ABŞ-ın məşhur nəşri Rusiyanın vaksin yalanını ortaya çıxartdı

  • 2020.11.16 13:49
  • 2952 Baxış
ABŞ-ın məşhur nəşri Rusiyanın vaksin yalanını ortaya çıxartdı

Con Kohen
Sciencemag.org

Qərbin “BioNTech” və “Pfizer” şirkətləri koronavirus əleyhinə sınaqdan keçirdikləri vaksinin 90%-dən çox effekt verdiyini açıqlayandan dərhal sonra Rusiya “Sputnik V” vaksininin 92% effekt verdiyini bəyan edib. Amerikanın ən nüfuzlu elmi nəşrlərindən olan “Science” (“Elm”) jurnalında Rusiyanın bu bəyanatının şübhə doğurduğu haqda yazı dərc olunub.


“Science” jurnalı qeyd edir ki, onun COVİD-19 barədə bu yazısı Pulitzer Mərkəzi və Heising-Simons Fondunun məlumatlarına əsaslanır.


Yeni bir gün və yeni bir COVİD-19 vaksini. “Pfizer” və “BioNTech” şirkətlərinin hazırladığı vaksinin 90%-dən çox effekt verməsi xəbəri çoxlarını sevindirdi. Bundan cəmi iki gün sonra Rusiya institutlarından biri vaksin sınağında böyük uğur qazandığını elan etdi. Amma rusiyalı alimlərin məruzəsi təəccüb və açıq-aşkar istehza doğurur.

Rusiyada hazırlanan “Sputnik V” vaksininin 92% effekt verdiyini Moskvadakı Qamaleya Milli Epidemiologiya və Mikrobiologiya Mərkəzi açıqlayıb. Mərkəz öz press-relizində bildirib ki, “Sputnik V”nin 92% effekt verməsi Rusiyada davam edən irimiqyaslı sınaq prosesinin aralıq təhlili zamanı bilinib.

Press-relizdə Rusiyanın səhiyyə nazirinə istinad edilib. Nazir “Sputnik V” vaksinin koronavirus infeksiyasının qarşısının alınmasında effektiv həll yolu olduğunu bildirib. Bununla belə qeyd edilib ki, təhlil vaksin və plasebo vurulmuş qruplardan yalnız 20 adamı əhatə edib (COVİD-19 virusuna yoluxmuş adamlardan söhbət gedir). Bəzi rusiyalı və xarici ekspertlər isə hesab edirlər ki, bu, 92% iddiasının inandırıcı olması üçün çox azdır.

Onlar bunu deyərkən xatırladırlar ki, “Pfizer” və “BioNTech” şirkətləri öz vaksinlərinin effektivliyi barədə iddianı irəli sürməzdən öncə 94 yoluxma halını təhlil edib. Alimlərin fikrincə, hər hansı potensial vaksini qiymətləndirmək üçün həmin vaksin 50 və ya daha çox yoluxmada effekt verməlidir.

Moskvada fəaliyyət göstərən hüquqşünas Svetlana Zavidova bildirir: “Qamaleya Mərkəzinin açıqlamasını izah etmək çox çətindir”.

Svetlana Zavidova Rusiya Klinik Tədqiqatlar üzrə Təşkilatlar Assosiasiyasının rəhbəri kimi ölkədə COVİD-19 əleyhinə vaksinlə bağlı aparılan elmi araşdırmaları yaxından izləyir.

Zavidova belə deyir: “Qorxuram ki, onlar “Pfizer” şirkətinin nəticələrini gözdən keçirib sadəcə üzərinə 2% əlavə ediblər”.

Gələcəkdə istehsal ediləcək vaksinlərin dizaynını yaxşılaşdırmağa çalışan “Human Vaccines Project” qeyri-kommersiya təşkilatının rəhbəri Veyn Koff əlavə edir ki, Rusiya vaksini “qoxu testi”ndən keçməyib. (Qamaleya Mərkəzinin mətbuat katibi “Science” jurnalının bununla bağlı sorğusunu cavabsız qoyub.)



Qamaleya Mərkəzinin Rusiya Birbaşa İnvestisiya Fondunun dəstəyilə hazırladığı vaksində praym-bust strategiyası kimi tanınan iki fərqli immunogendən istifadə edilib. Hər iki immunogen genlərin çatdırılması “vektorları” kimi zərərsiz hesab edilən adenoviruslara əsaslanır: tədqiqatçılar COVİD-19 infeksiyasına səbəb olan SARS-CoV-2 virusunun səthi zülalı üçün geni tutmaq məqsədilə onları genetik modifikasiyaya məruz qoyublar. Koronavirusun “mismar zülalı” adlanan səthi zülalı üçün vektor kimi ilk immunogendə adenovirus 26-dan (Ad26), ikinci immunogendə isə adenovirus 5-dən (Ad5) istifadə edilib. Press-relizdə təsvir olunan 20 yoluxma halı 40 min nəfərin cəlb olunduğu araşdırma zamanı seçilmiş 16 min nəfərin arasında aşkar edilib. İştirakçılar orqanizmlərinə Ad26 immunogeni daxil edildikdən 21 gün sonra Ad5 imunogenini qəbul etmək üçün sınaqların keçirildiyi əraziyə qayıtdıqda onlarda COVİD-19 virusunun olub-olmadığı təhlil edilib.

