ABŞ, İsrail, İsveçrə, İtaliya və digər ölkələrdən olan beynəlxalq alimlər qrupu modifikasiya olunmuş “Toksoplasma gondii”dən (qan-beyin baryerini keçə bilən protozoa paraziti) istifadə edərək, beynin əlçatmaz nahiyələrinə dərmanların çatdırılmasına nail olublar.
Medicina.az xəbər verir ki, tədqiqatın nəticələri “Nature Microbiology” elmi jurnalında dərc olunub.
Bilidirilib ki, qan-beyin maneəsi beyinə heç bir hidrofilik və ya böyük molekulları buraxmır, bu da beyin xəstəliklərinin müalicəsi üçün dərmanların çatdırılmasına mane olur.
Toksoplazma Yer kürəsində demək olar ki, bütün istiqanlı orqanizmlərdə yaşayır. Bu orqanizmlər qan damarlarını beyin toxumasından və mərkəzi sinir sistemindən ayıran qoruyucu membrana nüfuz edə bilirlər. Əksər hallarda orqanizmdə Toksoplazmanın olması canlının sağlamlığına təsir göstərmir, lakin bəzi hallarda parazitlər toksoplazmoz adlanan infeksiyaya səbəb ola bilər.
Yeni bir araşdırma çərçivəsində alimlərdən ibarət komanda Rett sindromu adlı nadir nevroloji xəstəliyi müalicə etmək üçün beynə zülal çatdırmaq məqsədilə yenidən konfiqurasiya edilmiş Toksoplazmanın genetik cəhətdən dəyişdirilmiş nümunələrini hazırlayıb. Bu xəstəlik beynin inkişafına təsir göstərir və demək olar ki, həmişə MECP2 genindəki mutasiyalar səbəb olur.
Alimlər süni orqanizmi laboratoriyada yetişdirilmiş insan beyin toxuması və canlı siçanlar üzərində sınaqdan keçiriblər. Testlər göstərib ki, Toksoplazma ilə ötürülən zülallar MECP2-nin təsirini dəyişdirə bilir və minimal iltihaba səbəb olur.
Bu tapıntıların nevroloji xəstəliklərin müalicəsində irəliyə doğru yeni yol açacağı ehtimal edilir.
Aysel