17 may - Dünya Hipertoniya ilə Mübarizə Günü - Yüksək təzyiqin səbəbləri

  • 2022.05.17 15:38
  • 5593 Baxış
17 may - Dünya Hipertoniya ilə Mübarizə Günü  - Yüksək təzyiqin səbəbləri

Ümumdünya Hipertoniya ilə Mübarizə Günü 17 may 2006-cı il tarixdə Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən elan edilib və bütün dünyada qeyd olunur.



Dünyada arterial hipertoniyadan 1,5 milyard insan əziyyət çəkir və onların demək olar ki, yarısının öz xəstəliyindən xəbəri yoxdur. Bunu nəzərə alaraq, bu gün əhali xəstəliklə mübarizədə mühüm rol oynayan profilaktik tədbirlər, eyni zamanda xəstəliyin diaqnostika və müalicəsinə dair məlumatlandırılır.



Qeyd edək ki, arterial təzyiqin (AT) normal göstəriciləri: 100-140/60-90 mm. civə sütunudur. Arterial hipertoniya və ya hipertenziya xəstəliyi diaqnozunun qoyulması üçün arterial təzyiqin davamlı olaraq yüksək olması tələb olunur. Qan təzyiqinin yüksəlməsi böyük risk amilidir. Müalicənin əsasını həyat tərzinin dəyişdirilməsi təşkil edir. Bunlara mütəmadi fiziki aktivlik, artıq çəkinin azaldılması, sağlam qidalanma, alkoqol istifadəsinin və tütünçəkmənin dayandırılması, duz və kofein istifadəsinin məhdudlaşdırılması daxil edilir. Həyat tərzinin dəyişdirilməsi ilə əksər xəstələrdə arterial təzyiqi normallaşdırmaq və ya aşağı salmaq mümkündür.



Hipertoniya – yüksək təzyiq xəstəliyidir. Əgər bu problem yarandısa, çox zaman xroniki hala keçir və insan ömür boyu onunla mübarizə aparıb, dərmanlarını qəbul edir.


Çox zaman səhvən elə bilirlər ki, təzyiqin səbəbi baş və ya ürəklə bağlıdır. Əslində isə hər təzyiq xəstəsinin öz səbəbi var.
Medicina.az arterial təzyiqin normadan yüksəlməsinin 3 əsas səbəbi və inkişaf mexanizmini təqdim edir.

Bütün təzyiq xəstələrinin məlumatlanması vacibdir ki, öz təzyiqlərinin səbəbini bilsinlər.


Hələ 3-4 il əvvələ kimi tibb təzyiqdən əziyyət çəkən xəstəyə birinci şikayətdən sonra müəyyən sinfə məxsus və bir qədər yüngül tərkibli dərman təyin edirdilər. O effektsiz olduqda isə başqa dərmana keçirdilər, beləcə sadəcə dərmanlar və dozaları dəyişirdi.


Zamanla bu yanaşma və müalicənin yanlış olduğu, həkimi də, xəstəni də çarəsiz vəziyyətə gətirdiyi sübut olundu.


Təzyiq mədədə yara xəstəliyi deyil ki, konkret müalicə protokolu və buna uyğun müasir bir neçə dərmanı verib yaranın vəziyyətinə baxasan.


Təzyiq xəstəsində hər pasiyentinin özünün səbəbi, mexanizmi və fərdi tənzimləyici sxemi var. Ona uyğun dərman seçmək isə çətindir.
Xəstədə təzyiqin nədən qaynaqlandığını və 3 mexanizmdən hansının baş verdiyini tapıb, ona uyğun müalicə seçilməlidir.


Beləliklə, yüksək təzyiqin 3 əsas yaranma mexanizmi var.

1. Adrenalin əsaslı – simpatik adrenalin

2. Böyrək – renin anqiotenzin

3. Duz-maye balansı

1. Adrenalin mexanizmində səbəbkar orqan böyrəküstü vəziləridir. Onların hasil etdiyi adrenalin miqdarı və ürək-damar sisteminə təsirindən təzyiq yüksələ bilər.

