10 ayda 77 milyondan çox xidmət göstərmişik- TƏBİB rəsmisi

  • 2025.11.27 16:48
  • 68 Baxış
10 ayda 77 milyondan çox xidmət göstərmişik - TƏBİB rəsmisi



"TƏBİB tabeli tibb müəssisələrində 2025-ci ilin yanvar-oktyabr ayları üzrə müraciət dinamikası ölkədə səhiyyə xidmətlərinə tələbatın artmaqda olduğunu göstərir".

"Medicina" xəbər verir ki, bunu TƏBİB-in İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentinin rəhbəri Zamirə Ədilova deyib.

O bildirib ki, bu dövrdə 21 milyon 41 min 253 müraciət, 77 milyon 404 min 977 xidmət, 309 min 812 cərrahi əməliyyat və 32 milyon 752 min 991 laborator müayinə icra olunub:

"Hazırda TƏBİB tərəfindən xidmət əlçatanlığının artırılması və keyfiyyətin yüksəldilməsi üçün bir sıra layihələr həyata keçirilir".

Z.Ədilova qeyd edib ki, ilkin səhiyyə xidmətlərinin gücləndirilməsi istiqamətində genişmiqyaslı institusional işlər aparılır:

"Mövcud idarəetmə, maliyyələşdirmə, kadr potensialı və infrastruktur üzrə aparılan təhlillər əsasında "İlkin tibbi-sanitariya yardımının təkmilləşdirilməsinə dair Konsepsiya Sənədi" hazırlanıb.

Layihə güclü ilkin tibbi-sanitariya yardımının qurulması, profilaktikaya və sağlamlaşdırıcı tədbirlərə yönəlik səhiyyə sisteminin yaradılmasını, əhalinin sağlamlıq problemlərinin vaxtında aşkarlanması və onlara ən yaxın ərazidə həll olunmasıı hədəfləyir. Artıq pilot olaraq layihənin Bərdə rayonunda icrasına başlanılıb".

Z.Ədilovanın sözlərinə görə, regionlarda cərrahi və anestezioloji xidmətlərin inkişafı da diqqət mərkəzindədir:

"Zəruri cərrahiyyə və anesteziya xidmətlərinin təşkili üzrə Yol Xəritəsi" 2030-cu ilə qədər ölkənin müxtəlif ərazilərində nevroloji, ürək-damar, protezləmə və digər yüksək texnoloji cərrahi xidmətlərin əlçatanlığını artırmaq, eləcə də regionlara ixtisaslı kadrların cəlbi və davamlı tibbi təhsil proqramlarının tətbiqi məqsədini daşıyır.

Layihə 2015-ci ildə Londonda ÜST və BMT-nin dəstəyi ilə təsis edilən "Qlobal cərrahiyyə 2030" üzrə Lanset Komissiyasının müəyyən etdiyi hədəflərə uyğun olaraq reallaşdırılır. Sözügedən komissiyanın hədəfi dünyada bütün insanların təhlükəsiz, əlçatan və sərfəli cərrahi xidmətlərə çıxışını təmin etməkdir."

Departament rəhbəri vurğulayıb ki, TƏBİB tərəfindən cərrahiyyə və anesteziyanın inkişafı üzrə yol xəritəsi hazırlanır:

"2028-ci ilə qədər ölkə üzrə 44 əsas zəruri cərrahi prosedura, 2030-cu ilə qədər isə regional səviyyədə daha çox (90 prosedur) xidmətə çıxışın təmin edilməsi nəzərdə tutulur. Bundan əlavə 2030-cu ildən TƏBİB mərkəzlərində yüksək texnoloji və intensiv terapiya tələb edən ixtisaslaşmış cərrahi xidmətlərin (neyrocərrahiyyə, ürək, protezləmə, bariatrik və s.) təşkili təmin olunacaq".

MEDİCİNA.AZ