10 dəfə artıb... - Qızılca və göy öskürək XƏBƏRDARLIĞI

  • 2024.04.24 15:15
  • 980 Baxış
10 dəfə artıb... -  Qızılca və göy öskürək XƏBƏRDARLIĞI
Avropa İttifaqı (Aİ) daxilində fəaliyyət göstərən Avropa Xəstəliklərin Qarşısının Alınması və Nəzarəti Mərkəzi (ECDC) üzv ölkələrdə qızılca və göy öskürək hallarının ciddi şəkildə artdığını bəyan edib.

Medicina.az xəbər verir ki, ECDC üzv ölkələrə peyvənd protokollarına ciddi əməl edilməli olduğu barədə xəbərdarlıq edib.

“Euronews” yazır ki, ECDC-nin direktoru Andrea Ammon peyvəndlə qarşısı alına bilən xəstəliklərin səbəb olduğu ölüm nisbətlərində əhəmiyyətli bir azalma olmasına baxmayaraq, onların əhali arasında yayılmağa davam etdiyini vurğulayıb.
"Bu xəstəliklər xüsusilə həssas insanlara əzab verir”, - Ammon qeyd edib.

ECDC-nin məlumatlarına görə, 2023-cü ildə Avropa İttifaqında qızılca hadisələrinin sayı artmağa başlayıb.

2023-cü ilin martından 2024-cü ilin fevral ayının sonuna qədər ən azı 5 770 qızılca halı və beş ölüm faktı qeydə alınıb.

Bildirilir ki, qızılca olduqca asanlıqla yayıldığı üçün vəziyyət xaotik hal alır. Belə ki, bir qızılca xəstəsi 12-18 nəfəri yoluxdura bilər.

Qızılca xəstəliyinin ötürülməsini dayandırmaq üçün əhalinin ən azı 95 faizi peyvəndin iki dozasını almalıdır.

2023-cü ilin ortalarından etibarən Aİ-də yüksək yoluxucu respirator infeksiya olan göy öskürək hallarında da böyük artım müşahidə olunub. ECDC-nin ilkin məlumatları 2022 və 2021-ci illərlə müqayisədə 2023 və 2024-cü illərdə göy öskürək hallarının 10 dəfə artdığını göstərir.

Hər iki halda peyvənd oluna bilməyən yeni doğulmuş körpələr və gənc uşaqlar ən ağır nəticələrə məruz qalır.

Peyvəndin zəruriliyini vurğulayan ECDC direktoru bunun peyvənd olunanları qorumaqla yanaşı, çox kiçik və ya immunitet sistemi zəif olduğu üçün kifayət qədər doza ala bilməyən qrupa da kömək edəcəyini bildirib.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bildirir ki, 2020-2022-ci illər arasında Avropa regionunda 1,8 milyondan çox körpə qızılcaya qarşı peyvənd şansından məhrum olub. Covid-19 epidemiyası, tədarük zəncirindəki fasilələr, resursların koronavirusla mübarizəyə yönəldilməsi və peyvənd xidmətlərini məhdudlaşdıran karantinlər bir çox uşağın qızılca peyvəndindən məhrum olması ilə nəticələnib.


Aysel