Xaricdən dərman limiti ayrı-ayrı xəstəlikləri nəzərə alıb qoyulmalıdır – Alqoloq həkim

  • 2022.12.17 15:49
  • 1283 Baxış
Xaricdən dərman limiti ayrı-ayrı xəstəlikləri nəzərə alıb qoyulmalıdır  – Alqoloq həkim

Bir müddətdir ki, Azərbaycanda dərman böhranı yaşanır. Lazımi dərmanlar tapılmır, qiymətlər Türkiyə və qonşu ölkələrdən 5-10 dəfə bahadır. Hətta deputatlar öz dərmanlarını xaricdən alır, amma ölkəyə keçirəndə problem yaşadıqlarını bildirir.


İnsanlar ucuz olduğu üçün 3-4 aylıq dərmanlarını xarici ölkələrdən gətirir və ya gətizdirir. Lakin şəxsi istifadə üçün xaricdən gətirilən dərmanlara limit qoyulması məsələsi artıq Milli Məclisin İqtisadi Siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında müzakirə edildikdən sonra vətəndaşların artıq özlərinə də dərman gətirmələrinin çətinləşəcəyi düşünülür.

Dövlət Gömrük Komitəsi (DGK) sədrinin 1-ci müavini Şahin Bağırov Səhiyyə Nazirliyi ilə birgə iş aparıldığını qeyd edib.
Bəs bu qərar qüvvəyə minsə, insanlar hansısa problemlə üzləşə bilərlərmi?

Məsələ ilə bağlı invaziv ağrı mütəxəssisi, “Ankara” klinikasının baş həkimi Zülfüqar Yusifov Bakupost.az-a açıqlama verib. O, xaricdən gətirilən dərmanlara limit qoyulması ilə bağlı öz yanaşmasının olduğunu qeyd edib:

“Keyfiyyətli dərmanların axtarışındayıq. Onun büdcəyə uyğun olması da vacib şərtlərdəndir. Bu baxımdan da insanlar səfərdə olanda çalışır ki, xəstəliklərinə uyğun dərmanlar alsınlar. İndi belə müzakirələrin ortaya çıxmasının pozitiv tərəfi var. Limitli də olsa, xəstəliklərin müalicəsi üçün bu dərmanların vətəndaşlar tərəfindən qanuni şəkildə əldə edilməsinə imkan yaradılır. Bu özü yaxşı haldır. Burada bir ölçü vahidi qoyulması olduqca mürəkkəbdir. Vətəndaş bundan bir neçə məqsədlə də istifadə etmək niyyətində ola bilər.

Bu gətirilmələr zamanı böyük ehtimalla həkim resepti və sənədlərə söykənmək yaxşı olar. Elə xəstəliklər var ki, ona görə olan dərmanlardan il ərzində davamlı olaraq istifadə olunmalıdır. Ona görə də, ayrı-ayrı xəstəliklərə söykənərək qərar vermək lazımdır. Bəzi davamlı istifadə olunan dərmanlara yanaşma bir qədər səthi ola bilər. Digər qısa müddətdə, epizodik istifadə üçün nəzərdə tutulan dərmanlara isə başqa qaydalar, başqa limit qoyula bilər. Hesab edirəm, burda ciddi problem yaranmayacaq”.