Rusiyanın Yekaterinburq şəhərində 98 yaşlı kişidə HİV (İİV – İnsan İmmunçatışmazlığı Virusuna) yoluxma halı qeydə alınıb. Məlum olub ki, yaşlı şəxs artıq qeydiyyatda olan HİV daşıyıcısı bir qadınla qorunmasız cinsi münasibətdə olub.
“Medicina” xəbər verir ki, bu, Rusiyada bu virusa cinsi yolla yoluxmuş ən yaşlı pasiyent hesab olunur.
Həkimlərin sözlərinə görə, kişi özü QİÇS-lə Mübarizə Mərkəzinə müraciət edib. Əvvəlcə mütəxəssislər onun virusu xəstəxana şəraitində, ehtimal ki, iynə və ya tibbi alətlə yoluxduğunu düşünsələr də, yaşlı şəxs yoluxmanın dəqiq mənbəyini bildiyini deyib:
“O dedi: “Mən necə və kimdən yoluxduğumu dəqiq bilirəm” – və bir müddətdir tanıdığı qadının adını çəkdi”, – həkim bildirib.
Yaşlılar arasında HİV halları artır
Mütəxəssislər bildirirlər ki, Rusiyada son illər yaşlı nəslin nümayəndələri arasında HİV-ə yoluxma hallarında artım müşahidə olunur. Bu fakt yaşla bağlı qorunma ehtiyacının azaldığı və maarifləndirmənin yetərsiz olduğu cəmiyyətlərdə ciddi təhlükə yaradır.
Hazırda Rusiyada təxminən 1,3 milyon insanın HİV daşıyıcısı olduğu ehtimal edilir.
Mütəxəssislər yaşından asılı olmayaraq, qoruyucu tədbirlərdən istifadə etməyin və mütəmadi tibbi yoxlamaların vacibliyini bir daha vurğulayırlar.
Aygün Musayeva