12 noyabr - Dünya Pnevmoniya ilə mübarizə günüdür

  • 2021.11.12 16:13
  • 1684 Baxış
12 noyabr - Dünya Pnevmoniya ilə mübarizə günüdür

Noyabrın 12-si Ümumdünya Sətəlcəmə qarşı Mübarizə Günüdür.

Medicina.az xəbər verir ki, bu beynəlxalq gün tibbi təqvimə uşaq sətəlcəminə qarşı Qlobal koalisiyanın təşəbbüsü ilə salınıb.

Sətəlcəm kəskin infeksiya xəstəliklərinə aid edilir. Orqanizm infeksiyaya ən çox hava-damcı yolu ilə yoluxur. Müxtəlif növ viruslar, bakteriyalar və göbələklər pnevmoniyanın törədiciləri ola bilər. Sətəlcəmin əlamətləri onu doğuran səbəblərdən, xəstənin yaşından və sağlamlıq vəziyyətindən asılıdır. Xəstəlik kəskin keçir və ya aldadıcı formada inkişaf edir. Onun ağciyərdə ağırlaşması daha çox yaşlılarda və immuniteti zəif uşaqlarda müşahidə olunur.


Ağciyər sətəlcəmi qripəbənzər əlamətlərlə kəskin respirator virus infeksiyaları fonunda inkişaf edir. “Özünümüalicə” zamanı temperaturu aşağı salan preparatlar qəbul edərkən sətəlcəmin yaranma riski və digər ağırlaşmalar artır. Bu, infeksiyanın tənəffüs yolları ilə aşağı yayılmasına və ağciyərlərdə infeksiya mənbələrinin yaranmasına səbəb olur.


Sətəlcəm bütün dünyada yetkinlik yaşına çatmayanlar arasında ölümün başlıca səbəbidir, ilk növbədə, məhz uşaqlar bu xəstəlikdən əziyyət çəkirlər. Hər il xəstəlik beş yaşadək 1,1 milyon uşağın həyatına son qoyur. Bu, QİÇS, malyariya və qızılcadan ölənlərin birgə statistik göstəricisindən çoxdur. Sətəlcəm hər yerdə yayılsa da, ondan daha çox Cənubi Asiya və Afrika ölkələrindəki uşaqlar əziyyət çəkirlər.



2009-cu ildə Ümumdünya Səhiyyə Təşkilatı UNICEF-lə birgə “Pnevmoniyanın profilaktikası və xəstəliyə qarşı qlobal fəaliyyət planı”nı elan edib. Həmin planın məqsədi uşaqların müdafiəsi üzrə kombinə edilmiş tədbirlərlə sətəlcəmlə mübarizəni, xəstəliyin profilaktika və müalicəsini fəallaşdırmaqdır. Ümumdünya Sətəlcəmə qarşı Mübarizə Gününün rəmzi sayılan mavi rəng səmanın, təmizliyin və xəstələnmə hallarının ümumi səylər nəticəsində minimuma endiriləcəyinə bəslənilən ümidi əks etdirir.

Azərbaycanda yoluxucu xəstəliklərə qarşı mübarizə dövlət siyasətinin sosialyönümlü prioritet istiqamətlərindən biridir. Ölkə rəhbərliyinin bilavasitə dəstəyi ilə bu sahədə mühüm tədbirlər həyata keçirilib. İndi Avropanın inkişaf etmiş ölkələrində olduğu kimi, Azərbaycanda da 11 yoluxucu xəstəlik – qızılca, məxmərək, parotit, difteriya, göyöskürək, tetanus və başqa xəstəliklər əleyhinə planlaşdırılmış şəkildə aparılan peyvəndləndirmə tədbirləri ölkədə bütün uşaqları əhatə edir. Həmin tədbirlər nəticəsində, həmçinin immunlaşdırma işlərinin daim təkmilləşdirilməsi və immunoprofilaktika sayəsində infeksion xəstəliklərə tutulma hallarının azaldılması istiqamətində sabit dinamika əldə olunub. /aztibb.az/