Veyl Kornel Tibb Kollecinin vaksin tədqiqatçısı Con Mur deyir: “ABŞ-ın Qida və Dərman Administrasiyası cəmi 20 yoluxma halına aid olan bir hesabatı qəbul etməzdi”.

Con Mur “Sputnik V” vaksininin 92% effekt verməsi haqda açıqlamanı “Putinologiya” adlandırır. Bunu deyəndə o, Rusiya prezidenti Putini nəzərdə tutur. Mur soruşur: “Rusiya nəyə görə bunu edir?” Və öz sualına belə cavab verir: “Bu, beynəlxalq vaksin yarışıdır. Rusiyalılar başqa ölkələrdəki rəqibləri ilə eyni səviyyədə görünmək istəyirlər. Qamaleya Mərkəzinin açıqlamasının tələsik verildiyi aşkar görünür. Amma bu hələ o demək deyil ki, açıqlama yanlışdır”.

Qamaleya Mərkəzinin press-relizində bildirilib ki, araşdırma zamanı hər hansı ciddi əks-təsir aşkar edilməyib. Ancaq Fred Hatçinson Xərçəng Araşdırmaları Mərkəzində çalışan vaksin tədqiqatçısı Culi Makelrat Ad5 vektorunun onu narahat etdiyini deyir. Makelrat ötən ay “The Lancet” jurnalında dərc olunan açıqlamanın müəlliflərindən biridir. Həmin açıqlamada Ad5-dən COVİD-19 vaksinlərində immunogen kimi istifadə edilməsinə görə narahatlıq ifadə olunub. Çünki Ad5 13 il əvvəl HİV vaksini üzərində aparılmış araşdırmalar zamanı baş verən bədbəxt hadisə ilə əlaqələndirilir. 13 il əvvəl sınaq zamanı vaksin vurulmuş şəxslərdə HİV infeksiyasına yoluxma səviyyəsi plasebo qəbul etmiş qrupun nümayəndələri ilə müqayisədə daha yüksək olub və bu problemə görə əsas şübhəli element Ad5 vektoru sayılıb. “Şübhəsiz, pandemiyanı aradan qaldırmaq üçün bizə bir neçə vaksin strategiyası lazımdır. Ona görə də mən 13 ildən sonra sonra əlavə məlumatların açıqlanacağı günü səbirsizliklə gözləyirəm” deyə Makelrat vurğulayır.

Rusiyanın tənzimləyici orqanları sentyabrda, “Sputnik V” vaksini üzrə effektivlik sınağı başlamazdan bir ay əvvəl Qamaleya Mərkəzinin hazırladığı vaksinə razılıq verərəkən bu çox ciddi mübahisə doğurmuşdu. Çünki tənzimləyici orqanlar vaksinin tək klinik sınaqda iştirak edənlərə deyil, başqa şəxslərə də vurulmasına razılaşmışdı. Qamaleya Mərkəzinin press-relizində qeyd edilib ki, vaksindən Rusiyada fəaliyyət göstərən xəstəxanaların “qırmızı zonaları”nda, yəni səhiyyə işçiləri və digər yüksək risk qruplarında istifadə olunub. Press-relizdə bildirilib ki, rəsmi icazə veriləndən bəri vaksin 10 min nəfərə vurulub. “Vaksindən klinik sınaqlardan kənarda mülki qaydada da istifadə edilib və effektin 90%-dən yuxarı olduğu təsdiqlənib” – Qamaleya Mərkəzi bu iddianı hər hansı fakt təqdim etmədən irəli sürüb.

Uzun illər ABŞ Milli Səhiyyə İnstitutlarının QİÇS vaksini bölməsinə rəhbərlik etmiş Koff bildirir ki, Rusiya vaksininin effektivliyi haqda iddia maraqlı olsa da, onu yoxlamaq çətindir, çünki “Pfizer” və “BioNTech” şirkətləri kimi Qamaleya Mərkəzi də öz press-relizini dəstəkləmək üçün məhdud məlumat açıqlayıb. O, həmçinin qeyd edir ki, istər Qamaleya Mərkəzi, istərsə də Rusiya hökuməti vaksini beynəlxalq normalara – effektivlik sınaqları və vaksinin təsdiqi üzrə normalara uyğunlaşdırmağa çalışmayıb.

“Pfizer” və “BioNTech” şirkətləri, o cümlədən bir çox digər şirkət sınaq protokollarını ictimaiyyətə açıq elan etsə də, Qamaleya Mərkəzi bunu etməyib. Zavidova bildirir ki, Qamaleya Mərkəzinin araşdırması ilə bağlı məlumatlar Rusiyanın dövlət reyestrindən çox səhiyyə institutlarının internet səhifələrindən əldə edilib. Dövlət reyestrində hər hansı geniş məlumat verilməyib, sadəcə bu protokolun adı qeyd olunub.

Press-relizdə Qamaleya Mərkəzinin rəhbəri Aleksandr Gintsburq növbəti həftələrdə Rusiya ərazisində COVİD-19 virusu əleyhinə kütləvi vaksinasiyanın həyata keçiriləcəyini vəd edib. Qamaleya Mərkəzinin hazırladığı vaksin kütləvi şəkildə istifadəyə verilərsə, Zavidova Rusiyada COVİD-19 infeksiyasına yoluxmanın sürətlə artdığını nəzərə alıb ondan istifadə edəcəkmi? “Xeyr” – Zavidova suala belə cavab verir və deyir: “Mən hələ bir az da gözləyəcəm”.


İngilis dilindən tərcümə - Novator.az