadəsinin insult üçün ən əhəmiyyətli risk faktorları arasında olduğunu vurğulayaraq, müntəzəm dərman qəbulunun, aktiv həyat tərzinin və sağlam qidalanmanın insultun qarşısının alınmasında əsas rol oynadığını əlavə edib.
Dr. Ala aşağıdakı xəbərdarlıqları edib:
"Qəfil nitq pozğunluğu, görmə itkisi, bədənin bir tərəfində keyləşmə və ya zəiflik, tarazlığın itirilməsi, ürəkbulanma və qusma kimi simptomlar hamısı insult əlamətləridir. Belə hallarda su tökmək və ya dərman vermək kimi düzgün olmayan müdaxilələrdən çəkinin."
Aygün
Medicina.az