TƏBİB-in dəstəyi ilə Bakı şəhərində 8-ci Azərbaycan-Alman-Türk Tibb Konqresi və 13-cü Bakı Beynəlxalq Tibbi Təlim Günləri keçirilib.
Medicina.az bildirir ki, konqres Azərbaycan Minimal İnvaziv Cərrahlar Cəmiyyəti (AMİCC) tərəfindən təşkil olunub və ölkənin tibb ictimaiyyəti üçün mühüm elmi-praktik platformaya çevrilib.
Tədbirdə TƏBİB-in İcraçı direktorunun müavini Araz Nəsirov, Azərbaycan Minimal İnvaziv Cərrahlar Cəmiyyətinin prezidenti Qurbanxan Müslümov, Milli Məclisinin Səhiyyə komitəsinin üzvü, millət vəkili Müşfiq Məmmədli, İlham Məmmədov, o cümlədən xəstəxana direktorları, aparıcı professorlar, həkimlər, hüquqşünaslar və digər rəsmi şəxslər iştirak edib.
Konqres çərçivəsində minimal invaziv cərrahiyyənin aktual mövzuları, müasir müalicə yanaşmaları, səhiyyədə hüquqi məsuliyyət və etik çərçivələr, eləcə də tibbi səhvlərlə bağlı açıq və geniş müzakirələr aparılıb.
Canlı cərrahi əməliyyatların nümayişi, elmi məruzələr və interaktiv sessiyalar vasitəsilə iştirakçılar həm nəzəri biliklərini, həm də praktik yanaşmalarını dərinləşdirmək imkanı əldə ediblər.
Konqresin elmi proqramı laporoskopik, torakoskopik və endoskopik prosedurlar üzrə müasir protokolları, əməliyyatönü, əməliyyatdaxili və əməliyyatsonrası dövrlərin idarə olunmasını, eləcə də cərrahi müdaxilələrdən sonrakı klinik nəticələrin optimallaşdırılmasını əhatə edən təqdimat və çıxışlarla zəngin olub.