Vaksinlər gələcəkdə xərçəngə səbəb olacaqmı? - Alimdən AÇIQlAMA

  • 2021.03.16 16:02
  • 1779 Baxış
Vaksinlər gələcəkdə xərçəngə səbəb olacaqmı?  - Alimdən AÇIQlAMA

Koronavirus əleyhinə peyvəndlərin klinik tədqiqatlarında göstərildiyi kimi, əks təsirlər ən çox inyeksiyadan sonrakı 1-3 gün ərzində görünür. Bu əlamətlərə inyeksiya yerində qızartı, ağrı, şişkinlik və ya indurasiya daxildir. Hərarət, baş ağrısı, əzələ və oynaq ağrılarının olması da mümkündür. Əlavə reaksiyalar isə nadir hallarda qeydə alınır.

Bu yaxınlarda Amerika istehsalı olan “Moderna” peyvəndi vurduran bəzi xəstələrdə vaksinasiyadan 4-11 gün sonra meydana gələn dəri iltihabıyla əlaqədar hesabat yayımlanıb. Bildirilib ki, ağırlaşmalar antihistaminiklər və hormonal antiinflamatuar məlhəmlərlə asanlıqla aradan qaldırılıb. Bununla birlikdə, bəzi insanlar koronavirus əleyhinə peyvəndlərin mənfi təsirlərinin olacağından hələ də narahatdır.

Medicina.az pubılika.az istinadən xəbər verir ki, əczaçılığın inkişafı üzrə mütəxəssis, biomühəndis, kimya üzrə fəlsəfə doktoru, “İnbio Ventures” fondunun elmi ekspertiza rəhbəri İlya Yasnov vaksinlə bağlı ən çox narahatlıq doğuran fərziyyələrə münasibət bildirib.

“Əgər RNT koronavirus parçaları olan mRNA peyvəndlərindən danışırıqsa (buraya “Pfizer” və “Moderna” peyvəndləri daxildir), onlara COVID-19-un törədicisinin genetik maddəsi daxil olmur. “Sputnik V” və “AstraZeneca” kimi, adenovirus vektor peyvəndləri isə genetik fraqmentlərini hüceyrələrin nüvələrinə daşıyırlar. Lakin nə koronavirus, nə də adenovirus insan DNT-sinə inteqrasiya etmə qabiliyyətinə sahibdir.

Yəni belə bir “əməliyyat” üçün hansısa mexanizm yoxdur. Ümumiyyətlə, hazırda bilinən və yayılmış çox az sayda infeksiya agenti genoma inteqrasiya edə bilir. Bunlardan ən məşhuru HİV-dir. Mövcud məlumatlara görə, bu, koronavirusa xas deyil”.


Daha sonra ekspert yeni növ - mRNA peyvəndləri və adenovirus vektor peyvəndlərinin xərçəngin inkişafına səbəb olması barədə yayılan fərziyyələrin əsassız olduğunu qeyd edib:

“Nəzəri olaraq, peyvəndlərin komponentləri insan DNT-sinə daxil edilərsə, bu, mümkün olardı. Ancaq bu, mümkün deyil. Üstəlik, məlumdur ki, adenoviral vektorlar ilk dəfə təcrübə üçün 20 ildən çox əvvəl istifadə edilib. O vaxtdan bəri adenovirusun tətbiqi ilə onkoloji xəstəliklərin inkişafı arasında əlaqənin təsdiq olunduğu hadisə qeydə alınmayıb.

Hər halda COVID-19 vaksinlərindəki adenoviral hissəciklərin dəyişdirildiyini və çoxalmağa qadir olmadığını anlamaq vacibdir. Həm bu elementlər, həm də peyvənd zamanı antikorların istehsal olunduğu koronavirus fraqmentləri immun sistemimiz tərəfindən tez və geridönməz şəkildə məhv edilir. Odur ki, xərçəng əleyhinə peyvəndlərin uzunmüddətli əks təsirləri praktik olaraq istisna olunur. Ümumiyyətlə, peyvənddən sonrakı reaksiyalar həftə yarımdan iki həftəyə qədər görünməyibsə, daha uzunmüddətli nəticələrin olması ehtimalı azdır. Bəli, dünyada COVID-19-a qarşı kütləvi peyvənd kampaniyaları bu yaxınlarda başlayıb, ancaq elmi və tibbi ədəbiyyatda peyvəndin uzunmüddətli mənfi təsirlərindən biri belə qeyd olunmayıb”.

İlya Yasnov bildirib ki, peyvəndlərin otoimmun xəstəliklərin inkişafına səbəb olması barədə fikirlər peyvənd əleyhinə dairələrdə geniş yayılıb:

“Lakin heç bir elmi araşdırma bu əlaqəni təsdiqləməyib. Peyvənd əleyhdarları bəzi elmi işlərə istinad edirlər, əslində kiçik və zəif aparılmış bir araşdırma olduğu ortaya çıxır, bu nəticələrə elmi baxımdan etibar etmək üçün səbəb yoxdur”.