Bu təzyiqin xarakter əlamətləri:

- Daha çox gənc yaşlılarda olur
- Təzyiqin ancaq yuxarı həddi – yəni sistolik təzyiq yüksəlmiş olur
- Ürək ritmi, nəbz sürətlənir
- Ürək müayinəsində ürək atımı yüksəkdir
- Ovuclar, dabanlar buz kimi olur
- Nevroz, təşvişli, emosional, gərgin olurlar
- Təzyiqlərinin qalxdığını ürəkdə narahatlıqla hiss edirlər – sıxılma, yanma, döyüntünün artması, çırpınma

Necə müalicə edilir:

İlk olaraq beta adrenoblokator dərmanlarla (bisoprolol, metoprolol və s) başlanılır. Bu sinifdən olan dərmanlar adrenalinin ürəyə atışını blok edir. Böyrəküstü vəzilər həmişəki kimi adrenalini yüksək hasil etsə də, ürək bunu görmür, hiss etmir.

Beta blokatorlar bəzən bronx spazm, öskürək, kişilərdə cinsi disfunksiya, ereksiya pozulması yaradır. Ona görə gənc, yeni evlənən, ata olmağa hazırlaşan kişilərə ehtiyatla təyin edilir.

Həyat tərzi:

Dərmandan əlavə müntəzəm fiziki iş, idman, iş və istirahət rejiminin tənzimlənməsi, zərərli vərdişlərdən imtina, yaxşı yuxu, gəzmək





2. Böyrək mənşəli mexanizm – böyrəklərdə hasil olan renin adlı hormonun hiper çoxluğundan təzyiqin yüsksəlməsidir. Renin damarların tonusunu çox artırır.

Əsas əlamətləri:

- Orta yaşda insanlarda çox olur
- Həm sistolik – yuxarı, hər də diastolik aşağı təzyiq artır
- Nəbz normada olur
- Ürək USM-də normaldır
- Daban və əllər istidir, normaldır
- Xəstə təzyiqinin artdığını başında, ənsədə ağrı, sıxılma ilə hiss edir

Necə müalicə olunur:

APF ingibitorları – enalapril, ramipril və s və ya sartanlar – valsartan, azilsartan ilə başlayır. Effekt olmadıqda kalsium antaqonistləri əlavə olunur: Ampodipin, felodipin və s. Bu dərmanlar rininin damarlara təsirini azaldır

Kriz zamanı nə etməli:

Dil altına kaptopril dərman qoyulur.


3. Bədəndə artıq mayenin toplanması, su duz maye balansının pozulması

Bu təzyiqin əlamətləri:

- Pasiyentlər 50-60 yaş üzəri olur
- Həm aşağı, həm yuxarı təzyiq rəqəmləri, daha çox yuxarı göstərici artır
- Puls normadadır
- ürək atımı fraksiyası UZİ-də aşağı sərhəddədir
- Daban və oruclar istidir
- Piylənmə, bel hissənin ölçüsünün artması
- Ayaqlarda, əldə şişkinlik, ödem
- Xəstə adətən başında sıxılma, yanma, gözlərdə ağrı, yəni başdan təzyiqinin qalxdığını hiss edir

Necə müalicə edilir:

- Əsas dərmanlar sidikqovuculardır – hidroxlortiazid, torasemid – bunlar digər sinif dərmanlarla birgə təyin edilir

- Xörək duzu, duzlu qidalar, alkoqol, şəkər, yağların qəbulu azaldılır

Kriz zamanı hər hansı güclü sidikqovucu içilir. Məsələn: furasemid.

Klassik təzyiq inkişafı: əvvəl bir az gənc yaşda adrenalin mexanizmi ilə başlayır, sonra buna böyrək qoşulur, gec mərhələdə maye durğunluğu olur.

Hazırda bir xəstədə eyni zamanda 2 mexanizmin olması aşkarlanması halları çoxdur. Buna qarışıq hipertenziya deyilir.

Ona görə də hər təzyiq xəstəsinin dərmanı, müalicəsi eyni ola bilməz.