Xəzər dənizi quruyur, balıqlar kütləvi tələf olur -SOS

  • 2022.08.30 15:33
  • 2783 Baxış
Xəzər dənizi quruyur, balıqlar kütləvi tələf olur   -SOS

“Xəzərin suyunun azalması ilə bağlı məsələ bir sıra alimlər tərəfindən uzun zamandır araşdırılır.


Müəyyən edilib ki, tarixən Xəzərin səviyyəsi dəfələrlə dəyişib. Bəzən dənizin səviyyəsi çox yüksək olub. Hətta Azərbaycanın cənub bölgəsində Xəzərin suları dəmiryol xəttinə qədər uzanıb. Lakin sonradan sular geri çəkildi. Hazırda isə Xəzərin səviyyəsinin yenidən enməsinin şahidi oluruq”.


Bu fikirləri Bakupost.az -a açıqlamasında Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədr müavini, millət vəkili Asim Mollazadə deyib.

O, Xəzərdə suyun səviyyəsinin azalmasının bir sıra səbəbləri olduğunu diqqətə çatdırıb:

“Qazaxıstan istiqamətində Xəzər sularının çəkilməsi nəticəsində balıqlar kütləvi şəkildə ölüb. Bunun bir sıra səbəbləri var. Səbəblərdən biri kimi seysmik aktivlik qeyd olunur. Yəni, Xəzərdəki bir sıra vulkanlar bu və ya digər formada dənizin səviyyəsinə təsir göstərir. Bununla yanaşı çaylarla bağlı böyük problemlər mövcuddur.

Məsələn, Xəzərə daxil olan Volqa çayında müəyyən stansiyalar, bir sıra dambalar quraşdırılıb. Ona görə də Xəzərə gələn çayların suyu ciddi şəkildə azalıb. Biz bunu Kür çayında da müşahidə edirik. Bütün çaylar boyu suvarma sistemləri quraşdırılıb. Bu da çaylarda suyun səviyyəsinin azalmasına təsir edir. Ona görə də Azərbaycan və bir sıra Xəzəryanı ölkələr kompleks tədbilər həyata keçirməlidir. Məsələyə elmi nöqteyi-nəzərdən çox ciddi yanaşmaq lazımdır".

Millət vəkili əlavə edib ki, bu istiqamətdə beynəlxalq təşkilatlarla müəyyən əməkdaşlıq qurulmalı, alimlər, mütəxəssislər problemin həll yollarını müəyyən etmək üçün səfərbər olmalıdır:


"Söhbət təkcə Xəzərdən getmir, eyni zamanda bir sıra göllərin də quruması çox ciddi məsələdir. Buna misal olaraq, Urmiya gölünün quruması, həmçinin Aralıq dənizinin suyunun azalmasını göstərmək olar. Konkret olaraq bir sıra su hövzələrində araşdırma aparıb, problemin həlli yollarını tapılmaq lazımdır ki, gələcəkdə su ehtiyatı ilə bağlı daha ciddi problemlər yaranmasın”.


Fərid
Baku Post