“Mərkəzdə Uşaq cərrahiyyəsi, Kardiovaskulyar cərrahiyyə şöbələrinin yaradılması da gündəmdədir”.
"Medicina" xəbər verir ki, Respublika Pediatriya Mərkəzinin direktoru Azər Əhmədov Pediatriya mərkəzinin necə fəaliiyyət göstərməsindən danışıb.
" Respublika Pediatriya Mərkəzi TƏBİB-in Müşahidə Şurasının qərarı ilə 6 aprel 2024-cü ildə Bakı şəhərində fəaliyyət göstərən 8 xəstəxananın birləşməsi ilə yaradılıb. Mərkəzin yaradılmasında əsas məqsəd pediatrik xidmətin təkmilləşdirilməsi, multidisiplinar yanaşmanın təmini, modern tibbi müayinə və müalicə metodlarının tətbiq edilməsi olub.
Hazırda isə Mərkəzin nəzdində 9 xəstəxana - Ə.Qarayev adına Uşaq Klinik Xəstəxanası, Uşaq Bərpa Mərkəzi, Nərimanov Uşaq Klinik Xəstəxanası, Nərimanov Uşaq Yoluxucu Xəstəliklər Xəstəxanası, Yasamal Uşaq Klinik Xəstəxanası, Uşaq Nevroloji Xəstəxanası, Sabunçu Uşaq Yoluxucu Xəstəliklər Xəstəxanası, Nizami Uşaq Yoluxucu Xəstəliklər Xəstəxanası, Bakı Dəmir Yolu Xəstəxanası (2025-ci ilin mart ayından etibarən) fəaliyyət göstərir.
- Mərkəzin yaradılmasından sonra qısa müddət ərzində xaricdə, eləcə də ölkədə təhsil alan yüksək ixtisaslı mütəxəssislərin tibb müəssisələrində fəaliyyətə başlamasına çalışmışıq və hesab edirəm ki, artıq müəyyən maliyyətlərimiz var.
Tabeli tibb müəssisələrinin hər birində bütün dərman vasitələri yenilənib və müasir protokollara uyğunlaşdırılıb.
Tibb müəssisələrində Qəbul şöbələri kimi fəaliyyət göstərən şöbələrin istiqamətləri dəyişib və onlar Təcili tibbi yardım şöbələri olaraq yenidən formalaşdırılıb.
Ə.Qarayev adına Uşaq Klinik Xəstəxanasında Yenidoğulmuşların reanimasiyası şöbəsi fəaliyyətə başlayıb. Şöbə neonatal dövrdə rast gəlinən ağır, həyati risk daşıyan vəziyyətlərin vaxtında diaqnostika və müalicəsini mümkün edərək, körpələrin həyatını xilas etmək baxımından mühüm əhəmiyyət daşıyır. Müasir standartlara cavab verən 25 çarpayıdan ibarət şöbə 7 küvəz, 1 isidici çarpayı, 1 tunel tipli fizioterapiya cihazı, 2 süni ventilyasiya aparatı, eləcə də portativ rentgen və ultrasəs müayinəsi üçün nəzərdə tutulmuş cihazlarla təchiz olunub.
Məlumat üçün bildirim ki, şöbədə vəziyyəti kritik, ağır və orta ağır qiymətləndirilən 173 yenidoğulmuşa tibbi xidmət göstərilib. Aparılan reanimasiya tədbirləri nəticəsində vəziyyəti ağır və orta ağır qiymətləndirilən 171 yenidoğulmuşun həyatını xilas etmək mümkün olub.
Eyni zamanda Mərkəzin bütün tabeli tibb müəssisələrində ən son texnoloji avadanlıqlarla təmin edilən müasir Laboratoriya şöbələrində işlər yekunlaşmaq üzrədir. İlkin mərhələdə 200-dən çox laborator xidmət vətəndaşların ixtiyarına veriləcək.
Hədəflərimiz böyükdür. Tibbi xidmət çeşidliliyini artırmaq istiqamətində tədbirləri davam etdiririk, məqsədimiz yeni şöbələrin və xidmətlərin yaradılmasıdır. Hazırda Uşaq cərrahiyyəsi, Kardiovaskulyar cərrahiyyə şöbələrinin yaradılması gündəmdədir. Həmçinin endo-kolonoskopik müayinə, bronxoskopiya, invaziv radiologiya və s. kimi tibbi xidmətlər də planlarımız arasındadır".
MEDİCİNA.AZ