Xərçəng xəstələri necə qidalanmalıdır? – Həkim tövsiyəsi

  • 2024.04.24 16:36
  • 546 Baxış
Xərçəng xəstələri necə qidalanmalıdır? –  Həkim tövsiyəsi
Son illərdə müalicə üsullarında əhəmiyyətli irəliləyişlər olsa da, xərçəng xəstələrinin gündəlik həyat keyfiyyətini artırmaqda qidalanmanın xüsusi rolu var.

Medicina.az xəbər verir ki, qidalanma və pəhriz mütəxəssisi Aybala Akkülah xərçəng xəstələrinə qidalarla orqanizmi dəstəkləmək, müalicə ilə bağlı əks təsirlərlə mübarizə aparmaq və immunitet sistemini gücləndirmək üçün mühüm tövsiyələr verib.

Həmin tövsiyələri təqdim edirik:


Yüksək keyfiyyətli züllalla zəngin qidalara üstünlük verin!

Zülallar bədənin toxumaları yenidən bərpa etməsinə gücləndirməsinə kömək edir. Əzələ parçalanmasının qarşısını almaq və toxuma bərpasını dəstəkləmək üçün hər yeməkdə zülal istehlakı təmin edilməlidir.

Pəhrizinizə yumurta, toyuq, balıq, qırmızı ət, paxlalılar, süd və süd məhsulları kimi yüksək keyfiyyətli zülal mənbələrini daxil edin.


Az-az və tez-tez yeyin!

Müalicə səbəbiylə ürəkbulanma, iştahsızlıq və ya həzm problemi yaşayırsınızsa, bu problemlərdən təsirlənməmək və kifayət qədər enerji əldə etmək üçün yeməkləri az miqdarda, ancaq kiçik fasilələrlə yeyin.

Tərkibində yüksək enerji olan çərəzlər və quru meyvələri qəlyanaltı kimi istehlak edə bilərsiniz.


Balanslı qidalanın!

Bədənin sağalma prosesi zamanı lazımi qidalar istehlak edilməlidir. Buna görə balanslı bir pəhriz yaratmaq vacibdir. Hər yeməkdə zülal, sağlam yağlar, kompleks karbohidratlar, lif, vitaminlər və minerallar olan müxtəlif qidalar istehlak edilməlidir.


Bəzi qidaları rasionunuzdan çıxarın!

Müalicə müddətində yan təsirləri minimuma endirərək daha rahat qidalana bilmək üçün xüsusilə şəkərli qidalardan, işlənmiş ətlərdən, duzlu, yağlı və qızardılmış qidalardan, tərkibində kofein və alkoqol olan içkilərdən uzaq durmaq lazımdır. Dərmanlara görə ağızda həssaslıq yarana biləcəyi üçün limon, pomidor, ədviyyat, acı qidalar kimi turşu səviyyəsi yüksək olan məhsullardan da uzaq durmaq məsləhətdir.

Bundan əlavə, qreypfrut, nar və kivi istehlakından çəkinmək lazımdır, çünki onlar kimyaterapiya dərmanlarının təsirini dəyişə bilərlər.


Tərəvəz və meyvəyə üstünlük verin!

Sitrus meyvələri, tünd yaşıl yarpaqlı tərəvəzlər və qırmızı meyvələr kimi antioksidanlarla zəngin qidalar hüceyrə zədələnməsini azaltmağa və sağlam hüceyrələri qorumağa kömək edir. Rəngarəng meyvə və tərəvəzlər vitaminlər, minerallar və liflə zəngindir.
İmmunitet sistemini gücləndirmək və antioksidant qəbulunu artırmaq üçün hər gün mövsümə uyğun meyvə və tərəvəzlərdən istifadə etməyi unutmayın.


Sadə karbohidratları həyatınızdan çıxarın!

Karbohidrat istehlakı xərçəng müalicəsi zamanı artan enerji ehtiyacını ödəmək üçün vacibdir. Kompleks karbohidratlar daha yavaş həzm olunur və qan şəkərini balanslaşdırır. Ağ çörək və ağ düyü kimi sadə karbohidratlar əvəzinə tam taxıl, qəhvəyi düyü və tam buğdalı makaron kimi sağlam karbohidrat mənbələrini seçin.


Kifayət qədər maye istehlak etdiyinizdən əmin olun!

Xərçəngin müalicəsi zamanı su istehlakı son dərəcə vacibdir. Su bədəndə nəmlənməni təmin edir və toksinlərin çıxarılmasına kömək edir. Bundan əlavə, müalicə prosesində qəbul edilən dərmanların laızmsız hissələrinin bədəndən yuyulması üçün bol su istehlak etmək çox vacibdir. Müalicə prosesində bol su ilə yanaşı, təzə sıxılmış meyvə şirələri və sevdiyiniz şorbalar da içərək maye qəbulunu dəstəkləyə bilərsiniz.


Müalicənin əks təsirləri ilə mübarizə aparın!

Müalicə səbəbiylə iştahsızlıq, dad dəyişməsi və ya ürəkbulanma kimi yan təsirlərlə mübarizə aparmaq üçün yumşaq və asanlıqla çeynənən qidalar, eləcə də yüksək enerjili qidalar seçə bilərsiniz. Məsələn, yüksək kalorili smuzilər və ya zülal tərkibli qəlyanaltılar istehlak edə bilərsiniz.

Ancaq tətbiq olunan müalicələrə görə kökəlməyə başlamısınızsa, sağlam qidalanma proqramına başlamaq və məşq rutininizi qurmaq üçün həkim və dietoloqla məsləhətləşməlisiniz.


Aysel