200 uşaqda tapılan “Sirli Hepatit” Azərbaycana gələcəkmi? - Professor Musa Qəniyevdən cavab

  • 2022.05.06 18:20
  • 2252 Baxış
200 uşaqda tapılan “Sirli Hepatit” Azərbaycana gələcəkmi?   -  Professor Musa Qəniyevdən cavab

“Son aylar Avropada uşaqlarda diaqnoz olunan kəskin hepatitə ona görə sirli deyirlər ki, yoluxmuş uşaqlarda, hazırda elmə məlum olan hepatit virusların heç birinin diaqnostik biomarkeri aşkar edilmir. Yəni törədicisi naməlumdur. ÜST-ün məlumatına görə, ilk dəfə aprel ayının 2-də Şotlandiyada qeydə alınan bu infeksiyaya, hazırda 200 uşağın yoluxduğu bildirilir. Bu infeksiya amilinin SARS-CoV-2, Adenovirus, Omikron və ya naməlum bir virus olduğu ehtimal olunur.


Bu ehtimalların heç birinin (adenovirus faktoru xaric) aşağıdakı səbəblərdən elmi əsası yoxdur”.


Bakupost.az xəbər verir ki, bunu professor Musa Qəniyev sirli hepatitin səbəbləri barədə açıqlamasında deyib.


“Əvvəla, Sirli Kəskin Hepatit nozoloji vahid kimi, ilk dəfə bu ilin aprel ayında yox, 2021-ci ilin oktyabr ayının 8-də ABŞ-ın Alabama ştatında qeydə alınıb. Lakin 18 yoluxma halının heç birində SARS-Co-2 virusu aşkar edilməyib. 8 halda isə patogen adenovirus serotipi aşkarlanıb.


Odur ki, Sirli Hepatitə Covid 19 və ya onun mutantlarının səbəb olma ehtimalı yoxdur.


Digər tərəfdən, Omikron ştammına xüsusən yanvar və fevral aylarında istər uşaq, istərsə də böyük, hamı yoluxub. Patogenliyi yüksək olmadığından, hepatositlər, şərti patogenlərə münasibətdə olduğu kimi, Omikron ştammına qarşı da nisbi inertlik göstərir. Odur ki, Omikron mutantlarının Sirli Kəskin Hepatit törətmə ehtimalı sıfır faizdir.


Bu səbəbdən, Sirli Hepatitə Omikronun səbəb olma ehtimalını xüsusilə vurğulayıb, insanları qorxutmaq yolverilməzdir.
İndi qalır hamıya maraqlı olan reallıq. Reallıq makro və mikroorqanizmlər arasında simbioz birgə yaşayışın süni yolla uzun müddətə əngəllənməsidir. İnfeksiyanı tətikləyici amil isə, şübhəsiz ki, adenoviruslar ailəsinin Ad 40/41 serotipləridir. Nəyə görə?


Əvvəla, yüngül hepatit əlamətləri, uşaqlarda müxtəlif virus infeksiyalarından sonra, geniş yayılmış bir haldır. Qarında ağrı, qusma, diareya kimi əlamətlər, o cümlədən immun çatışmazlığına tutulmuş uşaqlarda nadir hallarda da olsa, kəskin hepatit törətmə, yalnız Ad 41 adenovirus serotipinə xasdır. Son molekulyar təhlildə də, Sirli Hepatitə 74 yoluxma halında, adenovirusun Ad 41 serotipi aşkarlanmışdır.




Digər tərəfdən, bu infeksiyaya əsasən 2-6 yaş arasında uşaqlar yoluxur və doğuşdan sonrakı ilk 6 ayda körpələr buna tutulmur. Sonuncuya səbəb, ilk 6 ayda uşaqlarda transplasentar immunitetin olmasıdır. Bu hal infeksiyanı tətikləyən amilin adenovirus təbiətli olmasının birbaşa sübutudur. Çünki, məhz ilk 6 ayda körpələr adenovirus koloniyası ilə ilkin olaraq qarşılaşır. Bu dövrdə ətraf mühitlə birbaşa kontaktın süni olaraq pozulması, immun sistemdə passiv hipoaktivlik yaratdığından, transplasentar immunitetin sönməsi və tipə spesifik immunitetin yaranması səbəbindən, ilkin uşaqlıq yaş dövründən (2 yaş) başlayaraq, F40/41 serotipdən olan adenovirus ştammının kəskin hepatit törətmə ehtimalı elmi cəhətdən tam əsaslıdır.


Adenovirus əsaslı Sirli Kəskin Hepatitin bizim körpələr və uşaqlar üçün heç bir qorxusu yoxdur və belə bir infeksiya, Azərbaycanda heç bir vaxt olmayacaq. Bunun səbəbi, bizim körpələrin adenovirus kolonyası ilə kontaktının zaman tarixinin çox erkən olmasıdır. Belə ki, bu infeksiyanın yayıldığı məlum ölkələrdən fərqli olaraq, bizim körpələr anadan olub, palataya gətirildiyi andan başlayaraq, adenovirusların əksər serotiplərilə birbaşa kontaktda olurlar. Yəni bu körpəni ilk növbədə ana və ata, sonra babalar və nənələr, daha sonra isə bütün yaxın qohumlar öpür. Analoji hal, uşaq məktəbin hazırlıq sinfinə gedənə qədər, yəni 6 yaşa qədər dövrü olaraq davam edir”.


Aygün Musayeva